Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:31

Paşinyan yeni konstitusiya layihəsinin hazırlanmasına göstəriş verdi


Nikol Paşinyan Sünik vilayətinə səfər zamanı
Nikol Paşinyan Sünik vilayətinə səfər zamanı

Ermənistanın baş naziri Nikol Paşinyan özünün yaratdığı quruma Ermənistanın yeni konstitusiyası üçün layihənin hazırlanmasına göstəriş verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bundan əvvəl Azərbaycan tərəfi iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirmişdi.

Azatutyun yazır ki, Konstitusiya İslahatları Şurası 2022-ci ildə Ermənistanın hazırkı konstitusiyasına düzəlişlərin təklif olunması məqsədilə yaradılıb.

Paşinyanın mayın 24-də imzaladığı fərmanla şuranın mandatına düzəliş edilib.

Bu mandata görə şura yeni konstitusiyanın tam mətnini 2027-ci ilin yanvarına qədər hazırlamalıdır.

Bu şuranın üzvü olan vətəndaş fəalı Artur Sakunts Azatutyuna deyib ki, şura özünün yeni mandatının müzakirəsi üçün hələ toplanmayıb.

Onun sözlərinə görə “şura üzvlərinə aydın olmayan çox sayda məqamlar var”.

Nikol Paşinyan hələ yanvar ayında demişdi ki, Ermənistanın “yeni geosiyasi mühiti” əks etdirən yeni konstitusiyaya ehtiyacı var.

O daha sonra konstitusiyanı Bakının tələbi dəyişmək istədiyinə dair müxalifətin tənqidlərini rədd etmişdi.

Problemli preambula

Bundan əvvəl prezident İlham Əliyev demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Paşinyan da ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Yeri gəlmişkən o vaxt ən ali instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı dərhal ləğv etmişdi.

Bundan başqa 1995-ci ildə qəbul edilmiş indiki Ermənistan Konstitusiyasının preambula hissəsində habelə dünya birliyinə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasına çağırış edilir.

Ermənistan konstitusiyası sülh müqaviləsinə maneədirmi?

Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 7-də açıqlanmış bəyanatında deyilirdi ki, Əliyevin Ermənistan konstitusiyasının dəyişdirilməsi zərurətinə dair bəyanatları “ölkənin daxil işlərinə kobud müdaxilədir” və Bakı belə tələblərlə “sülh prosesinin perspektivlərini sarsıdır”.

Bəyanatda bu da vurğulanırdı ki, sülh müqaviləsinin Bakı və Yerevan arasında razılaşdırılmış ilkin layihəsində bu problemin həlli nəzərdə tutulub.

Layihəyə görə tərəflər sülh müqaviləsi üzrə öhdəliklərinə əməl etməmək üçün daxili qanunverciliyə istinad edə bilməzlər.

Başqa sözlərlə rəsmi Yerevan Ermənistan konstitusiyasının sülh müqaviləsinin imzalanmasına əngəl olmadığında israr edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG