Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:46

Azərbaycanda neftdənkənar ixracın azalmasının səbəbləri...


Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARK"da.
Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARK"da.

Son illər hökumət rəsmiləri Azərbaycanda neftdənkənar ixracdakı yüksək artımlardan tez-tez danışırlar. Hökumətyanlı media da bu yöndə təbliğatına ara vermir. Di gəl, müstəqil iqtisadçılar ölkədə qeyri-neft sektoru ixracının dayanıqlı olmadığını söyləyir, yalnız bir neçə məhsuldakı artımın optimist sonuclara əsas vermədiyini vurğulayırdılar. Neftdənkənar ixracda azçeşidlilik, ixracın dar coğrafiyanı əhatə etməsi, bəzi neft-qaz məhsullarının neftdənkənar sektorun ixracı kimi qeydə alınması danılmaz və acı gerçəklər idi. Üstəlik, son illər dünyada inflyasiyanın sürətlənməsi də ixrac rəqəmlərini yüksəldirdi. O da var ki, hətta bu aldanışları gerçək sayanda da Azərbaycanın toplam ixracında neftdənkənar ixracın payı artmayıb. Axı uzun illərdir ki, ölkənin ixrac gəlirlərinin 90 faizə yaxınını məhz enerji sektoru təmin edir.

Artıq bu ildən etibarən sadalanan çağırışlar qeyri-neft sektorunda da özünü göstərməyə başlayıb. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, 2024-cü ilin ilk dörd ayında 839 milyon dollarlıq Azərbaycan mənşəli qeyri-neft məhsulu ixrac edilib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 78 milyon dollar idi. Deməli, son bir ildə Azərbaycanın qeyri-neft ixracı 239 milyon dollar və ya 22 faiz azalıb. Di gəl, azalmaya nə hökumət rəsmilərinin, nə də hökumətyanlı medianın hər hansı reaksiyası var. Halbuki, ixracda azacıq artım olanda bununla bağlı çoxlu açıqlama verilir, materiallar hazırlanırdı.

Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Azalmanın səbəbləri

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmləri gözdən keçirəndə bəlli olur ki, Azərbaycanın qeyri-neft sektorundakı azalmanın əsas səbəbi bu il ölkənin elektrik enerjisi ixracındakı azalmadır. Belə ki, ötən ilin dörd ayında Azərbaycan elektrik enerjisi ixracından 314 milyon dollar gəlir götürmüşdüsə, bu il həmin göstərici 48 milyon dollara düşüb. Başqa sözlə, 266 milyon dollar azalıb. İki il öncə - 2022-ci ilin eyni dövründə Azərbaycan elektrik enerjisi ixracından 34 milyon dollar qazanmışdı və bundan da görünür ki, neftdənkənar sektorda ötənilki artım elektrik enerjisi ixracındakı artımdan qaynaqlanırmış. Bu il həmin artımın olmaması göstəricilərin yenidən aşağı düşməsinə gətirib çıxarıb. Hökumətsə ötən il də sözügedən artımı ölkədə iqtisadi mühitin gəlişməsi və aparılan islahatlarla əlaqələndirirdi. Gerçəkdə bu artım hər hansı atılan addımla deyil, sadəcə, elektrik enerjisinə yaranan keçici tələb artımı ilə bağlı idi.

Azərbaycanın toplam ixracında neft və qazın kəskin böyük payı olduğu kimi, qeyri-neft sektoru ixracında da əsas yeri yalnız bir neçə növ məhsul tutur. Bu üzdən həmin məhsullarla bağlı baş verən ciddi dəyişikliklər toplam ixraca dərhal təsir göstərir. Problemin çözümündən ötrü ölkənin ixrac çeşidliliyi artırılmalıdır. Hökumət, azı, 20 ildir bu istiqamətdə vədlər versə də, heç biri hələ də gerçəkləşməyib.

Azərbaycan iqtisadiyyatının bəsit inkişafını beynəlxalq qiymətləndirmələr də təsdiqləyir. Harvard Universitetinin hazırladığı İqtisadi Mürəkkəblik İndeksinin sonuncu (2021-ci il) nəticələrinə görə, ticarət komponenti üzrə qiymətləndirilən 131 ölkə arasında Azərbaycan 85-ci yeri tutub. Deməli, qiymətləndirilən ölkələrin təxminən üçdə ikisi Azərbaycanla müqayisədə daha yaxşı nəticə göstərib. Bu qiymətləndirmə Azərbaycanın ixracının bəsit (texnoloji inkişaf tələb etməyən), ixrac edilən məhsul çeşidliliyinin isə aşağı olmasını göz önünə sərir.

Məktəbdə barama saxlamaqla iqtisadi inkişaf
Gözlə

No media source currently available

0:00 0:07:45 0:00

Törənən risklər

Son illər Azərbaycanda iqtisadi artım tempi zəifləyib. Beynəlxalq qurumların hesablamaları köklü keyfiyyət dəyişikliyi olmazsa, ölkə iqtisadiyyatının durğunluqla üzləşəcəyini göstərir. Bu azalmanın əsas səbəbi ölkədə enerji hasilatının azalmasıdır. Çıxarılan neftin ilbəil azalması Azərbaycan kimi yüksək enerji asılılığı olan ölkə üçün ciddi problemlər deməkdir. Ekspertlərin fikrincə, artıq Azərbaycanda iqtisadi artım tempini yalnız neftdənkənar sektorun inkişafı hesabına yüksəltmək olar. Di gəl, rəqəmlər indiki ortamda o sektordakı artımın doyma nöqtəsinə çatmaq üzrə olduğunu göstərir. Bu sektorun dayanıqlı inkişafından ötrü Azərbaycanda biznes mühitinin liberallaşması, rəqabət ortamının gəlişməsi, qanunun aliliyinin təmin edilməsi başda olmaqla, çoxlu dəyişikliklərə ehtiyac var. Bunlar olmazsa, indiki rəqəmlər qarşıdakı illərdə ölkə iqtisadiyyatının ciddi problemlərlə qarşılaşma riskini qaçılmaz edir.

Durumu çətinləşdirən digər bir amil də var. Bu il Azərbaycanın sadəcə qeyri-neft ixracı deyil, neft ixracı da ciddi ölçüdə azalıb. Rəsmi rəqəmlərə görə, ilin dörd ayı ərzində ölkə neft və qaz satışından toplam 7.2 milyard dollar qazanıb. Ötən ilin eyni dövründə bu göstərici 11.4 milyard dollar idi. Deməli, ötən illə müqayisədə ölkənin enerji ixracından gəliri 4 milyard dollardan çox azalıb. Bütün bunların nəticəsində Azərbaycanın xarici ticarət saldosu (ixrac və idxal arasındakı fərq) ötən ilin ilk dörd ayı ilə müqayisədə 7.3 milyard dollardan 2.7 milyard dollara enib. Saldo kəskin azalsa da, ixrac gəliri idxala sərf edilən vəsaiti hələ də üstələyir. Ancaq azalma sürərsə və idxal xərcləri ixrac gəlirlərini ötərsə, bu məqam istər ölkə iqtisadiyyatına, istərsə manatın məzənnəsinə ciddi risklər yarada bilər.

XS
SM
MD
LG