Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Pakistan 1 milyondan çox əfqanın deportasiyasına başlayıb


Pakistan-Əfqanıstan sərhədindəki Çaman keçidində əfqan miqrantlar
Pakistan-Əfqanıstan sərhədindəki Çaman keçidində əfqan miqrantlar

Pakistanda deportasiya ilə üzləşən minlərlə əfqan yenidən Əfqanıstana axışır.

İslamabad sənədsiz əfqan miqrantların Pakistanı tərk etməsi üçün noyabrın 1-dək vaxt qoymuşdu.

BMT xəbərdarlıq edib ki, Pakistan hökumətinin bu qərarı “ağır” insan haqları pozuntuları ilə nəticələnə bilər.

Noyabrın 2-ə olan rəsmi məlumata görə 165 min əfqan artıq Pakistan ərazisini tərk edib.

Pakistan hökuməti ümumilikdə 1.7 milyon miqrantın ölkədən deportasiyasına dair qərar verib. Bunlardan 1 milyondan çoxu əfqanlardır. Onlar 2021-ci ilin avqustunda Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistan ərazisinə keçiblər.

Bu da xəbər verilir ki, Pakistan polisi noyabrın 1-dən hələ də ölkədə qalan əfqanların saxlanmasına və məcburi deportasiyasına başlayıb. Bu məqsədlə onlarca saxlama məntəqəsi yaradılıb. Xəbərdə deyilir ki, sərhədin o tayında isə Taliban qaçqınların qəbulu üçün müvəqqəti keçid məntəqələri qurub.

Noyabrın 2-də Kəraçidə keçirilən polis reydində yüzdən artıq, həmsərhəd Kvetada isə 425 əfqan saxlanıb.

İslamabad çağırışları rədd edir

İslamabad bildirib ki, bu tədbir pakistanlıların “rifah və təhlükəsizliyinin” təmin edilməsi üçün keçirilir, çünki son vaxtlarda Əfqanıstan ərazisindəki silahlıların Pakistana hücumları artıb.

Taliban hökuməti Pakistanın əfqan miqrantlarla bağlı ittihamlarını rədd edib və əfqan qaçqınların olduğu bütün ölkələrdən onlara daha çox vaxt verilməsini istəyib.

Əfqanıstanın İslamabaddakı səfirliyi bildirib ki, Pakistan hökumətinin bu hərəkəti iki ölkə arasında münasibətlərə ciddi ziyan vuracaq.

Pakistan hökuməti qərarına yenidən baxması üçün BMT-nin, insan haqları qruplarının və Qərb hökumətlərinin müraciətlərini rədd edib. Bu müraciətlərdə Əfqanıstanda Taliban tərəfindən təqiblə üzləşmək riski olanların müəyyənləşdirilməsi xahiş edilib.

Xəbər verilir ki, Əfqanıstanın ən məşğul sərhəd keçidi olan Torxamda 28 min miqrant növbəyə durub.

4 milyondan çox əfqan

Pakistanda 4 milyondan çox əfqan miqrant var və bunlardan 1.7 milyonu sənədsizdir. Sənədsiz miqrantların bir çoxu demək olar bütün həyatını Pakistanda yaşayıb və ya heç vaxt Əfqanıstanda olmayıb.

Taliban hakimiyyəti zəbt edəndən bəri 600 min əfqan Pakistan ərazisinə keçib.

Pakistanın sənədsiz miqrantların ölkədən deportasiyasına dair qərarı ölkənin xaricində və daxilində tənqid edilir.

Pakistan Xalq Partiyası, Milli Demokratik Hərəkat və başqa siyasi qruplar sənədsiz əcnəbilərin ölkədən çıxarılmasının dayandırılması məqsədilə Ali Məhkəməyə müraciət ediblər.

Taliban hakimiyyətə gələndən sonra ölkədə sərt şəriət qanunları tətbiq olunur, qadınların təhsil almasına qadağan qoyulub.

Qadınlara habelə bir sıra sahələrdə işləmək və təkbaşına evdən çıxmaq qadağan edilib.

XS
SM
MD
LG