Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

MTN-in daha üç generalı məhkəməyə çıxarıldı


MTN
MTN

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha üç generalı yanvarın 19-da hakim önünə çıxarılıb. Onlar MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi Sübahir Qurbanov, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi olmuş Natəvan Mürvətovadır. Vaxtilə tabeliklərində işləmiş MTN əməkdaşları Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov da onlarla birlikdə mühakimə olunur.

MÜDAFİƏÇİLƏR VAXT İSTƏYİB

MTN-in başqa bir generalı Akif Çovdarov və üç işçisi kimi, bu generalların da işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov baxır. Məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Çovdarovgilin işində olduğu kimi, bu məhkəməni də mediadan gizli tutmağa çalışırlar. Yanvarın 19-da keçirilən məhkəmənin hazırlıq iclasına jurnalistlər buraxılmayıb.

Buna da bax-General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'

Məhkəmədən sonra mediaya danışan vəkillər bildiriblər ki, hakim hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib. Onların müdafiəsinə yeni vəkillər qoşulub. Həmin müdafiəçilər cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər. Hakim onlara fevralın 14-dək vaxt verib. Həmin gün məhkəmənin hazırlıq iclası davam edəcək.

XATIRLATMA

Məhkəmə qarşısına çıxarılan şəxslər mütəşəkkil dəstə yaradıb, 2004-2015-ci illərdə, özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə suçlanır.

«MTN işi» üzrə ümumilikdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların ümumilikdə 18 milyon 437 min manatlıq pulunun, daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.

Cinayət məsuliyyətinə cəlb olunan keçmiş MTN-çilərin 21 milyonluq daşınmaz əmlakının, avtomobillərinin, qızıl-zinət əşyalarının üzərinə həbs qoyulub.

XS
SM
MD
LG