Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Olimpiya Oyunlarına Fransa necə hazırlaşır?


Fransa polisi Olimpiya halqaları qoyduqdan sonra Eyfel qülləsinin qarşısında keşik çəkir.
Fransa polisi Olimpiya halqaları qoyduqdan sonra Eyfel qülləsinin qarşısında keşik çəkir.

"Reuters" 2024-cü il Paris Olimpiya Oyunları barədə bilinməli olan başlıca bilgiləri kiçik bir izah materialında toplayıb. Burada oxuculara tarixlər, məkanlar, yeni idman növləri və güvənlik məsələlərinə dair bilgi verilir.

Olimpiya və Paralimpiya Oyunları nə zamandır?

"Paris 2024" Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, "Paris 2024" Paralimpiya Oyunları isə 28 avqust – 8 sentyabr tarixlərində keçiriləcək.

Oyunlar harada keçiriləcək?

2017-ci ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi 2024-cü il Oyunlarının Parisdə keçirilməsi haqda qərar qəbul edib. O zaman Parisin tək rəqibi olan Los-Anceles Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün daha dörd il gözləməyə razılaşıb.

Bu vaxtadək iki Olimpiadaya ev sahibliyi edən Parisdə son dəfə Olimpiya Oyunları 1924-cü ildə keçirilib. Oyunlar Paris, onun yerləşdiyi İl-de-Frans regionunda, Fransanın materik və kənar ərazilərində yerləşən 35 məkanda keçiriləcək.

"Paris 2024" Olimpiya Oyunlarında hansı yeni idman növlərinin debütü olacaq?

Breykdansın yarış forması olan breyk incəsənət və rəqsi akrobatik hərəkətlərlə birləşdirir. Breykin debütü "Paris 2024" Olimpiya Oyunlarında olacaq.

Olimpiya debütü 2020-ci il Tokio Olimpiya Oyunlarında olan karate 2024-cü il Yay Olimpiya Oyunları təşkilatçılarının təklif etdiyi idman növləri arasında yoxdur. Beysbol-softbol da "Paris 2024"də olmayacaq, ancaq 2028-ci il Los Anceles Oyunlarında yenidən qayıdacaq.

Olimpiya Oyunlarının açılış mərasimi nə zaman və necə olacaq?

"Paris 2024" Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da, Paris vaxtı ilə axşam saat 7:30-da başlayacaq. Stadionda keçirilən ənənəvi açılış mərasimi əvəzinə Sena çayı boyunca 6 kilometrlik çay paradı planlaşdırıb. Parad Eyfel qülləsinin aşağısında sona çatacaq.

Paradı Sena çayının sahillərindən 300 minədək tamaşaçı izləyəcək. Dünya auditoriyası isə bu mərasimə televiziyadan tamaşa edəcək.

Parisdəki Trokadero bağlarında qarşıdakı Olimpiya Oyunları üçün tikinti işləri aparılır
Parisdəki Trokadero bağlarında qarşıdakı Olimpiya Oyunları üçün tikinti işləri aparılır

Hansı güvənlik riskləri var və bu risklər açılış mərasiminə necə təsir göstərə bilər?

Yaxın Şərq və Ukraynadakı münaqişələr, eləcə də hücum təhlükəsi Fransa hökumətini bu il güvənlik hazırlığını ən yüksək səviyyəyə qaldırmağa məcbur edib.

Oyunlar zamanı Parisin güvənliyini Fransa polis və güvənlik güclərinin təxminən 45 min əməkdaşı qoruyacaq. Onlar bir neçə min nəfər xarici güvənlik əməkdaşından əlavə dəstək alacaqlar. Daxili işlər naziri Jerald Darmanen may ayında bildirib ki, Fransa açılış mərasiminin güvənlik təhdidlərindən, o sıradan dron hücumlarından qorunmasına 35 min güvənlik agenti cəlb edəcək.

Prezident Emmanuel Makron aprel ayında deyib ki, güvənliklə bağlı səbəblərdən ehtiyac yaranarsa, Fransa Olimpiya mərasiminin Sena çayı üzərində keçirilməsinə alternativlər də hazırlayıb.

Makron bildirib ki, alternativlərdən biri mərasimi, sadəcə, Parisin Eyfel qülləsinə baxan Trokadero meydanında keçirmək, digəri isə onu "Stad de Frans" stadionuna köçürməkdir.

Rusiya 2024-cü il Olimpiya Oyunlarına qatılacaqmı?

Rusiya iki il öncə fevralda Ukraynaya hücum edəndən bəri Beynəlxalq Olimpiya Komitəsi öncə Rusiya və müttəfiqi Belarusdan olan idmançıların beynəlxalq yarışlarda iştirakının qadağan olunmasını tövsiyə etmişdi. Ancaq Komitə sonradan onların neytral idmançı statusu ilə iştirakına icazə verib. İştirak üçün vəsiqə qazanan hər bir idmançı Beynəlxalq Olimpiya Komitəsinin təyin etdiyi üçnəfərlik panelin yoxlamasından keçməlidir. Panel onların tələblərə cavab verib-vermədiyini yoxlayır. Ukraynada aparılan müharibəni aktiv dəstəkləməmiş və hər hansı hərbi, yaxud güvənlik qurumu ilə müqavilə imzalamamış olmaları da bu tələblər arasındadır.

Rusiya və Belarusdan olan idmançılar komanda yarışlarına qatıla bilməzlər. Ancaq onların tərəfsiz idmançı statusu ilə, yəni bayraqsız və himnləri səsləndirilmədən iştirakına icazə verilib. Onların açılış paradına qatılmasına da icazə verilməyib. Rusiya bu qadağaları ayrıseçkilik adlandıraraq qınayıb və Beynəlxalq Olimpiya Komitəsini Ukraynanın konspirasiyasına qatılmaqda suçlayıb. Rusiyanın RİA dövlət xəbər agentliyinin verdiyi xəbərə görə, Rusiya Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə cavab verməyən 245 idmançıya kompensasiya ödəyib.

XS
SM
MD
LG