Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:37

​​​​​​​50 min dollara görə ‘öz ayağına atəş açan’ əsgərlər


Rusiyalı əsgər Zaporojye AES yaxınlığında
Rusiyalı əsgər Zaporojye AES yaxınlığında

Desantçı Ukrayna ərazisində bağ evləri, kəndlərin içiylə keçərkən qaşqabaqlı dinc sakinləri gördüklərini qeyd edir: "Bəzi evlərin üstündə Ukrayna bayraqları asılmışdı..."

Rusiyalı desantçı Pavel Filatyev Krımdakı bazadan “rutin təlim”ə göndərildiyi Ukraynada bir aydan çox döyüşüb.

34 yaşlı Filatyev aprelin əvvəlində yaralanır. Rusiya Prezidenti Vladimir Putinin səbəb olduğu fəlakətdən sarsılmış əsgər sonrakı beş həftə ərzində xatirələrini yazır, ümid edir ki, müharibə haqda həqiqəti ölkəsinə danışarsa, onu dayandırmağa kömək edə bilər.

“Ukraynanı bizim meyitlərimizlə doldurmağa qərar veriblər”

141 səhifəlik gündəlik bu ay Rusiyanın VKontakte sosial şəbəkəsində yerləşdirilib. Bu gündəlik Ukraynanın cənubundakı Xerson və Nikolayevə hücumların rusiyalı əsgərin gözüylə günbəgün təsviridir.

“The Washington Post” sənəddə dağınıq ordunun təsvir olunduğunu yazır: komandirlər məlumatsız və çaşqın vəziyyətdədir, avadanlıq köhnə və paslıdır, əsgərlər işğal olunmuş yerlərdə yemək axtarırlar... Desantçı yazır ki, əsgərlər hökumətin yaralı hərbçilərə vəd etdiyi 50 min dolları almaq üçün öz ayaqlarına atəş açırdılar. O, dost gülləsindən yerlə yeksan edilən hərbi hissələri təsvir edir. Filatyev Rusiya dövlət mediasını Kremlin “mənəvi haqqı” çatmadığı müharibəni əsaslandırmağa çalışmaqda ittiham edir.

“Onlar sadəcə, bu müharibədə Ukraynanı bizim meyitlərimizlə doldurmağa qərar veriblər”, – o vurğulayır.

Rusiyadan qaçıb

Filatyev ötən həftə Telegram şəbəkəsi vasitəsilə “The Washington Post”la yazışıb. O, gündəliyinin dərcinin risklərindən agah olduğunu deyir. Hazırda adı orduda gedir, ötən həftə “Gulagu.net” insan haqları şəbəkəsinin köməyilə Rusiyadan qaçıb. Ancaq təhlükəsizlik səbəblərindən yerini açıqlamır.

Qəzet əsgərin icazəsiylə onun gündəliyindən bəzi hissələri dərc edib, amma yazılanları müstəqil təsdiqlədə bilməyib. Filatyev Krımda yerləşən 56-cı Hava Hücumu Alayında xidmət keçməsinə dair hərbi vəsiqəsini təqdim edib. O, cəbhədən qayıdandan sonra göz xəsarətindən müalicə olunmasını təsdiqləyən sənədlərini də göstərib.

“Bu heç nəyi dəyişməyə bilər. Ancaq bu ağılsızlıqda iştirak etməyəcəyəm”, – o bildirir.

Çeçenistanla müqayisə

Filatyev Krımdakı təlim düşərgəsi haqda yazır ki, hətta çadır və palçıq çadırlarda yaşadıqları Çeçenistanda onların yaşam şəraiti daha yaxşı təşkil olunmuşdu. “Burada yuyunmağa yer yox idi, yemək dəhşətli idi. Məndən və daha beş nəfərdən sonra gələnlər üçün nə yuxu çantası, nə kamuflyaj, nə zireh, nə dəbilqə vardı.

Mənə nəhayət avtomat verdilər. Məlum oldu ki, kəməri qırıqdı, özü paslıdı, qaydasına salmaq üçün bir müddət yağda saxladım”, – o yazır.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Desantçı Ukrayna ərazisində bağ evləri, kəndlərin içiylə keçərkən qaşqabaqlı dinc sakinləri gördüklərini qeyd edir: “Bəzi evlərin üstündə Ukrayna bayraqları asılmışdı. Qarışıq hisslər oyanırdı, bir tərəfdən bu adamların cəsarətinə sayqı, digər tərəfdən bu rənglərin indi düşmənə məxsus olması hissləri...”.

“Bir nənə piroqumuzu zəhərlədi”

Filatyevin olduğu karvan Xersona çatır, yerli aeroportu mühasirəyə alır, yol boyu kəndlərdə mağazaları talan edir. Üçüncü gün karvana Xersona girmək əmri verilir. Filatyevə arxada qalmaq, gərəkərsə, cəbhə xəttini minaatandan atəşə tutmaq göstərişi verilir. O bütün günü uzaqda atışma səsi eşitdiyini yazır. Xerson Rusiyanın işğal zamanı ələ keçirdiyi birinci böyük liman olur.

Desantçı artilleriya atəşi nəticəsində bəzi kəndlərin yoxa çıxdığını qeyd edir: “Hamı getdikcə daha qəzəbli olurdu. Bir nənə piroqumuzu zəhərlədi. Hamıda göbələk yarandı, kiminsə dişi çıxdı, dərisi soyuldu. Çoxu müzakirə edirdi ki, qayıdanda təchizatın olmaması, səriştəsiz rəhbərliklə bağlı rəhbərlikdən necə hesabat istəyəcəklər. Bəziləri yorğunluqdan növbədə yatmağa başladı. Bəzən Ukrayna radiosunun dalğasını tuturduq, bizə çirkab yağdırır, adamyeyən deyirdilər, lap qeyzlənirdik. Ayaqlarım, kürəyim bərk ağrıyırdı, ancaq xəstəliyə görə heç kəsi evakuasiya etməmək əmri gəlmişdi. Elə hey deyirdim ki, sağ qalsam, dəyişmək üçün hər şeyi edəcəyəm...”.

Orduda narazılıq

Aprelin ortasında artilleriya atəşi nəticəsində gözünə qum dolan Filatyev beş günlük əziyyətdən sonra cəbhədən çıxarılır.

“Çoxlarından fərqli olaraq sağ qaldım. Vicdanım deyirdi ki, bu ağılsızlığı dayandırmağa çalışmalıyam... Bizim başqa bir ölkəyə, xüsusilə bizə yaxın olan birinə hücum etməyə mənəvi haqqımız çatmırdı”, – əsgər yazır.

O, orduda əksəriyyətin orda baş verənlərdən, hökumətdən, komandanlıqdan, Putin və siyasətindən, orduda xidmət keçməmiş Müdafiə nazirindən narazı olduğunu iddia edir.

“Bütün rusiyalıların və ukraynalıların əsas düşməni propaqandadır, adamlara daha da nifrət aşılayırlar. Bunu sakitcə izləyə bilmirəm”, – Filatyev qeyd edir.

“ZOV”

Fransada işləyən insan haqları fəalı Vladimir Oseçkin avqustun 17-də deyirdi ki, komandasıyla birlikdə Pavel Filatyevin Rusiyadan “təcili” çıxmasına yardım edib. Filatyevin rusca “ZOV” (Çağırış) adlı kitab yazdığı bildirilirdi. Kitabın adında “Z” və “V” hərfləri Ukraynaya daxil olan Rusiya hərbi texnikasının üzərinə vurulur, Rusiyada ordu və işğala dəstəyi ifadə edir.

Rusiyadan qaçmazdan öncə “The Guardian” qəzetinə müsahibə verən Filatyev demişdi ki, kitabı çapdan çıxandan sonra o, mümkün həbsdən yayınmaq üçün bir neçə dəfə ünvanını dəyişib.

Filatyev özünə qarşı cinayət işi açılıb-açılmamasından xəbəri olmadığını sözlərinə əlavə edib.

Rusiyada ordu haqda “bilərəkdən saxta informasiya” yaymağa görə 15 ilədək həbs cəzası kəsilə bilər.

XS
SM
MD
LG