Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:30

Paşinyan Konstitusiya İslahatları Şurası ilə Müstəqillik Bəyannaməsini müzakirə edib


Nikol Paşinyan
Nikol Paşinyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan Konstitusiya İslahatları Şurası ilə görüş keçirib.

Azatutyun bildirir ki, bu görüş ölkə konstitusiyasından Müstəqillik Bəyannaməsinin çıxarılması ətrafında qızğın mübahisələrin getdiyi bir vaxta təsadüf edib.

Şura üzvlərindən Daniyel İoannisyanın dediyinə görə sözü gedən görüşdə bəyannamə məsələsi də gündəlikdə olub.

O Azatutyuna deyib ki, “bu məsələnin müzakirə edilməsi çox mühüm idi”.

Nikol Paşinyan analogiyadan istifadə edərək bildirmişdi ki, Müstəqillik Bəyannaməsinin konstitusiyada saxlanması "çox qorxuludur".

Baş nazir bundan əvvəl yenə də indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

"Həm preambula, həm də bəyannamə məsələsi müzakirə olunub...”

Ermənistan konstitusiyası və bu sənəddə Müstəqllik Bəyannaməsinin yer almasından rəsmi Bakı da narazılığını bildirib.

Azərbaycan iddia edir ki, Müstəqllik Bəyannaməsində başqa bir sənədə - Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşməsinə dair qərara istinad edilir.

Ermənistan rəsmiləri buna cavab olaraq deyirlər ki, Konstitusiya ölkənin daxili məsələsidir.

Azatutyun xatırladır ki, Ermənistan konstitusiyasına dəyişiklik edilməsi zərurətinə dair söhbətlər yanvar ayından başlanıb.

Bu da qeyd olunur ki, Paşinyan sözü gedən şuranın üzvləri ilə ötən həftə görüşsə də bu barədə rəsmi məlumat verilməyib.

İonnisyan bu barədə deyib:

"Həm preambula, həm də bəyannamə məsələsi müzakirə olunub, lakin biz heç bir qərar qəbul etməmişik”.

Paşinyanla yenə görüşlər olacaq, amma

Ermənistan müxalifəti hökumətin konstitusiyaya dəyişiklik etmək və Müstəqillik Bəyannaməsinə istinad edən preambula hissəsini sənəddən çıxarmaq niyyətlərinə kəskin reaksiya verib. Müxalifət iddia edir ki, Paşinyan hökuməti konstitusiyanı Azərbaycanın tələbi ilə dəyişmək istəyir.

Hökumət bu iddiaları qətiyyətlə rədd edir. Rəsmilərin sözlərinə görə konstitusiyanın dəyişdirilməsi ilə Azərbaycanla sülh müqaviləsi bağlanmasının heç bir əlaqəsi yoxdur.

Keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasının sözçüsü Artsvik Minasyan deyib ki, o hökumətin əsl niyyətini boynuna alacağına və Müstəqillik Bəyannaməsinə toxunmayacağına şübhə edir.

Daniyel İoannisyan isə deyib ki, baş nazirlə daha bir neçə görüşlər olacaq.

Amma onun fikrincə referendum məsələsi bu il və gələn üçün böyük bir ehtimalla qeyri-müəyyəndir:

“Təəssüf ki, Ermənistan Respublikası hazırda ictimaiyyatın diqqətini konstitusiya islahatlarına cəlb etmək iqtidarında deyil”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG