Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

Mir Şahin və Misir Mərdanova sui-qəsd ittihamı: təqsirləndirilən şəxslər işgəncəyə məruz qaldıqlarını deyirlər


"Kərimə" dövləti qurmağa cəhddə ittiham olunanların məhkəməsi
"Kərimə" dövləti qurmağa cəhddə ittiham olunanların məhkəməsi

Azərbaycanda dini qaydalarla yönəldilən “Kərimə” dövləti qurmağa cəhddə ittiham olunan 13 nəfər məhkəmə önünə çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər Azərbaycanda dini dövlət yaratmaqla yanaşı, həm də keçmiş təhsil naziri Misir Mərdanova, “Real TV”nin rəhbəri Mir Şahin Ağayevə xəsarət yetirib, onları cəzalandırmaq istəyiblər. Buna səbəb M.Mərdanovun nazir olduğu dövrdə məktəblərdə hicabı yasaqlayan qərar verməsi, M.Ş.Ağayevinsə efirdə “İmam Hüseynova bacıları” ifadəsini işlətməsi olub.

İttihama görə, İranda yaşayan azərbaycanlı Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə sosial şəbəkələrdə müxtəlif adlarla qruplar yaradıblar. Ata-oğul Axundzadələrin İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etdiyi iddia olunur. Təqsirləndirilən şəxslərlə “Qisas 313” və başqa qruplarda müzakirələr aparılıb, tapşırıqlar verilib.

Axundzadələr haqqında qiyabi həbs qərarı çıxarılıb, onlar axtarışa veriliblər.

On üç nəfər arasında yetkinlik yaşına çatmamış lisey şagirdi, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi də var.

Təqsirləndirilən şəxslərin həbsi bu ilin fevralından başlanıb. Bir neçə nəfər apreldə narkotik ittihamıyla saxlanılıb, daha sonra onlara da “Kərimə” dövləti qurmaq cəhdiylə bağlı ittiham verilib.

Təqsirləndirilən şəxslərə dövlətin konstitusiya quruluşunu zorla dəyişmə, dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd və s. ittihamlar verilib. Onlardan 6 nəfər həm də dövlətə xəyanətdə suçlanır. Daha 6 təqsirləndirilən şəxsə narkotik ittihamı da irəli sürülüb.

Dekabrın 13-də bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib, təqsirləndirilən 13 nəfərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə qərar verib ki, indiyədək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) istintaq təcridxanasında saxlanılan təqsirləndirilənlər Kürdəxanıya – Bakı İstintaq Təcridxanasına köçürülsün.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər işgəncəyə məruz qaldıqlarını, törətmədikləri əməllərin onların üzərinə zorla qoyulduğunu bildiriblər:

“Bizi “yükləyib”, gətirib salıblar bura. Qanun olsaydı, camaatın balalarını toka verib, gətirib bura yığmazdılar”.

Müttəhimlər hakimlərdən ədalətli olmağı, işlərinə düzgün baxılmasını istəyiblər.

“Bizi toka veriblər, döyüblər, nalayiq hərəkətlər eləyiblər. Xahiş edirik, işimizə ədalətli baxılsın”, - təqsirləndirilənlərdən Elvin Cəfərov belə deyib.

Həm M.Ş.Ağayev, həm də M.Mərdanov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıblar. Hər ikisi istintaq dövründə zərərçəkmiş statusunda dindirilərkən deyib ki, onlara qarşı sui-qəsd hazırlanmasından xəbərləri olmayıb, kimlərinsə onları izləməsini də hiss etməyiblər.

Təqsirləndirilən 13 nəfərə ittiham verilən maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG