Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:53

Normal təşviqat, yoxsa ‘bir qapıya oyun?’


Azərbaycanın mövcud Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat üçün pulsuz efir vaxtı hüququ 125 seçki dairəsinin 60-dan çoxunda namizədi qeydə alınmış partiyalara verilir. İndiki seçkilərdə bu meyara yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) cavab verir.

Əvvəlki növbədənkənar parlament seçkilərində də belə oldu və YAP bütün siyasi qüvvələrə “bərabər imkanlar” yaratmaq üçün bu üstünlükdən imtina etdiyini açıqladı. İndi YAP ödənişsiz efir vaxtından istifadə ilə bağlı, hələlik, qərarını açıqlamayıb.

Dəfələrlə bu qurumun ayrı-ayrı funksionerləri ilə əlaqə saxlasaq da bununla bağlı sualımıza cavab ala bilmədik. Artıq, bu gün, avqustun 9-dan təşviqat başlayır.

Ümumiyyətlə, qanunvericiliyə bununla bağlı dəyişikliyin edilməməsi nə dərəcədə düzdür?

““Bir qapıya oynamış” kimi görünəcəkdilər”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı AzadlıqRadiosuna deyib ki, hələ illər öncə qanunvercilikdə bu tələblə bağlı 60 rəqəminin yüksək olduğunu ifadə ediblər:

“Məsələ ondadır ki, seçki saxtalaşdırıldığına görə, yalnız hakim partiya daha çox namizəd irəli sürür və onları da qeydə alırlar. Ona görə seçkilərin nəticələrini öz xeyirlərinə həll edirlər. 2015-ci ildə də eyni hal oldu və hakim partiya efir vaxtından imtina etdi. Onsuz da “bir qapıya oynamış” kimi görünəcəkdilər, yəni efirdə yalnız hakim partiya üzvləri danışacaqdılar, bu da heç bir maraq kəsb etməyəcəkdi”.

Bəşir Süleymanlı bildirib ki, hökumət telekanallarda daima təbliğatını aparır. Onun vurğulamasına görə, seçki olmayan dövrlərdə deputatların əksəriyyəti televiziyalarda çıxış edirlər:

“Qarşı tərəfi, yəni müxalif, müstəqil baxışlı insanları isə efirlərə buraxmırlar. İkincisi, televiziyalarda debat olmayacaqsa, seçicilər seçkilərə maraq göstərməyəcək. Üçüncüsü, pullu efir vaxtı da baha olduğundan müstəqil və müxalif namizədlər televiziyalarda yer almırlar. Belə olan halda seçki kampaniyası sönük keçəcək. Onsuz da seçki prosesinin özü çox sönük keçir, əslində, parlament seçkiləri belə olmamalıdır. Milli Məclisə seçkilər 125 dairədə baş tutursa, hər dairədə yarış, debat kampaniyaları aparılmalı idi”.

Tənqidlərlə bağlı hələlik, ölkədə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə danışmaq mümkün olmayıb. Amma bundan əvvəl onların bəzi təmsilçiləri oxşar tənqidlərlə razılaşmadıqlarını açıqlayıblar.

Müxalifətdə olan Müsavat Partiyasının başqanı, deputatlığa namizədliyini verməyən İsa Qəmbər isə deyir ki, 2020-ci ilin seçkilərində qanunvericilikdəki maneəni nəzərə alaraq çoxlu sayda namizədlə seçkiyə qatılıblar:

“Amma hakimiyyət 88 namizəddən 60 nəfərini qeydə alaraq, həmin rəqəmi keçməyə imkan vermədi ki, Müsavat Partiyasına pulsuz efir vermək məcburiyyətində qalmasın. Biz bu gerçəkliyi bildiyimiz üçün indiki seçkilərdə namizədlərimizin sayını 60-dan yuxarıya qaldırmaq hədəfini müəyyənləşdirmədik. Seçkidə 30-dan bir qədər çox namizədlə iştirak etmək niyyətindəydik. Amma, hələlik, 25 namizədimizi qeydə alıblar, bir neçə namizədin də qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətlər olunub. Yəqin ki, yaxın günlərdə baxılacaq”.

“Pullu efir üçün Müsavatın imkanları yoxdur”

İsa Qəmbərin sözlərinə görə, pullu efir vaxtından istifadə etmək üçün Müsavat Partiyasının imkanları yoxdur:

“Eyni zamanda, hazırkı internet kanalları və sosial şəbəkələrin imkanları hakimiyyətin nəzarətində olan televiziya kanallarını kifayət dərəcədə əvəz edə biləcək”.

“Sosial şəbəkələr və internet kanalları…”

REAL Partiyasının Seçki Qərargahından da bildirirlər ki, pullu efir vaxtı almaq niyyətində deyillər. Partiyadan vurğulayıblar ki, XXI əsrin 24-cü ilində televiziyalarda reklam çarxlarının yayımlanması o qədər də aktual deyil:

“Bu gün internet kanalları və internet üzərindən elə imkanlar var ki, televiziyalarla müqayisədə daha çox insanlar cəlb etmək mümkündür. Ona görə sosial şəbəkələr və internet kanalları vasitəsilə kampaniyanı aparmağı düşünürük. Çünki maliyyə vəsaitimiz də yoxdur ki, televiziyalarda reklam üçün vaxt alaq. Çox baha olduğundan maddi imkanlarımız ona çatmaz”.

Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyasının nümayəndəsi Zaur İbrahimli isə bir qədər fərqli düşünür.Əvvəlcə o da deyib ki, hakim partiyanın efir vaxtından istifadə edib-etməməsi onun qanunvercilikdə müəyyən edilmiş hüququdur:

“Digər partiyalar isə 60-dan çox namizəd irəli sürmədiklərindən pullu efir vaxtından istifadə edə bilərlər”.

“Ənənəvi təşviqat üsulları indiki təcrübədə arxa plana keçəcək”

Amma Zaur İbrahimli düşünmür ki, bununla da seçki kampaniyası sönük keçəcək, əskinə, çox dinamik və müasir standartlara uyğun təşviqat kampaniyası gözləyirlər:

“Çünki qeydə alınmış namizədlərə baxdıqda, artıq onlar sosial şəbəkələrdə plakatlarını paylaşırlar. Namizədlər öz sahələrində peşəkardırlar, bir çoxu da yeni kommunikasiya texnologiyaları sahəsinə yaxşı bələddirlər. Bundan çıxış edərək onların seçki ənənəsinə yeniliklər gətirəcəyini və müasir seçki üsulları tətbiq edəcəklərini bilirik.”

Onun fikrincə, ənənəvi təşviqat üsulları indiki təcrübədə arxa plana keçəcək:

“İnsanlar gündəlik xəbərləri daha çox sosial şəbəkələrdən izləyir, əgər insanlar əvvəl oxuyur, sonra dinləyirdilərsə, indi video-kontent vasitəsilə məlumat alırlar. Sosial şəbəkələr də bunun üçün zəmin hazırlayır, bu mənada uğurlu təşviqat kimin uğurlu video-kontent yaratmasından asılı olacaq. Həm də insanlar daha konkret məsələlərə fokuslanmış təklifləri özündə ehtuva edən video-kontektlərlə uğur qazana bilər”.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri olacaq. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edildi.

Beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda isə YAP bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Sonradan vaxtından 6 ay keçirilən seçkilərdə əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi tənqidinə səbəb oldu.

Amma istər hakim YAP-dan, istərsə də MSK-dan dəfələrlə vurğulayıblar ki, ölkədə seçkilər qanunvericliyin tələblərinə uygun keçirilir və xalqın iradəsini ifadə edir.

XS
SM
MD
LG