Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:43

Rasim Balayev Nəsimidən danışdı: “Həqqə gəl ki, həqq deyil batil, oyan” 


Rasim Balayev
Rasim Balayev

Rasim Balayev: “Nəsimi zülmə, qılınca qarşı çıxan adam olub”

Prezident İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib. Bəzi qaynaqlara görə, bu il türk, fars, ərəb dillərində yazan şairin 650 yaşının tamam olduğu deyilir. Hələbdə edam olunan Nəsimi ilə bağlı bəzi məlumatlar, eləcə də onun Azərbaycan şairi olub-olmaması da bəzən mübahisə doğurur. Bununla belə, Azərbaycan paytaxtında şairin adına rayon, onun heykəli var və onunla bağlı 1971-ci ildə eyni adlı film də çəkilib.

Dövlət başçısının qərarı sosial şəbəkələrdə və mətbuatda birmənalı qarşılanmayıb. Məsələn, sovetlərin 29 yaşında güllələdiyi Mikayıl Müşfiqin yox, Nəsiminin yubileyinin qeyd edilməsinə narazılığını ifadə edən də tapılıb, öz həqiqəti uğrunda edam olunan Nəsimi poeziyasından örnək gətirənlər də. Jurnalist Elnur Astanbəyli yazıb: “Nəsimi ili... Sındır qəfəsi, tazə gülüstan tələb eylə!”

AzadlıqRadiosu 1973-cü ildə çəkilmiş “Nəsimi” bədii filmində baş rolda oyanmış, onun şeirlərinin qiraətçisi, xalq artisti Rasim Balayevlə bu mövzuda söhbət edib.

Bu, çox yaxşı addımdır. Yəqin, Nəsimi ilində müxtəlif tədbirlər, seminarlar, konfranslar olacaq. Dünyanın hər yerindən filoloqlar gələcək. Biz hər şeydə gecikirik, axı. Tariximizlə bağlı bəzi şeyləri başqaları öz adlarına çıxırlar. Məsələn, İranda deyirlər ki, Nizami bizimdir, İraqda deyirlər ki, Füzuli bizimdir, Türkmənistanda deyirlər ki, Nəsimi bizimdir... Ona görə “Nəsimi ili”nin elan edilməsi lazımlı addımdır. Çox təəssüf ki, bizim gənclərimizin çoxu – bilmirəm, orta məktəbdə ədəbiyyat dərsi keçirlərmi, ya dərslikdə Nəsimi yoxdur – Nəsimini, başqa şairlərimizi tanımırlar. Bir dəfə televiziyada verilişə baxırdım, şairlərimizin heykəllərini göstərirdilər, ordan keçənlərdən soruşurdular: “Bu, kimin heykəlidir?” Çox adam cavab verə bilmədi. Bu, çox utandırıcıdır. Mənə belə gəlir ki, müəyyən şairlərin bizə aid olduğunun sübuta ehtiyacı var, bu qərar da o baxımdan yaxşı addımdır.

Gəncliyin Nəsimini tanımadığını dediniz, sizcə, buna səbəb nədir?

Mən dəqiq deyə bilmərəm. Sosioloq, politoloq deyiləm. Amma fakt göz qabağındadır. Orta məktəbdə bu yaxşı keçilsəydi tanıyardılar. Keçmişdə ən savadsız uşaqlar belə Sabirdən, Nəsimidən bir kəlmə bilirdilər. İndi tanımırlar. Faciəli bir şeydir. Sovet hökumətinin yaxşı bir cəhəti vardı ki, Azərbaycanda savadsızlığı ləğv etdi, çoban da qəzet oxuya bilirdi. Bir dəfə İrana getdim, gördüm yolda 3-4 nəfər oturub qabağında kağız-qələm. Dedilər, bunlar mirzələrdir, kimin şikayəti, sözü varsa pul verib bunlara yazdırır, özləri yaza bilmir. Sovet hökumətində savadsızlığın kökü kəsilmişdi.

Müasir Azərbaycanda niyə savadsızlıq yayılır?

Təhsildən ayrılırlar. Görürsən yollarda uşaqlar... Qabaq uşaq dərsə gəlməyəndə aləm qarışırdı, milis, məktəb, valideyn dəyirdi bir-birinə ki, uşaq hardadır. Bu gün uşaq maşın şüşəsi silir... Səbəbini bilmirəm. Mən araşdırmaçı deyiləm. Ancaq savadsızlıq artıq başlayıb. Yəni orta məktəbdə təhsildən yayınma çoxdur, müxtəlif səbəblərə görə dərsə getmirlər, ailə səbəbinə görə, ya nəyə görəsə uşaqlar gedib ya dilənirlər, ya şüşə silirlər, ya nə bilim… Axırı məktəbdən ayrı düşürlər. Çox təəssüf edirəm ki, Azərbaycan ədəbiyyatını, tarixini gənclərin çoxu bilmir. Bu baxımdan həm dünyaya, həm də özümüzə bu Nəsimi ili çox vacibdir. Alqışlayıram.

İmadəddin Nəsiminin Bakıdakı heykəli
İmadəddin Nəsiminin Bakıdakı heykəli

Sizcə, Nəsimini aktual edən nədir? Onun şeirləri gündəmlə səsləşirmi?

Vallah, nə deyim. Bu barədə bir söz deyə bilmirəm.

Yəni o şeirlər lazımdırmı, müasirdirmi? Gəncliyə hansı mesajı verə bilər?

Əlbəttə, lazımdır. Orda hər şey var. Onun şeirlərində məhəbbət var, vətənə vurğunluq var, ilahiyə vurğunluq var. Hər şey var. İstəyən adam orda çox məna tapar. Biz “Nəsimi” filmini sovet vaxtında çəkdik, ateistcəsinə yanaşdılar, çox açmadılar onu. Dərinə getsən, Nəsimi dindar şair olub. Yadımdadır, şərqşünas Əli Fəhmi onun şeirlərini bir-bir oxuyurdu, izah edirdi, klassiklərimizin şeirlərində fars, ərəb sözləri çoxdur. Hər bir şeirində deyirdi ki, bax, burda “Quran”ın filan ayəsinə istinad edir, filan məna var. Dediyim odur ki, Nəsimi şeirində mübarizlik var, hər şey var, insanın davranışına aid çox şey var, cəsarət var. Öyrənmək istəyən insan üçün çox şey var.

Sizcə, indiki yazarlarda, sənətkarlarda Nəsimi cəsarəti varmı? O, həqiqəti uğrunda ölümə getdi.

İndi zaman dəyişib, indi yox...Nə bilim vallah, indi başqa dövrdür.

Nəsimi deyirdi: “Zahidin bir barmağın kəssən, dönüb haqdan qaçar...” Həmin məsələdir?

“Gör bu aşiqi sərpa soyarlar ağrımaz”. Bəli... Düzdür, filmdə onun Teymurlənglə görüşü-filan bədii təxəyyülün məhsuludur. Amma zülmə, qılınca qarşı çıxan adam olub. İnsanın kamilliyi uğrunda çalışıb.

Onun şeirlərini əzbər söyləyirsiniz. Nəsimini açan, ifadə edən ən çox hansı şeiri və ya misrasıdır?

Onun şeirlərinin hamısı gözəldir. “Ey özündən bixəbər qafil, oyan. Həqqə gəl ki, həqq deyil batil, oyan. Olma fani aləmə mail, oyan. Mərifətdən nəsnə qıl hasil, oyan...” Bundan yaxşı şeir var?

XS
SM
MD
LG