Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:41

Mirzoyan yenə də deyir ki, sülh müqaviləsi bir aya imzalana bilər


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

Rəsmi Yerevan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bir ay müddətində imzalana biləcəyinə dair bəyanatı təkrar edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 3-də Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, “intensiv iş sayəsində” sülh müqaviləsini bir ayın içində imzalamaq mümkündür:

"Biz inanırıq ki, bu, regionda sabit sülhün bərqərar edilməsi üçün əldə saxlamalı olduğumuz tarixi məqamdır. Mən habelə regionda inkişaf və sabitliyin təmin olunması naminə infrastruktur və kommunikasiyaların tam açılmasını müzakirə etmək istərdim. Biz Ermənistan və Azərbaycan arasında infrastrukturun blokdan çıxarılmasına və nəqliyyat kommunikasiyalarının açılmasına konstruktiv şəkildə hazırıq”.

Bakının mövqeyi

Bundan əvvəl, iyulun 1-də Azərbaycan prezidenti İlham Əliyev də demişdi ki, "sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik".

O bu barədə bildirmişdi:

"Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin".

Əliyevin sözlərinə görə, bu, Ermənistanın öz konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə baş tutacaq:

"Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq".

ABŞ dövlət katibi Antoni Blinken də iyulun 1-də Vaşinqtonda bir təhlil mərkəzinin tədbirində deyib ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını "gerçəkdən əlçatan" sayır.

"Ölkələr arasında sülh sazişini gerçəkləşdirmək üçün müstəsna imkan yaranıb", - Blinken Qafqazda vəziyyətlə bağlı sualı belə cavablandırıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılıb.

İki ölkə arasında danışıqlara ABŞ da ev sahibliyi edib. Bununla belə tərəflər arasında sülh müqaviləsi hələ ki, imzalanmayıb.

XS
SM
MD
LG