Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:46

Mərkəzi Bankın son qərarının kreditlərə təsiri...


►Ekspertlər bu dəyişikliyi gözlənilən saysalar da, kredit və pul bazarına ciddi təsir göstərməyəcəyini söyləyirlər

Mərkəzi Bank (MB) fevralın 15-dən uçot dərəcəsini 5%-dək qaldırıb. Bunadək uçot dərəcəsi 3% idi.

MB 2012-ci ilin dekabrından uçot dərəcəsini azaltmaq siyasəti aparırdı.

Azərbaycanda bu dərəcənin ən yüksək dövrü 2008-ci (15%), ən az dövrü isə 2009-cu ildə olub (2%).

MB öz qərarını milli valyutaya inamı gücləndirmək, manat depozitlərini artırmağa həvəsləndirmək, pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq zərurəti ilə əsaslandırır.

“MB bu aləti mənasız vasitəyə çevirib”

“Uçot dərəcəsi” deyərkən, MB-nin kommersiya banklarına, başqa maliyyə qurumlarına verdiyi kredit dərəcəsi nəzərdə tutulur.

Ekspertlərin fikrincə, MB-nin bu addımı inflyasiyanın cilovlanmasını hədəf götürüb.

İqtisadçı ekspert Qubad İbadoğlu uçot dərəcəsi artımına səbəb kimi inflyasiyanı göstərsə də, bu addımın faydasına inanmadığını deyir:

“Formal dəyişiklikdir. Onsuz da kredit bazarına və pul bazarına ciddi təsirləri olmayacaq”.

Ekspertin fikrincə, MB bu aləti Azərbaycanda mənasız vasitəyə çevirib və burdakı dəyişikliyin ciddi təsir imkanı yoxdur.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“Bu addım kreditləri bahalaşdıracaq və...”

Ekspertin həmkarı Samir Əliyev milli valyutalar dəyər itirərkən, inflyasiya basqısını azaltmaq istəyən mərkəzi bankların uçot dərəcəsini yüksəltdiyini deyir:

“Bu baxımdan MB-nin uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi”.

S. Əliyevin fikrincə, bu qərar bir qədər gecikib:

“Çünki MB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb... Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlərdə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq”.

Ekspertin sözlərinə görə, belə pul siyasəti iqtisadi fəallığı artırmaqdan çox, qiymət artımının önünü kəsmək məqsədi güdür: “Bunu manata güvəni artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.

“Yəqin ki, yenə qaldıracaq”

Bank məsələləri eksperti Əkrəm Həsənov da qərarı gözlənilən sayır:

“İnflyasiya şəraitində MB-nin uçot dərəcəsini artırması təbiidir. Digər tərəfdən, MB banklara manat kreditləri vermədiyindən dövriyyədə manat çatmır. MB qorxur ki, banklar manatı dollara çevirər və beləliklə, valyuta ehtiyatları tam tükənər. Bu üzdən faiz dərəcəsini qaldırır ki, banklara manat kreditlərini baha versin və milli valyutanı dollara çevirmə ehtimalını azaltsın. Amma bunun üçün 5% azdır. Yəqin ki, yenə qaldıracaq”.

XS
SM
MD
LG