Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:45

“Moskva” univermağında qızılsatanlar işi dayandırdı


►"İcarəhaqqı azaldılsın!"

“Moskva” univermağının birinci mərtəbəsində qələbəlikdi. İlk baxışdan elə bilərsən, müştəri bolluğudur. Amma azacıq irəli yeriyəndə boş piştaxtalar başqa mətləbdən xəbər verir: əsasən zərgərlik məmulatlarının satıldığı bu univermaqda satış dayanıb.

Sahibkarlar bütün mallarını piştaxtadan yığışdırıblar və üçbir- dördbir toplaşıblar. Satıcı xanımlar da öz yoldaşları ilə baş-başa verib. “Biz mal satmırıq, bununla da etiraz aksiyası keçiririk”, -satıcı xanımlardan biri deyir.

Onların etiraz aksiyasında heç bir şüar yoxdur, şüarı da, etirazı da boş piştaxtalardan “oxumaq” olar: Hər zaman piştaxtanın üzərində olan kalkulyatorlar, qızılölçən tərəzilər, aldığı qızılı üzərində yoxlamaq istəyən müştərinin boylandığı güzgülər, boş üzük qabları şüşənin altında lazımsız əşya kimi atılıb.

“Biz artıq bu pulu ödəyə bilmirik”

Sahibkar Aydın Tağıyevin ürəyi doludur, deyir, manatın devalvasiyasından sonra alver elə zəifləyib ki, yer pulunu, satıcının maaşını belə verə bilmirlər:

“Yer pulu qalxmayıb, amma biz artıq bu pulu ödəyə bilmirik”.

Aydın Tağıyevin sözlərinə görə, yer haqqı piştaxtanın univermaqda yerləşdiyi yerə görə dəyərləndirilib. İndiyə kimi də bu pulu pis-yaxşı ödəyiblər, amma indi ödəyə bilmirlər:

“Satdığımız malın da qiyməti qalxıb, zərgərlik mallarının gömrük rüsumu qalxıb, üstəlik də dollar bahalanıb. Bayaq qramını 45 manatdan satırdımsa, indi 85-90 manatdan satıram”.

“12 voltluq elektrik 250 manatlıq işıq pulu edərmi?

Bakının zərgərlik məmulatlarının satışı ilə məşhur olan “Moskva” univermağında çalışan sahibkarların yeganə tələbi yer haqqının azaldılmasıdır.

“Bir metrlik piştaxta qoy olsun 300, lap 400 manat, amma daha 1300 manat yox ki. Şüşənin altındakı işıqlar üçün ayda 250 manat pul alırlar. Sizcə, 12 voltluq elektrik bu qədər edərmi?”, - adını söyləməyən sahibkar deyir, əlavə edir ki, hələ onun yeri girişdən xeyli uzaqdadı, müştəri ona gəlib çatana qədər xeyli təkliflə üzləşir:

“İnanın, gün ərzində 10 real müştəri gəlirsə, onun biri mənimlə alver edə, ya yox. Yerim gözədəyən yerdə deyil, kənardadır”.

“Əvvəllər bu yer haqqını necə ödəyirdiz?” soruşanda sahibkar Aydın Tağıyev deyir ki, az-çox alver olurdu, amma hər zaman yer haqqından narazı qalıblar:

“Bakının göbəyində yerləşən Mərkəzi Univermaqda qiymət bizdən ucuzdur. Həmişə narazılığımızı bildirmişik, amma tək əldən çıxmayıb. Bu dəfə bütün sahibkarlar etiraz elədi, işi dayandırdı. Tək-tük satan varsa, onlar da icarədarların öz adamlarıdır, yer haqqı ödəmirlər”.

Buna da bax: İlham Əliyev Dubaya niyə gedib?

“Onsuz da alıcı yoxdur, boş-boşuna oturmuşduq”

– Yer haqqı sizi qane etmirsə, burdan çıxıb başqa yer kirayələyə bilməzsizmi?

– Əlbəttə, mümkündür. Amma 20 ildir ki, burda çalışıram, müştərilərim var. Həm də bilirsiz ki, Bakıda qızıl ticarəti mərkəzləşmiş haldadır: Gənclik metrosunun yanında, Mərkəzi Univermaqda və bir də burda Moskva univermağında.

– Alış-verişi dayandırmısız, bu da sizə ziyan vurmurmu?

– Onsuz da alıcı yoxdur, boş-boşuna oturmuşduq. Sadəcə, piştaxtaya malları düzmüşdük, indi isə düzməmişik. Heç olmasa, yer haqqını azaldaq. Satıcının da pulunu mayadan veririk. Sizə burda elə sahibkar göstərərəm ki, yer pulunu ödəmək üçün satdığı mallardan lombarda qoyub borc götürüb. Yer haqqı yerinə görə 1200-dən başlayıb 3 min manata qədər gedir.

Yer haqqının azalması zərgərlik məmulatlarının qiymətinə də təsir göstərəcəkmi? Sahibkarlar bunu alış-verişə bağlayırlar.

“Əgər qızğın alver eləsək, gəlir artsa, əlbəttə, hər kəs qiymətdən endirəcək ki, müştərini qaçırmasın. Amma inanmırıq ki, indən sonra belə alver olsun. Yer haqqını, satıcının maaşını çıxarıb özümüzə də dolanışıq üçün cüzi pul qalsa, böyük şeydir”, - boş piştaxtanın başına yığışan sahibkarlardan biri deyir.

Buna da bax: Leyla və Arif Yunus bəraət tələb edirlər

“Univermaq rəhbərliyi haqq-hesab aparır”

Moskva univermağının inzibatçısı Elman Hacıyev alıcının azaldığını təsdiqləyir:

“Dünyadakı böhran bizdən də yan keçməyib. Manatın ikinci devalvasiyasından sonra demək olar ki, alıcı tamam azaldı. Toy eləyən də yoxdur. Qızıl alverini əsas canlandıran toylardır. İndi sahibkarlar da deyirlər ki, onlara kömək edilsin. İki gün ərzində bir qərar veriləcək”.

İnzibatçının sözlərinə görə, univermaq rəhbərliyi sahibkarlara güzəşt imkanlarını araşdırır.

Moskva Univermağında çalışan sahibkarlar isə yer haqqında 50-100 manat yox, gözədəyən məbləğdə endirim tələb edirlər. ​

XS
SM
MD
LG