Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:48

ABŞ kəşfiyyatı: Həqiqəti Putindən gizlədirlər


ABŞ rəsmisi deyir ki, Putin hər halda hərbçilərin cəbhədəki əsl vəziyyəti ondan gizlətdiklərini hiss edir

ABŞ kəşfiyyatının təxminlərinə görə Rusiya prezidenti Vladimir Putinin müşavirləri Rusiya qoşunlarının Ukraynadakı “real nailiyyətləri” barədə həqiqəti ondan gizlədirlər.

Bu barədə məlumatı ABŞ administrasiyasından adının çəkilməsini istəməyən rəsmiyə istinadən Associated Press agentliyi verib.

Həmin rəsminin sözlərinə görə, məsələn müddətli xidmətdə olan əsgərlərin hərbi əməliyyatlarda iştirak və həlak olması barədə məlumatlar Putindən gizlədilir.

Rusiya prezidenti bundan əvvəl demişdi ki, Moskvanın “xüsusi əməliyyat” adlandırdığı bu müharibədə yalnız müqaviləli hərbçilər iştirak edirlər.

Lakin daha sonra Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda müddətli əsgərlərin iştirak etməsini və bəzilərinin əsir düşməsini etiraf etmişdi.

Nazirlik bildirirdi ki, Ukraynaya aparılmış müddətli xidmət hərbçiləri artıq Rusiyaya qaytarılıblar.

Putin belə hallara yol verilməsinin prokurorluq tərəfindən araşdırılmasına göstəriş vermişdi.

Rəsminin dediyinə görə Putindən habelə Qərb sanksiyalarının ölkənin iqtisadiyyatına vurduğu ziyanın həqiqi miqyasları gizlədilir.

Administarsiya nümayəndəsi iddia edib ki, Putinin çevrəsi ona həqiqəti deməkdən qorxur.

Lakin rəsmi bunu da qeyd edir ki, Putin hər halda hərbçilərin cəbhədəki əsl vəziyyəti ondan gizlətdiklərini hiss edir.

Ziddiyyətlər və strateji səhv

Bu da qeyd olunur ki, belə bir vəziyyət artıq Putinlə hərbiyyə rəhbərləri arasında müəyyən ziddiyyətlərə səbəb olub.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Putin ictimaiyyət arasında az-az görünür.

Azsaylı çıxışları zamanı prezident “xüsusi əməliyyatın” plan üzrə getdiyini vurğulayır.

Rusiya rəsmi olaraq Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” ideyasından geri çəkilməyib.

Buna baxmayaraq Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski deyib ki, Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi və neytrallığa dair öhdəlik götürməsi Moskvanın əsas tələblərinə cavab verir.

ABŞ kəşfiyyatının bu məlumatı üzərindən məxfilik yenicə qaldırılıb.

Bundan əvvəl prezident Co Bayden kəşfiyyat məlumatları barədə danışmaqdan imtina etmişdi.

Administrasiya rəsmisi bildirib ki, Ukraynada hazırda durğunlaşmış müharibədə Rusiya qüvvələri ağır itkilərə məruz qalıb.

Ukraynalıların qızğın müqaviməti ilə üzləşən Rusiya hərbçiləri arasında ruh düşkünlüyünün hökm sürdüyü bildirilir.

ABŞ rəsmiləri deyirlər ki, Putin Rusiyanın Sovet İttifaqının süququ ilə itirdiyi nüfuzu geri qaytarmağa çalışır.

Ağ Evin kommunikasiyalar direktoru Keyt Bedinqfild deyib ki, bütün bunlar Rusiyanın strateji səhvi ilə nəticələnib.

Ukrayna Rusiyanı razılaşmanı pozmaqda günahlandırır
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Avtokratiyaların “Axilles dabanı”

ABŞ kəşfiyyatının son məlumatları barədə suallara cavab verən dövlət katibi Entoni Blinken deyib ki, Kreml daxilindəki dinamikada müşavirləri Putinlə açıq danışmaqdan çəkinirlər:

“Avtokratiyaların Axilles dabanı da ondadır ki, bu sistemlərdə hakimiyyətə həqiqəti deyən, həqiqəti deyə bilən adamlar olmur. Biz bugün Rusiyada məhz bunu görürük”.

Sözü gedən rəsmi kəşfiyyatın bu məlumatları hansı mənbədən aldığı barədə şərh verməyib.

Yeni kəşfiyyat materiallarının açıqlanmasından az əvvəl Ağ Ev bildirmişdi ki, Moskvanın Kiyev ətrafında hücumlarını səngidəcəyinə dair vədi inandırıcı görünmür.

Bu vəddən sonra da Kiyevin və başqa böyük şəhərlərin bombardmanı davam etdirilib.

Pentaqon martın 30-da bildirib ki, son 24 saat ərzində Rusiyanın Kiyev ətrafındakı bəzi hərbi birləşmələri şimala - Belarus sərhədinə doğru hərəkət edir.

Pentaqonun sözçüsü Con Körbi deyib ki, ABŞ buna geri çəkilmə yox, qoşunların yenidən qruplaşdırılması kimi baxır.

Rəsmilər bildiriblər ki, Vladimir Putinin COVID pandemiyası dövründə uzun müddət ətraf aləmdən təcrid olunması da onun Ukraynanın tez bir zamanda ram ediləcəyinə dair qeyri-realist baxışlarını gücləndirib.

XS
SM
MD
LG