Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:34

Putin nüvə silahına əl atsa


Vladimir Putin (Kollaj)
Vladimir Putin (Kollaj)

Ukraynada tammiqyaslı müharibəyə başlayandan bəri Rusiya prezidenti Vladimir Putin müntəzəm olaraq Qərbi nüvə silahı ilə təhdid edir

Rusiya “əgər buna zərurət olarsa”, nüvə silahından istifadə edə bilər.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.

Keçmiş prezidentin sözlərinə görə bu yalnız o halda mümkün olacaq ki, Rusiyaya qarşı təhlükə “müəyyən edilmiş həddən yuxarı” olsun.

Ukraynada tammiqyaslı müharibəyə başlayandan bəri Rusiya prezidenti Vladimir Putin müntəzəm olaraq Qərbi nüvə silahı ilə təhdid edir.

O son belə təhdidi sentyabrın 27-də Ukraynada keçirdiyi qondarma referendumların başa çatdığı gündə səsləndirib.

ABŞ Rusiyaya xəbərdarlıq edib ki, Ukraynada nüvə silahının tətbiqi “fəlakətli nəticələrə” səbəb olacaq və Moskvaya qətiyyətli cavab veriləcək.

Rusiyadakı NATO informasiya bürosunun keçmiş rəhbəri, Kazimir Pulaski Fondunun elmi işçisi Robert Pşel AzadlıqRadiosununun Current Time telekanalına deyib ki, vəziyyət məşhur Çarli Çaplinin “Diktator” filmindəki situasiyanı xatırladır:

“Nüvə silahından istifadə o deməkdir ki, Kremldəki adam qətiyyən heç nə ilə hesablaşmır, hamı üçün, ilk növbədə Rusiya üçün fəlakətlə nəticələnəcək yolu başlamağa hazırdır. Hər bir ötən həftə ilə Putinin real dünya ilə əlaqəsinin nə dərəcədə qalması barədə şübhələr artır. Məndə belə bir təsəvvür var ki, o, beynəlxalq birlik bir yana, heç Rusiyanın özündə baş verənləri dərk eləmir. Nə əlavə edim? NATO hər halda cəbbəxanasında həm adi, həm də nüvə silahları olan kollektiv təhlükəsizlik təşkilatı olaraq qalır”.

Rusiya Rubikonu keçsə...

Pşelin fikrincə Putin hər halda nüvə silahına əl atsa, Qərbin reaksiyası sanksiyalar yox, bundan daha ciddi tədbirlər olacaq:

“Ekspertlər hesab edirlər ki, əgər Ukraynada nüvə silahı tətbiq edilsə, Rusiya hədəfərinə amma daha güclü silahlarla zərbələr endirilməsi mümkündür. Bu halda Rusiya Rubikonu keçmiş olardı. 1945-ci ildən bəri heç kəs belə silahdan istifadə etməyib”.

Ekspert düşünür ki, əğər Moskva belə bir addım atsa, təkcə NATO-nun deyil, bütün dünyanın, lap elə Çinin nə qərar qəbul edəcəyi məlum deyil:

“Bu halda Rusiya bir dəqiqənin içərisində 100 faiz izqoya çevriləcək. Putinin başında min cür fikir var. O dünyanı anlamır, öz ölkəsinin maraqlarını anlamır və yəqin ki, ona verilən hansısa məsləhətlərlə hesablaşmır. Mən inana bilmirəm ki, məsələn Rusiya hərbçiləri onların özü üçün də fəlakətlə nəticələnəcək qərar qəbul etsinlər”.

Qərbin planı varmı?

Ekspertin firkincə, lap nüvə zərbəsi təhlükəsi olsa belə, heç kəs referendumların ardınca Ukrayna ərazilərinin Rusiya ərazisi elan edilməsini tanımayacaq:

“Bu çox mühümdür, çünki yarım il bundan əvvəl heç də hamı Putinin davranışını başa düşmürdü. Amma bugün hər şey dəyişib. İndi hamı başa düşür. İndi təkcə Putinin nə edəcəyi barədə düşünmək azdır. Normal dünyanın buna cavabını düşünmək lazımdır”.

Financial Times qəzetinin mənbələri bildiriblər ki, Qərb ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə ona cavab verilməsinin planı üzərində işləyirlər.

Onlar düşünürlər ki, Qərb Rusiyanın nüvə zərbəsinə adi silahlarla da cavab verə bilər.

Qəzetin mənbələrindən biri deyib ki, Qərbin çox sayda “qırmızı xətləri” var və bu xətlər heç də Rusiya rəhbərliyinin təsəvvür etdiyi yerdən keçməyə bilər.

XS
SM
MD
LG