Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Lavrov deyibmiş ki, əvvəlcə Ağdam yolu açılsın, bir gün sonra Laçın – Rusiya mediası


Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 25 iyul görüşündən əvvəl
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 25 iyul görüşündən əvvəl

Rusiyanın Kommersant qəzeti dövlət strukturunun bir məmuruna istinadla yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağa humanitar yüklərin gətirilməsi ilə bağlı mübahisənin aradan qaldırılması üçün Ağdam və Laçın yollarının açılmasını təklif edib.

Həmin məmurun sözlərinə görə, bu təkliflə əvvəlcə həm Azərbaycan rəsmiləri, həm də separatçılar razılaşıblar.

Regionda yaranmış vəziyyətlə tanış olan bu məmur deyib ki, Lavrov əvvəlcə Ağdam yolunun açılmasını və bu yolla Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçilyi ilə bütün lazımi yüklərin gətirilməsini və düz bir sutkadan sonra Laçın dəhlizində hərəkətin bərpasını təklif edib.

Lakin Rusiya məmurunun sözlərinə görə separatçılar Laçın yolunun bir gün sonra deyil, eyni gündə açılmasını və Qarabağa Azərbaycan mənşəli malların gətirilməməsini tələb ediblər. Bunun ardınca isə Vaqif Xaçatryanın saxlanması baş verib və nəticədə kompromis alınmayıb.

Kommersant qəzetinin müsahibi deyib ki, Moksva vəziyyəti “çox ağır” olaraq qiymətləndirir və Bakının heç bir güzəştə hazır olmadığını düşünür:

“Vəziyyəti sakitləşdirmək üçün bizim, qərblilərin, beynəlxalq təşkilatların bütün cəhdləri heç bir fayda vermir. Bakı geri çəkilmir”.

Məmurun sözlərinə görə sonunda Ağdam yolu açılacaq.

Paşinyan Azərbaycanı ‘sülh üçün tarixi imkanı sıfırlamamağa’ çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 11-də keçirdiyi hökumət müşavirəsində Azərbaycanı Qarabağın blokadasını dayandırmağa və iki ölkə arasında sülh üçün “tarixi imkanı sıfırlayacaq” addımlar atmamağa çağırıb.

Həm Ermənistan, həm Qarabağın erməni separatçıları bildirirlər ki, Azərbaycan Qarabağı 2022-ci ilin dekabrından blokadaya salıb.

Bölgədə gərginlik Azərbaycan aprel ayında Qarabağı Ermənistanla birləşdirən Laçın yolunda sərhəd buraxılış postu qurduqdan sonra artıb.

Bakı bildirir ki, Ermənistandan Qarabağa gələn Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarında “müxtəlif qaçaqmalı” aşkar edilib.

Separatçılar Ağdam yolundan imtina edirlər

Paşinyan Qarabağın blokadasının “soyqırım” kimi qiymətləndirilməli olduğuna dair bəyanatını bir daha təkrar edib.

Azərbaycan Qarabağı blokadaya almasına dair ittihamları rədd edir və bildirir ki, Qarabağa humanitar yardım Laçın yolu ilə deyil Ağdam yolu ilə də gətirilə bilər.

Lakin Qarabağ separatçıları Ağdamdan gətiriləcək hər hansı humanitar yardımdan imtina edirlər.

Onlar deyirlər ki, Laçın dəhlizinin bağlanması Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş 2020-ci il 9 noyabr üçtərəfli bəyanatına ziddir.

Dialoq “hə”, beynəlxalq mexanizm “yox”

Paşinyan deyib ki, böhranın ən yaxşı həll yolu Azərbaycanın Laçın yolunu açması və Bakı ilə Xankəndi arasında beynəlxalq mexanizm çərçivəsində dialoqun başlanmasıdır.

Bakı bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə dialoqa hazır olduğunu bəyan edib, amma bildirib ki, bu dialoqda heç bir üçüncü tərəfin iştirakını qəbul etməyəcək.

Separatçılar bundan əvvəl Bakının dialoq üçün iki dəvətindən imtina ediblər. Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, “üçüncü dəfə dəvət olmayacaq”.

Azərbaycan rəsmiləri bunu da bildirirlər ki, separatçıların Ağdam yolu ilə gətiriləcək humanitar yardımı rədd etməsi, onların əsl məqsədinin yardım almaq olmadığını göstərir.

Rəsmi Bakı üstəlik Laçın yolunun humanitar yüklər üçün açıq olmasında israr edir.

Yerevandan gələn maşın karvanı hələ də Qarabağa buraxılmır

İyulun 26-da Ermənistandan Qarabağa 400 ton ərzaq gətirməli olan maşın karvanı artıq iki həftədir ki, Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Kornidzor məntəqəsindədir.

Azərbaycan onların Laçın postundan keçməsinə icazə vermir.

Bakı Yerevanın Qarabağa onun icazəsi olmadan humanitar yardım göndərməsini “təxribat” adlandırır.

Azərbaycan XİN bildirib ki, bu ölkənin suverenliyinə qarşı yönəlmiş qəsddir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG