Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:50

Metyu Brayza: 'İndi hər şey Paşinyanın bu situasiyadan salamat çıxmasından asılıdır...'


Metyu Brayza
Metyu Brayza

2023-cü il 30 illik Azərbaycan-Ermənistan münaqişəsinin ən dramatik səhnəsi olub. "Dağlıq Qarabağ Respublikası" varlığını dayandırıb. Erməni əhali bu bölgəni, demək olar, tamamilə tərk edib. Hələ də qeyri-müəyyən qalan Azərbaycan-Ermənistan sərhədində silahlı eskalasiya riski də qalır. Bir neçə mərhələdə fəal olan danışıqlar prosesi sülh razılaşmasından əvvəlki qədər uzaqdır.

Bunları yazan AzadlıqRadiosu rus xidmətinin müxbiri Vadim Dubnovun qonağı isə hazırkı vəziyyətdən nikbindir.

Ceymstaun Fondu İdarə Heyətinin üzvü, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza bu ay Ermənistan və Azərbaycan arasında keçirilmiş məhbus mübadiləsindən heyranlıqla danışıb. O deyib ki, nə qədər çalışsa da, "Əl-Cəzirə", CNN və BBC kimi media nəhənglərini bu barədə böyük veriliş hazırlamağa sövq edə bilməyib.

Brayza bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin qarşısında duran başlıca maneə - Qarabağ separatçılığı aradan qalxıb: "Amma indi hər şey Paşinyanın bu situasiyadan salamat çıxmasından asılıdır. Mən onun seçkiləri uduzmasından qorxmuram. Mən düşünürəm ki, indi seçki keçirilsəydi, o, 2021-ci ildə olduğu kimi, yenə də qalib gələrdi. Amma fiziki varlıq baxımdan narahat olmağa əsas var. Biz tarixi bilirik, 1999-cu ildə Ermənistan parlamentində baş verən hadisəni unutmamışıq". (1999-cu ilin oktyabrında silahlılar Ermənistan Milli Məclisinə basqın edərək vəzifəli deputatları güllələmişdilər – red.)

M.Brayza deyib ki, o, məhz Ermənistandakı daxili risklərdən narahatdır: "Mən əminəm ki, ermənilərin əksəriyyəti sülh istəyir. Onlar başa düşürlər ki, "azərbaycanlılar döyüşməyi, ermənilər isə uduzmağı bacarmırlar", "Böyük Ermənistan" kimi düşüncələr tarixi mifdir. Məncə hazırda ermənilərin əksəriyyəti, çox sayda ermənilər bunu başa düşürlər. Amma buna inanmaq istəməyənlər, bundan pul və siyasi xal qazanmaq istəyənlər var. Amma düşünürəm ki, Paşinyan son dərəcə cəsarətli siyasətçidir və o, qərara gəlib ki, sonadək sülh istiqamətində gedəcək".

Qısa bilgi

2010-cu ildə Metyu Brayzanın Azərbaycana səfir təyin olunması birmənalı qarşılanmamışdı. Həmin il ABŞ Konqresində onun namizədliyi müzakirə ediləndə senator Barbara Bokser başda olmaqla bəzi senatorlar onu Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etməkdə təqsirləndirib müzakirəni təxirə salmışdılar. Azərbaycan isə bunu erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirirdi.

Brayza Bakıda təxminən ilyarım səfir postunda işləyib. O zaman prezident Barak Obama konqresmenlərə məhəl qoymayaraq onu müvəqqəti olaraq səfir kimi Bakıya göndərdi. Bu post bir ildən çox idi boş qalmışdı.

Brayzanın Bakıda qalması üçün onu Senat təsdiqləməli idi. O, 2011-ci ilin dekabrında Vaşinqtona qayıtmalı oldu, çünki Senat onu bu vəzifəyə təsdiqləmədən tətilə çıxdı.

Bu ilin noyabrında Metyu Brayza beynəlxalq analitiklər qrupunun tərkibində ADA Universitetinin və AIM Prezident Mərkəzinin qonağı kimi Bakıya gəlib. Səfərdə məqsəd "İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın gələcəyini müzakirə etmək" idi. Səfər zamanı o, prezident İlham Əliyevin keçirdiyi qəbulda da olub.

