Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Ararat Mirzoyan: 'Sülh müqaviləsinin tez imzalanması təklifinə Bakıdan müsbət reaksiya görmürük'


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

Yerevan sülh müqaviləsinin bir ay ərzində imzalanması təklifinə Bakıdan “müsbət reaksiya” görmür.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Bundan az əvvəl Yerevan Bakıdan sülh müqaviləsinə dair təkliflərin onuncu paketini aldığını təsdiqləmişdi:

"Biz demək olar ki, sülh müqaviləsinin layihəsini yekunlaşdırmışıq və Ermənistan bunu bitirməyə və Azərbaycanla müqaviləni bir ayın ərzində imzalamağa hazırdır. Mən deyə bilmərəm ki, biz sülh müqaviləsinin bir ay ərzində imzalanması təklifinə Azərbaycandan müsbət reaksiya almışıq”.

Ermənistan xarici işlər naziri bildirib ki, buna baxmayaraq Yerevan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması prosesinə sadiqdir.

Nazirin sözlərinə görə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və sərhədin demarkasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında davam etdirilməlidir:

"Mən qəti şəkildə inanıram ki, indi Cənubi Qafqazda münaqişə səhifəsini qapamağın və regionda sülhü bərqərar etməyin əsl məqamıdır. Bu sülh regionun bütün ölkələri və adamları üçün faydalı olardı. Biz bu istiqamətdə işi davam etdirəcək və Cənubi Qafqazda sabitlik və uzunmüddətli sülhdə maraqlı olan partnyorlarımızdan dəstək gözləyəcəyik”.

Azatutyun yazır ki, tərəflər Bakının təqdim etdiyi 10-cu paketin təfərrüatlarını açıqlamırlar.

Bununla belə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 27-də Tbilisiyə səfəri əsnasında sülh müqaviləsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu vurğulayıb.

Əsas maneə - Ermənistan konstitusiyası

Nazirin sözlərinə görə indiyədək açıq qalmış məqamlar əhəmiyyətli dərəcədə azalıb, amma Ermənistan konstitusiyası sülh prosesinin başa çatdırılmasında əsas maneə olaraq qalır.

Bakı hesab edir ki, Ermənistanın indiki Konstitusiyasında ərazi iddiaları ehtiva edən məqamlar var.

Lakin iyunun 27-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan Bakıdan gələn tələblərə cavab verib və bildirib ki, Ermənistan konstitusiyası Ermənistan Respublikasının daxili işidir:

"Bu bizim daxili demokratik prosesimizdir və Azərbaycan bizə daxili gündəliyimizi diktə etməməlidir. Əlbəttə, bizim konstitusiyamızın dəyişməsinə ehtiyac var və biz bir sıra maddələri müzakirə edirik. Bu normaldır, çünki belə proseslərin baş vermədiyi ölkə yoxdur. Amma bu, başqa bir ölkənin təzyiqi altında olmamalıdır”.

Hovannisyan daha sonra Bakının tələbi haqqında deyib:

"Bunu demək çətindir ki, bu məsələ irəli sürülən ön şərtdir, yoxsa sadəcə olaraq danışıqlarda irəliləmək istəyinin olmamasıdır. Bu, hələ ki cavabını bilmədiyimiz sualdır. Bunun cavabını heç kəs bilmir”.

Maneədən yan keçmək cəhdləri

Belə görünür ki, Paşinyan hökuməti konstitusiya ilə bağlı maneənin aradan qaldırılmasına səy göstərir.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, sülh müqaviləsinin artıq iki tərəf arasında razılaşdırılmış bir bəndi müqavilənin Ermənistan konstitusiyasının dəyişdirlməsinə qədər də imzalanmasına imkan verir.

Bu fikri Ermənistan XİN də açıq bəyanatla bildirmişdi:

"... Danışıqların aparıldığı sülh sazişində aydın şəkildə qeyd olunub ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birlərinə qarşı ərazi iddiaları yoxdur. Sülh sazişi layihəsində həmçinin razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz".

Belə görünür ki, məsələnin belə qoyuluşu ilə ABŞ rəsmiləri də razılaşırlar.

ABŞ-ın keçmiş Minsk qrupundakı keçmiş səfiri Ceyms Vorlik Vaşinqtonda mənzillənmiş Atlantic Council mərkəzində keçirilən müzakirə zamanı deyib:

"Ermənistanın konstitusiyası bir gün, gələcəkdə dəyişdirilməlidir. Lakin bu, sülh müqaviləsi üzrə çərçivə razılaşmasının elə indi imzalanmasına mane olmur. Hamı yaxşı başa düşür ki, bu Ermənistan üçün asan bir vəziyyət deyildir. Düşünürəm ki, əgər çərçivə razılaşmasının imzalanması konstitusiyaya düzəliş edilməsindən asılı olarsa, bu, razılaşma əldə olunmasının qarşısını alacaq”.

Vorlik əlavə edib ki, bu məqsədlə sülh müqaviləsinin mətninə Ermənistanın konstitusiyanı dəyişdirmək niyyəti ayrıca maddə şəkilində salına bilər.

Nikol Paşinyan ötən həftə xüsusi islahatlar şurasına Ermənistan konstitusiyasının yeni mətninin hazırlanmasını tapşırıb.

Vaşinqton tələsir və tələsdirir

Bu arada Bakıya səfəri ərəfəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Ceyms O'Brayen ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmədə deyib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında sülhün ən tez bir zamanda əldə olunmasında maraqlıdır.

Rəsmi Konqres üzvlərinə müraciət edərək deyib ki, hazırda bütün Mərkəzi Asiya ölkələri öz mallarını Çin və Rusiya ərazisi ilə ixrac edir.

Onun sözlərinə görə Bakı və Yerevan arasında sülh müqaviləsinin imzalanması orta dəhlizə (Azərbaycan-Gürcüstan-Türkiyə) alternativ marşrutun açılmasına imkan yaradardı:

“Bir yol Gürcüstan ərazisindən Qara dənizə çıxır, amma başqa, daha geniş yol Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilərdi. Lakin bunun üçün bizə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi lazımdır... Sülh müqaviləsini imzalamaq və müharibənin nəticələrini aradan qaldırmaq vaxtıdır”.

ABŞ Dövlət Departamentinin məlumatına görə Ceyms O'Brayenin Azərbaycana səfəri 27-29 iyun tarixlərində gerçəkləşəcək.

Onun prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi gözlənilir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG