Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:42

Azərbaycan dini qadağaların 'ən yüksək' olduğu ölkələrdəndir


Bakı məscidində namaz
Bakı məscidində namaz

2015-ci ildə dünyada dinə məhdudiyyətlər artıb. Bu barədə «Pew» Araşdırmalar Mərkəzi hesabat yayıb. Mərkəzin dinə qlobal qadağalarla bağlı illik hesabatında bildirilir ki, bu sahədə hökumət məhdudiyyətləri və sosial ədavət 2015-ci ildə son 3 ilin ən yüksək səviyyəsinə çatıb.

2 İNDEKS

Mərkəz ona görə 2015-ci ili seçib ki, ən son məlumatlar məhz həmin illə bağlıdır. 198 ölkə və ərazidə hökumətin dini məhdudiyyətləri öyrənilib.

Hökumətin Məhdudiyyətləri İndeksi (GRI) hökumətin dini inanc və təcrübələri məhdudlaşdıran qanunlarını, siyasətini və tədbirlərini dəyərləndirir. GRI-yə 20 növ məhdudlaşdırıcı tədbir– hökumətin konkret inancları, din dəyişməyi yasaqlama cəhdləri, eləcə də dini təbliği məhdudlaşdırması, bu və ya digər dini qrupa üstünlük verməsi daxildir.

Sosial Ədavət İndeksi (SHI) isə ayrı-ayrı fərdlərin, təşkilat və qrupların dini düşmənçilik hərəkətlərini ölçür. Buraya dinə bağlı siyasi münaqişə və terrorçuluq, qaragüruh və məzhəb zorakılığı, dini geyimə görə qısnama, yaxud dinə bağlı digər qorxutma və sui-istifadə halları daxildir. Bu indeksə sosial düşmənçiliyin 13 tədbiri salınıb.

Gürcüstanda kilsə.
Gürcüstanda kilsə.

AZƏRBAYCAN VƏ QONŞULARI

Azərbaycan Hökumətin Məhdudiyyətləri İndeksinə görə, «ən yüksək» kateqoriyaya, yəni qadağaların ən çox olduğu ölkələr sırasına yerləşdirilib. Burada İran, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan və Qazaxıstan da yer alıb.

Cənubi Qafqazdan Gürcüstan və Ermənistan qadağaların «orta» dəyərləndirildiyi ölkələr sırasındadır.

Sosial Düşmənçilik İndeksinə görə, Azərbaycan «orta», Ermənistan və Gürcüstan «yüksək», Rusiya «çox yüksək» sıralamadadır.

Qeyd edək ki, bu hesabatda deyilənlərə hakimiyyətdən, hələlik, münasibət açıqlanmayıb. Amma hökumət təmsilçiləri, ənənəvi olaraq, ölkədə heç bir dini yasağın qoyulmadığını, bütün dini azadlıqların tam təmin olunduğunu bildirirlər.

DİGƏR ÖLKƏLƏR

Misir, Çin, İran və Rusiya hökumət qadağalarına görə öndə gedirlər, «ən yüksək» qadağaların olduğu kateqoriyaya salınıblar.

Dünyanın 25 ən çox əhali yaşayan ölkələri sırasında Rusiya, Misir, Hindistan, Pakistan və Nigeriya həm yüksək hökumət qadağaları, həm də sosial ədavət olan ölkələr sırasındadırlar. 2015-ci ildə Misir hökumət qadağaları, Nigeriya isə sosial ədavət üzrə liderlik edib.

Miqrantlar İtaliya-Fransa sərhədində namaz qılırlar.
Miqrantlar İtaliya-Fransa sərhədində namaz qılırlar.

Yaxın Şərq və Şimali Afrika regionunda hökumətlər daha çox dini qruplara qarşı qısnama və gücə əl atıblar (95%). Avropada isə 2015-ci ildə bu yöndə artım gedib. Regiondakı 45 ölkənin yarıdan çoxunda (53%) hökumət daha çox qısnama və gücdən yararlanıb.

Avropanın iki ölkəsində – Fransa və Rusiyanın hər birində hökumətin dini qruplara qarşı 200-dən çox tədbiri qeydə alınıb. Bu, daha çox Fransada fərdlərin ictimai məkanlarda və hökumət binalarında baş və üz örtüyü geyinməsi, Rusiyada isə dini inancın açıq büruzə verilməsiylə bağlı olub.

MİQRANTLAR

2015-ci ildə 1.3 milyon miqrant Avropada sığınacaqdan ötrü müraciət edib. 1992-ci ildə, Sovet İttifaqı dağılanda bu rəqəm 700 min idi. 1.3 milyon miqrantın yarından çoxu (54%) 3 müsəlman ölkəsindən – Suriya, Əfqanıstan və İraqdan gedib.

Araşdırmaya rəhbərlik etmiş Katayoun Kishi artım tendensiyasını məhz qaçqın axını ilə əlaqələndirir. «Avropadakı müsəlmanlar özəlliklə hökumətin təpkisiylə üzləşiblər», – o, «The Wall Street Journal» qəzetinin Avropa nəşrinə deyib.

«Pew» səkkizinci ildir dünyada dinə qarşı məhdudiyyətləri və ədavəti öyrənir. 2012-ci ildən bəri bu sahədə azalma qeydə alınırdı. Amma 2015-ci ildə durum dəyişib, hər bir regionda dini yasaqlar çoxalıb.

XS
SM
MD
LG