"Azərbaycanlıların Sünikə qayıdışı söhbəti konstruktiv deyil"

- Qarabağ bir vaxtlar "Madrid tənliyi"nin bir hissəsi idi, amma indi bunun əvəzində Bakı erməni qaçqınların qayıtmasını azərbaycanlıların Ermənistan ərazisinə - Sünikə qayıtması ilə bağlayır. Bu, dialoqun davam etdirilməsi baxımından produktiv addımdırmı?

- Mən sizinlə razıyam, bu, heç də konstruktiv addım deyil. Bu, siyasiləşdirmə, müəyyən mənada polemikadır. Bu, danışıqlar prosesidir. Prezident Əliyev deyib: "Əgər Ermənistan Zəngəzur dəhlizini açmaq istəmirsə, İranla əməkdaşlıq edib, dəhlizi oradan açarıq". Bəli, heç şübhəsiz ki, Əliyev Zəngəzur dəhlizinə üstünlük verir. Amma onun dediyi ictimaiyyət üçün diplomatiyadır. Azərbaycanlıların Sünikə qayıtmasına gəlincə isə, mən prezident Əliyevin ürəyindəkiləri bilmirəm, amma ümid edirəm ki, bu, ciddi məsələ deyil, çünki bu, daha bir münaqişəyə səbəb ola bilər. Onu müəyyən dərəcədə tanıyan birisi kimi əminəm ki, o, sülh istəyir. Həm Azərbaycan, həm də Ermənistan üçün ədalətli sülh. Amma o, həmişə narahat olub və narahatdır ki, orada - Yerevanda, müxalifət də daxil, vaxtı uzatmağa, danışıqların mümkün qədər çox davam etməsini istəyirlər. Odur ki, zənnimcə, (Əliyev) Ermənistan tərəfinə bunun düzgün olmadığını göstərmək üçün bundan bir alət kimi istifadə edəcək. Yəni, bu yeşik açılsa, onun üçün (Ermənistan) daha da pis ola bilər".

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Mişel ilə Makronun fərqi, Moskva nə istədiyini bilmir

Brayza Azərbaycan-Ermənistan danışıqlar prosesində Fransa prezidenti Emmanuel Makronun "erməniyönümlü", Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin isə "neytral və obyektiv" olduğunu deyib.

Diplomat Rusiyanın bu prosesdəki marağının nə olması barədə suala belə cavab verib: "Düşünürəm ki, Rusiyanın özü də bunu bilmir. Mən Minsk qrupunun həmsədri olanda daim düşünürdüm ki, Rusiyanın istədiyi çərçivə müqaviləsidir, məsələn, "Madrid prinsipləri" kimi. Amma Putin sülh müqaviləsini istəmir. Çərçivə istəyir, amma traktat istəmir. O istərdi ki, münaqişə davam etsin, çünki bu, sonradan istifadə oluna biləcək alətdir...".

Putinin mövqeyi dəyişib, amma hələlik...

Lakin Brayza əlavə edib ki, hazırda Rusiya və Ukraynanın "birgə fəlakət" içərisində olduğu bir vaxtda Putinin mövqeyi dəyişib: "Məncə, o düşünür ki, hazırda Rusiyanın vəziyyətdən manipulyasiya etməsi üçün kifayət qədər diplomatik gücü yoxdur. Paşinyan da artıq Moskvanın nəzarətində deyil və onun Əliyevə ehtiyacı var... Azərbaycan Rusiya üçün mühüm ölkədir. Bəlkə, bu ondan irəli gəlir ki, Azərbaycan Avropanın qaz təchizatında rəqibdir, amma o, partnyor ola bilər. Düşünürəm, buna görə də o, bir növ, Ermənistana deyib: "Yaxşı, davam edin, Paşinyanın qətlini istəmirəm... Çünki bu, Ermənistanda daha böyük qeyri-stabillik yaradardı və sair"... Ona görə də indi bu prosesi həll edib, Rusiyanın müdaxiləsi olmadan irəli getmək lazımdır... Bəlkə də, yanılıram, bəlkə də, bir neçə həftədən sonra, Allah eləməmiş, Nikol Paşinyan olmayacaq... Rusiya bu prosesi yalnız belə dayandıra bilər".

XS
SM
MD
LG