Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

72 yaşında meşədən odun daşımağa məcburdu


İllüstrasiya (Arxiv)
İllüstrasiya (Arxiv)

►“Yayın cırhacırında, qışın şaxtasında meşəyə gedirəm, uşaqlar da, mən də kürəyimizə çır-çırpı, odun şəlləyib qayıdırıq"

"Adətən odun yığmağa həyat yoldaşımla gedərdim. Bu qışı xəstə yatdı. Meşədən odun, çır-çırpı gətirməyimə nəvələrim köməkçi oldu”.

Şabranın Əmirxanlı kəndi rayon mərkəzinin 12 kilometrliyində yerləşir. 500-dən çox fərdi evin olduğu kəndə ilk dəfə 1986-cı ildə mavi yanacaq verilib.

1993-cü ildə qaz verilişi dayandırılıb. Kəndə yaxın yerdə meşəlik ərazi var ki, kənd sakinləri evlərin qızdırılması üçün həmin meşənin ağaclarından istifadə edir. Onlardan biri də 72 yaşlı Əsmətxanım Qəribovadır.

“KASIB ƏZİYYƏTSİZ YAŞAYA BİLMƏZ”

Deyir, yay-qış üç azyaşlı nəvəsini də yanına alıb yaxınlıqdakı meşəyə çır-çırpı yığmağa gedir:

“3 uşaq, xəstə həyat yoldaşım, əlil oğlum – bunların canını qızdırmaqdan ötrü bu yaşda meşə yolunda qalmışam. Yayın cırhacırında, qışın şaxtasında meşəyə gedirəm, uşaqlar da, mən də kürəyimizə çır-çırpı, odun şəlləyib qayıdırıq”.

Əsmətxanım xala deyir, böyük oğlu həyatdan köçəndən atasız qalan üç nəvəsini özü ilə meşəyə odun gətirməyə aparır, bununla da onları az yaşından zəhmətə alışdırır:

“Alışsınlar... Bilsinlər ki, bu ölkədə kasıb əziyyətsiz yaşaya bilməz”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

ÇANTADA ODUN PARÇASI

Sakin deyir, kənd məktəbində də odun sobasından istifadə olunur. Nəvəsini məktəbə yollayanda çantasına dəftər- kitabla yanaşı odun parçası da qoyur.

Kənddə çoxunun odun almağa imkanı yoxdur. Kənd sakini Adil Səfərov müəllimdir. Deyir, kömür baha, “solyarka”dan istifadə etmək olmur. Gücləri yalnız meşədən odun daşımağa çatır:

“Ölkə başçısı İlham Əliyev hələ 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı dövlət proqramını təsdiqləyib. Ancaq bu günədək kəndimizdə qaz yoxdur. Elə kəndlər var ki, neçə ildir qaz xətti çəkilib, ancaq bircə dəfə də qaz verilməyib. Yəni, bu da bir oyundur. Sadə kəndlinin başında sınan oyun... Azərbaycanın yeraltı sərvəti olan təbii qazın yarısını satırlar, yarısını peşkəş eləyirlər. Bizimlə isə oyun oynayırlar”.

70-80 FAİZ NORMALDIR

Şabran rayon icra hakimiyyətin başçısının Əmirxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəsarət Xəlilov deyir, kənddə əvvəl çəkilən qaz xətlərinin 70-80 faizi normal vəziyyətdədir. Kənd sakinləri də dəfələrlə mavi yanacağın verilməsi üçün aidiyyəti qurumlara müraciət edib.

Qaz xətlərinin çəkilişi və kəndlərin mavi yanacaqla təminatı mərhələli şəkildə həyata keçirilir.

Xaçmaz regional qaz istismar idarəsindən “Qaynar xətt”ə deyilənə görə, ötən il Şabranda 28 kənd və rayon mərkəzi də daxil olmaqla, azı 80 faiz abonent mavi yanacaqla təmin olunub. İdarədən bildirilib ki, tezliklə Əmirxanlıya da təbii qaz veriləcək.

Buna da bax: Başqa ölkələrdə Novruz necə qeyd edilir- [Fotolar]

XS
SM
MD
LG