Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:43

Uçan məktəblər və yeni tikilənlər…


Mehdili kənd tam orta məktəbi
Mehdili kənd tam orta məktəbi

Aprelin 20-də Bərdə rayonu Mehdili kənd tam orta məktəbinin binasının bir hissəsinin uçduğu bildirilir. Yerli saytların məlumatına görə, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, ötən ilin oktyabrında əvvəlcə həmin məktəbin binasının idman zalının bir hissəsi uçub və tədris yaxınlıqdakı dəmir vaqonlarda davam etdirilib.

Habelə bildirilir ki, bu il martın 31-də Cəlilabad rayonunun Musalı kənd məktəbinin sinif kimi istifadə olunan dəhlizinin divar və döşəməsinin bir hissəsi uçub. Elə həmin gün Azərbaycan Baş Prokurorluğu da açıqlama yaydı ki, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbin divarı çöküb. Təmir işləri aparan üç nəfərin də öldüyü açıqlandı. Amma həmin vaxt məktəbdə tədris olmamışdı.

Yanvarın əvvəlində isə yerli saytlarda Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbinin arxa otaqlardan birinin tavanın çökdüyü haqqında xəbərlər yayılmışdı.

"Bu binaların sayı 900-ə yaxındır"

Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə Təhsil Nazirliyi üzrə mərkəzləşdirilmiş alış, habelə xidmətlər, təmir və digər tədbirlər üçün 537.5 milyon manat vəsait ayrılıb.

Təhsil Nazirliyindən də "Turan"a bildirilib ki, Azərbaycanın bütün şəhər və rayonlarında tam yararlı olmayan məktəb binaları var: "Bu binaların sayı 900-ə yaxındır. Bu məktəblərin bəzilərinin əsaslı təmirə, bəzilərinin qəzalı olduğu üçün sökülüb-tikilməyə ehtiyacı var".

Qeyd olunub ki, onlar bunun planlı şəkildə araşdırmasını aparırlar: "Bütün məktəblərin eyni ildə, eyni anda düzəldilməsi mümkün deyil, maliyyə yükü böyükdür. Bu, yalnız addım-addım ola bilər. Hər dörd məktəbdən üçü təhsilə yararlı vəziyyətdədir".

" Hər il 100-ə qədər yeni məktəb…"

Bildirilib ki, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları ilə Azərbaycanda hər il 100-ə qədər yeni məktəb istifadəyə verilir: "Heydər Əliyev Fondu tərəfindən də məktəblər tikilir".

K.Əsədov
K.Əsədov

"Tikinti və təmir xüsusi nəzarətə götürülməlidir"

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, bu, çox ciddi bir problemdir.​ Ekspert hesab edir ki, orta təhsil məktəblərində tikinti və təmir işləri xüsusi nəzarətə götürülməlidir: "Çünki bu istiqamətdə ciddi şəkildə yeyintilərin olması ehtimal edilir. Burada çox ciddi şəkildə keyfiyyətsiz xidmətlərin göstərilməsi var".

O xatırladıb ki, tikinti normaları var: "Məktəblər azyaşlı uşaqların məkanıdır və hər bir məktəbin inzibati binası tikiləndən azı bu, 20-30 illik küləyə, yağışa və bütün kənar müdaxilələrə davamlı olmalıdır. Fərq etmir bu tikinti və ya təmirdir. İş keyfiyyətli olmalıdır".

XS
SM
MD
LG