Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:33

'MTN işi'ndə prokurordan yeni qərar: 'Bunları kim himayə edir?'


Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012

Uzun illər Milli Təhlükəsizlik Nazirliyində (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış üç polkovnikin işində prokuror qərarını dəyişib. Dövlət ittihamçısı təxminən ay yarım öncə generala 14, polkovniklərin ikisinə - Yasin MəmmədovVüsal Ələkbərova 12, Sahib Ələkbərova isə 10 il həbs cəzası kəsilməsini istəmişdi. Sentyabrın 14-də məhkəmədə deyib ki, MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun 12 yox, 15 il azadlıqdan məhrum edilməsini istəyir.

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, çoxsaylı generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulmasıyla nəticələnən əməliyyatdan sonra həbs olunanlardan biri də Vüsal Ələkbərov olmuşdu. O zaman məhkəmə ona 12 il həbs cəzası kəsmiş, eyni zamanda, 1.2 milyonluq əmlakının müsadirəsinə qərar vermişdi. Sonradan cəza müddəti 5 ilə endirildi, Ali Məhkəmə əmlakını da özünə qaytardı. Bir müddət də keçdi və Ələkbərov şərti cəza ilə azadlığa buraxıldı. Prokuror bu dəfə ona 15 il həbs istəsə də, əvvəlki 5 ilin ona kəsiləcək cəza müddətindən çıxılmasını təklif edib. Ələkbərovun vəkili isə, əksinə, müvəkkilinin təqsirsiz olduğunu deyir, onun haqqında bəraət hökmü çıxarılmasını istəyir.

"Sahib Ələkbərov kimdir ki, özbaşına kimisə tutsun?"

Digər təqsirləndirilən MTN polkovniklərinin – Sahib Ələkbərov və Yasin Məmmədovun vəkilləri də eyni fikirdədir.

Ələkbərovun müdafiəçisi Ələkbər Quliyev deyir ki, müvəkkili MTN-də şöbə rəisinin müavini olsa da, heç bir qərarı özbaşına verməyib: "Sahib Ələkbərov kimdir ki, özbaşına kimisə tutsun, yaxud da kimisə buraxsın?!".

General Şıxəliyevin müdafiəçisi də onun təqsirsiz olduğunu iddia edir. Arzu Cavadov deyir ki, Şıxəliyev İstintaq İdarəsinin rəisi kimi yalnız nəzarət-inzibati məsələlərə baxıb. Vəkilin sözlərinə görə, hətta orada istintaq prosesində hansısa pozuntular baş veribsə belə, buna görə prokurorluq məsuliyyət daşıyır. Çünki Baş Prokurorluğun MTN-də istintaqa nəzarət edən idarəsi olub: "Həmin idarənin prokurorları cinayət işlərinin başlanıb-başlanmamasından tutmuş, ittiham aktının tərtibinə qədər bütün prosessual hərəkətlərə nəzarət ediblər. Tutulan şəxslərin barəsində həbs-qətimkan tədbiri Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təqdimatı əsasında seçilib. Bu məsələlərlə bağlı göstərişlər Mövlam Şıxəliyevə verilib. Şıxəliyev də o göstərişlərin icrasına nəzarət edib. Pulu kim alıb, kimə verilib – istintaq nədənsə bunları araşdırmayıb".

Zərərçəkənlərin etirazı

Zərərçəkənlər – saxta ittihamlarla həbs edilib zorla pulları, əmlakları əllərindən alındığı iddia olunan şəxslər isə təqsirləndirilən şəxslərdən üç polkovnikin azadlıqda saxlanmasına etiraz edir. Hüseyn Səfərov deyir ki, keçmiş MTN-çilər daha ağır əməllərdə suçlanırlar, onların əməllərindən onlarla ailələr bu gün də əzab çəkir, lakin nədənsə, həbs olunmurlar: "Vəkil Elçin Sadıqovu rüşvətə vasitəçilikdə ittiham edib həbs eləyirlər, bunlar isə əl-qollarını sallayıb gəzirlər. Halbuki, bir anlıq vəkilə qarşı ittihamın doğru olduğunu qəbul etsək belə, onun əməli ilə bunların əməli arasında yerlə göy qədər fərq var. Bunları kim himayə edir?".

Vəkil Sadıqov həm də bu məhkəmə prosesində zərərçəkmiş Səfərovun nümayəndəsi kimi onun hüquqlarını müdafiə edirdi. O, sentyabrın 11-də jurnalist Əvəz Zeynallı ilə birlikdə rüşvətalmada ittiham olunaraq 4 aylıq həbs edilib. Vəkil və jurnalist ittihamı özlərinin peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Keçmiş MTN vəzifəlilərinin mühakiməsinin bitməsinə bir mərhələ qalıb – özlərinin məhkəmədə son sözlərini demələri. Onlar son sözə hazırlaşmaq üçün 10 gün vaxt istəsə də, hakim yalnız sentyabrın 15-nə qədər razılaşıb. Növbəti məhkəmə iclasında onlar çıxış edəndən sonra hökm oxunacaq.

Xatırlatma

Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Onların adları iş adamları ilə yanaşı, bir sıra siyasi motivli işlərdə hallanıb. Məsələn, Sahib Ələkbərov şərti olaraq "Səid Dadaşbəylinin dəstəsi" adlandırılan işin istintaqını aparanlardan olub. Həmin iş üzrə təqsirləndirilənlər qanunsuz həbs olunmaqla yanaşı, həm də Ələkbərov tərəfindən işgəncələrə məruz qaldıqlarını bildirirdilər.

Sabiq MTN-çilər isə ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

XS
SM
MD
LG