Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:44

Paşinyan Putinə Araik Arutyunyanın xahişi ilə zəng edib


Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağ separatçılarının lideri Araik Arutyunyan
Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağ separatçılarının lideri Araik Arutyunyan

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə Qarabağ separatçılarının lideri Araik Arutyunyanın xahişi ilə zəng edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu məlumatı Arutyunyanın özü iyulun 5-də keçirilən müşavirədə verib.

Separatçıların bu müşavirədə Paşinyan və Putin arasında telefon söhbətini müzakirə etdikləri xəbər verilir.

Ermənistan baş nazirinin ofisi bildirib ki, Putin və Paşinyan telefon söhbəti zamanı “Laçın dəhlizinin qanunsuz bağlanmasına” görə Qarabağda yaranmış “humanitar böhranı” və onun aradan qaldırılması yollarını müzakirə ediblər.

Araik Arutyunyan bundan əvvəl Rusiya prezidentinə məktub göndərmişdi.

Məktubda deyilirdi ki, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmasına görə Qarabağda təhlükəsizlik vəziyyəti və humanitar durum gündən-günə ağırlaşır.

Bu da qeyd olunurdu ki, Rusiya sülhməramlıları öz öhdəliklərinə əməl etmək üçün zəruri və təxirəsalınmaz addımlar atmalıdırlar.

Araik Arutyunyan yazmışdı ki, separatçılar bütün problemləri dinc dialoq yolu ilə həll etməyə hazırdırlar.

Kreml bildirirdi ki...

Kremlin saytında dərc olunmuş məlumatda deyilir ki, iyulun 5-də prezident Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında erməni tərəfinin təşəbbüsü ilə telefon söhbəti olub.

Məlumatda deyilir ki, söhbət zamanı Laçın dəhlizi ilə adamların və yüklərin maneəsiz keçidi də daxil Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.

Telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli bəyanatlarında nəzərdə tutulan bütün razılaşmalara kompleks şəkildə əməl olunmasının zəruriliyi vurğulanıb.

Məlumatda deyilir ki, Rusiya prezidenti Rusiya tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin işlənməsinə kömək etməyə hazır olduğunu bildirib.

İki lider təmasları müxtəlif səviyyələrdə davam etdirmək barədə razılığa gəliblər.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG