Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:37

Paşinyan: 'Ermənilər döyüşmək və ölmək istəmirlər...'


Baş nazir Nikol Paşinyan öz hakim partiyasının üzvləri qarşısında çıxış edir
Baş nazir Nikol Paşinyan öz hakim partiyasının üzvləri qarşısında çıxış edir

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu Azərbaycanla mülayim siyasətini müdafiə edərək deyib ki, ermənilərin əksəriyyəti döyüşüb qurban getməkdənsə, həyatlarını xoşbəxt yaşamaq istəyir.

Paşinyanın sözlərinə görə Ermənistanda hakim əhval-ruhiyyə belədir ki, “biz daha döyüşmək istəmirik, biz zülmlə sağ qalmaq istəmirik, biz iztirab çəkmək istəmirik, biz qurban getmək istəmirik, biz yalnız yaşamaq istəyirik”.

Baş nazir hakim “Vətəndaş müqaviləsi” partiyasının konfransında deyib:

“Xalqın öz elitasına və bizim simamızda hakim hökumət çoxluğuna mesajı budur: “Siz bizim yaşaya bilməmiz üçün, sadəcə olaraq yaşaya bilməmiz üçün şərait yarada bilərsinizmi?”

Paşinyan əlavə edib ki, bu, onun və siyasi komandasının qurmağa çalışdığı real Ermənistanın ideologiyasıdır.

“İndi də onlar 30 ilin əvəzini çıxırlar”

Baş nazir bunu da vurğulayıb ki, bu yolda Azərbaycanın ermənilərə qarşı davam edən düşmənçiliyi əsas maneədir.

Paşinyanın sözlərinə görə onun hökuməti bu çətinliyi də aradan qaldırmağa çalışmalıdır:

“Azərbaycan Ermənistana qısaca desək, söyləmək istəyir ki, “sən son 30 ildə mənim yaşamağıma imkan verməmısən, indi də mən sənə yaşamaq imkanı verməyəcəyəm, qisas alacağam”.

Azatutyun yazır ki, Paşinyanın bəyanatları iyunun 24-də Ermənistanın əsas müxalifət partiyaları tərəfindən pislənib.

Müxalifət 2020-ci il müharibəsində məğlubiyyətə və bunun ardınca Qarabağın itirilməsinə görə məhz Paşinyanı ittiham edir.

“Biz dinimizdən, torpaqlarımızdan üz çevirməliyik?”

Keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasından Artur Xaçaturyan bunu da deyib ki, bu “xəyanətkar siyasət” indi Ermənistanın varlığı üçün təhlükə yaradır:

“Onun ortaya qoyduğu konsepsiya belədir: “Biz müharibənin qarşısının alınması üçün türklərə bütün məsələlərdə boyun əyməliyik. Amma əgər müharibə olsa, ölkəmizin açarlarını türklərə verməli və Türkiyə vilayətinə çevrilməliyik ki, iztirab çəkməyək?”

Xaçaturyan Azatutyuna deyib ki, ölkə yaşaya bilmək üçün öz sərhədlərini düşməndən qoruya bilməlidir.

Müxalifətçinin sözlərinə görə Paşinyan ölkənin dövlətçiliyini məhv edir. Daha bir keçmiş prezident Serj Sarkiyanın “Şərəfim var” fraksiyasından Hayk Mamicanyan da tənqidlərə qoşulub:

“Belə çıxır ki, biz yaxşı yaşamaq, uşaqları böyütmək və xoşbəxt olmaq üçün dinimizdən, torpaqlarımızdan və şəhidlərimizin xatirəsindən üz çevirməliyik”.

Mamicanyanın sözlərinə görə Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin sülh istəmədiyini bilə-bilə ermənilərin öz “milli təhlükəsizliklərindən” keçməsini istəyir.

Azərbaycanın “qılığına girmək” siyasəti

Azatutyun xatırladır ki, Paşinyan sözü gedən bəyanatları bir aya yaxın davam etmiş antihökumət etirazlarının ardınca səsləndirib.

Bu etirazlar Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonunda adamların sərhədin demarkasiyasından narazı qalmasına görə başlanmışdı.

Erməni Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın başçılıq etdiyi hərəkat əvvəlcə izdihamlı mitinqlər keçirsə də, sonradan bu etirazlar zəifləyib.

Azatutyun xatırladır ki, Paşinyan hətta etirazlardan əvvəl də müharibənin qarşısının alınması üçün Azərbaycana güzəştlər etməyin zərurətindən danışırdı.

Müxalifət isə bu qənaətdədir ki, Azərbaycanın “qılığına girmək” siyasəti iki ölkə arasında sülhlə nəticələnməyəcək.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG