Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:43

Parlament seçkiləri nə vaxt olacaq?


Yerli seçki komissiyasının üzvləri Bakıda növbədənkənar parlament seçkilərindən sonra seçki məntəqəsində bülletenləri sayırlar. 9 fevral 2020
Yerli seçki komissiyasının üzvləri Bakıda növbədənkənar parlament seçkilərindən sonra seçki məntəqəsində bülletenləri sayırlar. 9 fevral 2020

Artıq bir müddətdir ki, Azərbaycanda erkən parlament seçkilərinin keçiriləcəyi barədə fikirlər dolaşır. Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar qaydada-2020-ci ilin fevralında keçirilib. Həmin seçkilərdən bir neçə ay öncə- vaxtından təqribən bir il əvvəl "islahatlar" adı ilə parlament hakim partiyanın təklifi ilə özünü buraxdı. Parlamentin mövcud tərkibinin beş illik müddəti gələn ilin əvvəlində başa çatır.

Amma Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov bugünlərdə İlham Əliyevi yenidən prezident seçkisində qələbəsi münasibətilə təbrik edəndə bu il parlament seçkilərindən bəhs edib: "...Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkilərində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram".

H.Babaoğlu
H.Babaoğlu

"Konstitusiya tələbidir"

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu "Turan"a bu il parlament seçkilərini istisna etməyib. Onun fikrincə, Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri hüquqi baxımından noyabrın birinci bazar gününə təyin oluna bilər: "Bu, Konstitusiya tələbidir, çünki VI çağırış parlament seçkiləri növbədənkənar oldu. Belə olan halda, növbəti seçkilərin necə keçirilməsi ilə bağlı Konstitusiyada göstərişlər var. Burada başqa hər hansı səbəbləri axtarmaq lazım deyil".

A.Hacılı
A.Hacılı

"Prezident seçkisi keçirilməli deyildi"

Müsavat Partiyası başqanı Arif Hacılı da AzadlıqRadiosuna bildirib ki, bu il parlament seçkilərinin keçirilməsi Konstitusiya tələbidir: "Hətta yay aylarında növbədənkənar parlament seçkiləri ola bilər".

A.Hacılı hesab edir ki, əslində növbədənkənar prezident seçkisi keçirilməli deyildi: "Bələdiyyə, parlament seçkilərinin bu il olması əslində prezident seçkilərinin bu il keçirilməməsini tələb edirdi. Ancaq bir sıra amillər, xüsusilə Qarabağın işğaldan azad edilməsi ilə əlaqədar hakimiyyətin reytinqinin yüksəlməsi düşüncəsində olan iqtidar yetkililəri bu amili nəzərə aldılar".

Onun fikrincə, eyni zamanda, martda Rusiyada, payızda isə ABŞ-da seçki gözləntisi və bu seçkilər nəticəsində dünyada ümumi düzənin dəyişmə ehtimalı Azərbaycan hakimiyyətini fevralda seçkilərin keçirilməsinə sövq etdi.

N.Cəfərli
N.Cəfərli

"...80 min qonağın gəlməsi gözlənilir"

REAL Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də xatırladır ki, Konstitusiyaya görə, parlament seçkiləri noyabrın ilk bazar günü keçirilir: "Bəziləri deyir ki, son parlament seçkiləri 2020-ci ilin fevralında olubsa, növbəti seçkilər 2025-ci ilin fevralında olacaq. Amma elə deyil, çünki 2020-ci ilin seçkiləri erkən seçkilər idi".

N.Cəfərli hesab edir ki, bu il də seçkilərin daha erkən keçirilməsi ehtimalı böyükdür: "Çünki noyabrda ölkədə COP29 ( BMT-nin İqlim Dəyişikliyi Konfransı) adlı tədbirin keçirilməsi və dünya ölkələrindən 80 min qonağın gəlməsi gözlənilir. Həmin dövrə parlament seçkilərinin salınması çox çətin olar. Ona görə də daha parlament seçkiləri əvvələ çəkilə bilər".

Partiya rəsmisinin fikrincə, səbəblərdən biri iqtisadi vəziyyətin getdikcə çətinləşməsidir: "Hələlik vəziyyət idarəolunan səviyyədədirsə, daha tez seçkilər keçirərək parlamentin formalaşması mümkündür. Bundan əlavə, gələn il ən vacib hadisələrdən biri Rusiya ordusunun Azərbaycandan çıxarılması olacaq. Mənə elə gəlir ki, Azərbaycan iqtidarı bu vacib proses zamanı ölkədə hansısa bir vacib seçki sürəcinin olmasını istəmir ki, kənardan müdaxilələr də mümkün olmasın".

Bu il Azərbaycanda bələdiyyə seçkiləri də gözlənilir. Ölkə büdcəsində seçki xərcləri bu il üçün ötən illə müqayisədə üç dəfə artırılıb.

Xatırlatma

Bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirildi. Rəsmi açıqlamaya görə, ölkəyə son 21 ildə rəhbərlik edən İlham Əliyev qalan altı namizədi geridə qoyaraq səslərin 92 faizdən çoxunu qazanıb. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Prezident İ.Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etmədilər.

XS
SM
MD
LG