Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

Orta Asiyada bilik günü: məktəb, dərslik, müəllim, ...şagird çatışmır


Özbəkistan və Azərbaycan prezidentləri Qarabağda məktəb açılışında, arxiv fotosu
Özbəkistan və Azərbaycan prezidentləri Qarabağda məktəb açılışında, arxiv fotosu

Türkmənistanın Marı və Balkan vilayətlərində bəzi müəllimlər qapı-qapı gəzərək sinifləri doldurmağa şagird axtarırlar. Bu yoxsul regionların təhsil rəsmiləri 2017-ci ildə doğulmuş uşaqların azlığı ucbatından sinifləri birləşdirməyi nəzərdən keçirir. Əhalinin azalması isə iqtisadi çətinliklər üzündən yaxşı iş və həyat dalınca ölkədən axınla izah olunur.

AzadlıqRadiosunun türkmən xidmətinin qərbi Balkan vilayətindəki müxbiri bəzi məktəblərdə birinci sinif şagirdlərinin ötən illə müqayisədə 40-50 faiz azaldığını xəbər verir.

Türkmənbaşı şəhərində 1300 yerlik məktəbə cəlb olunan şagird sayı 950-ni keçməyib.

BMT-nun uşaq fondu UNICEF-in 2021-ci ildə Türkmənistanda araşdırması ölkənin ucqar rayonlarında təhsilin bərabər səviyyədə olmadığını üzə çıxarıb. Məsələn, paytaxt Aşqabadda ikinci və üçüncü sinif şagirdlərinin azı 70 faizinin təməl oxu vərdişi varda, Balkan vilayətində bu göstərici 34 faizdir.

Orta Asiyanın digər ölkələri isə müəllim, məktəb, dərslik çatışmazlığı ilə üzləşib.

Səhər və axşam növbəsi

Qazaxıstanda yeni dərs ilində azı 382 min altı yaşlı birinci sinfə gedib. Ancaq məktəblərdə ciddi yer qıtlığı var, 270 min yer azdır. Nəticədə minlərlə şagird hətta paytaxt Astanada belə, həm səhər, həm axşam növbəsinə gedirlər.

Astanada yenitikililərdə yaşayan valideynlər evlərinə yaxın məktəb tapmaqda çətinlik çəkirlər. Paytaxt rəsmiləri 26 mindən çox şagird üçün yer qıtlığı ilə üzləşdiklərini deyiblər. Uşaqların çoxu evlərindən bir neçə kilometr uzaq məktəbə getməli olurlar.

Şəhərdə səkkiz məktəbdə uşaqlar üç növbədə oxuyur, azı 20 məktəbdə isə siniflərdə şagird sayı orta göstəricidən yuxarıdır.

Təhsil ekspert Erjan Axmetjanuli AzadlıqRadiosu-na deyib ki, yeni məktəblər tikməklə problemi tam həll etmək mümkün deyil. Problemin həlli daxili miqrasiyada, regionlarda təhsilin keyfiyyətini qaldırmaqdan keçir.

“Hər il Astanada 20 min uşaq doğulursa, 20 min uşaq da regionlardan gəlir. Astana hər il 40 min uşaq üçün məktəb tapa bilməyəcək. Ona görə də bu problem regionların inkişafı yoluyla həll olunmalıdır”, – o vurğulayıb.

Qırğızıstan

Qırğızıstanda təhsil ili başlamazdan Təhsil naziri Kanıbek İmanaliyev vəzifədən çıxarılıb. Buna əsasən dərslik qıtlığı ilə bağlı böyük ictimai qınaq səbəb olub.

Rəsmilər deyirlər ki, hər bir şagirdi dövlət hesabına dərsliklə təmin etməkdən ötrü Qırğızıstana ildə azı 5 milyard som (56.7 milyon dollar) lazımdır. Dövlət hər il bu məbləğin cüzi bir hissəsini – 324 milyon som (3.6 milyon dollar) ayırır. Bu vəsaitin bir hissəsi isə valideynlərin kitablarda istifadəyə görə ödədiyi pul hesabına formalaşır.

Hər bir şagird məktəbin verdiyi hər dərsliyə görə 25 som (0.28 dollar) ödəyir.

Qırğızıstanda azı 2 min 350 orta məktəb var və demək olar, hamısı səhər və axşam növbəsində işləyir. Həm paytaxt Bişkekdə, həm də ətraf kəndlərdə məktəb çatışmazlığı böyük problemdir, siniflərdə 40-45 şagird olur.

Məktəb çatışmazlığını aradan qaldırmaqda Qırğızıstana xarici ölkələr də kömək edirlər. Ötən il Azərbaycan Bişkekdə məktəb tikintisinə kömək edib, Rusiya isə doqquz məktəbin tikintisinə kömək edib.

Ancaq ekspertlər bu yardımın problemləri tam yoluna qoymadığını deyirlər. Üstəlik, ölkədə 250 məktəb binasının qəzalı vəziyyətdə olduğu bildirilir.

Özbəkistan

Daşkənd bu yaxınlarda Azərbaycanın Qarabağ regionunda yeni məktəb tikib. Ancaq ölkənin özündə təhsil resursları çatışmazlığı yaşanır. Son illər əhalinin sürətli artımı nəticəsində azı bir milyon uşaq birinci sinfə gedir.

Prezident Şavkat Mirziyoyevin qızı, Prezident Administrasiyasının başçısı Saida Mirziyoyeva deyib ki, məktəb tikintisi doğulan uşaqların sayı ilə ayaqlaşmır.

“İlə azı 1 milyon uşaq doğulursa, bu dərs ilində birinci sinfə 1.2 milyon şagird gedəcək. Özbəkistanda 1.2 milyon şagird üçün məktəbdə yer yoxdur”, – Mirziyoyeva söyləyib.

Rəsmi məlumata görə, Özbəkistanda 10 min 522 dövlət məktəbi var, şagird sayı isə 6.5 milyondur. Nəticədə bəzi siniflərdə 40-50 şagird olur. Paytaxt Daşkənddə belə dərslər növbəlilik əsasında keçilir.

Təhsil eksperti Komil Calilov ölkə məktəblərində su və tualet probleminin, maaş azlığına görə peşəkar müəllim qıtlığının da mövcudluğunu vurğulayır.

Ekspert hakimiyyətin tez-tez fikrini dəyişərək bir sistemdən digərinə keçdiyini də qeyd edir: “Məsələn, fin standartlarının tətbiqindən çox danışırdılar, amma indi bu hay-küy azalıb, hökumət deyir ki, şagirdlər azı iki xarici dil bilməli, azı bir peşəyə yiyələnməlidirlər”.

Tacikistan

Tacikistan əhalisi son illər 10 milyonu keçib və sentyabrın 1-də 2.2 milyon şagird məktəbə gedir. Rəsmilər hökumətin 312 yeni məktəb və bağça tikdiyini bildirib. Ancaq məktəblərdə 4 minədək müəllimin çatışmadığı bildirilir.

Təhsil eksperti Muhammedsadiq Abdurazzakov yeni məktəblərdən məmnun olmadığını söyləyib.

“Möhtəşəm məktəblər tikilir, amma içində layiqli müəllimlər yoxdur. Universitet məzunu məktəbə praktikaya gəlir, heç ibtidai siniflərin kurrikulumunu anlamır. Onda müəllim kimi şagirdlərə nə öyrədə bilər?” – Abdurazzakov söyləyib.

Bəzi ekspertlər Tacikistanda müəllim çatışmazlığını xarici miqrasiya ilə izah edirlər. Ölkədə ağır iqtisadi durğunluq ucbatından Rusiyada yaşayan tacik əmək miqrantlarının sayının 3 milyona çatdığı bildirilir.

XS
SM
MD
LG