Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:45

Putin vaqnerçilərə şərt qoyur, Priqojin bəyanat verir


Rusiya prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin qaldırdığı qiyam zamanı hərbi təyyarəçilərin həlak olduqlarını etiraf edib.

Bundan əvvəl belə bir məlumat rəsmən açıqlanmamışdı.

Putin deyib ki, “həlak olmuş təyyarəçilərin igidliyi Rusiyanı qoruyub saxladı”.

Onun sözlərinə görə Vaqner döyüşçülərindən sui-istifadə etmək istəyiblər. Bununla yanaşı Putin “yeganə düzgün qərar qəbul etmiş və son xətdə dayanmış” muzdlulara təşəkkürünü bildirib.

O vaqnerçilərə ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağı, ya evlərinə, ya da Belarusa getməyi təklif edib:

"Kim istəsə Belarusa gedə bilər. Verdiyim vəd yerinə yetiriləcək. Təkrar edirəm seçim hər birinizindir, amma əminəm ki, bu, öz faciəli səhvlərini başa düşmüş Rusiya döyüşçülərinin seçimi olacaq”.

Lukaşenkaya minnətdarlıq

Putin iddia edib ki, qan tökülməsinin qarşısının alınması üçün addımlar hadisələrin başlanğıcından – iyunun 24-dən onun birbaşa göstərişi ilə atılıb:

"Bunun üçün, həm də səhv edənlərin bir daha düşünməsi və onların hərəkətlərinin cəmiyyət tərəfindən qəti rədd edildiyini, cəlb olunduqları avantüranın Rusiya üçün, dövlətimiz üçün hansı faciəli, dağıdıcı nəticələrə gətirib çıxaracağını anlaması üçün vaxt lazım idi”.

Putin hesab etdiyini bildirib ki, qıyamın dayandırılmasında "rusiyalıların vətənpərvər əhvalı həlledici rol oynayıb".

O habelə Belarusun başçısı Alyaksandr Lukaşenkaya “situasiyanın sülh yolu ilə çözülməsində oynadığı rola görə” təşəkkürünü bildirib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya prezidentinin müraciəti beş dəqiqədən də az çəkib və buna görə Birinci kanalın efirini dayandırıblar.

Kremlin sözçüsü Dmitri Peskov bu çıxışın anonsunu verərkən deyib ki, bu bəyanatlar “heç bir mübaliğəsiz Rusiyanın taleyini müəyyən edəcək”.

Ukrayna ordusu daha bir kəndi azad etdi: Rusların Krımla quru əlaqəsini kəsməyə çalışır
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Priqojin qiyamdan sonra ilk dəfə bəyanat verib

Vaqner özəl hərbi şirkətinin təsisçisi, biznesmen Yevgeni Priqojin qiyamdan sonra ilk dəfə şərh verib.

O teleqram kanalında dərc olunmuş səs yazısında deyir ki, bu hadisəyə Vaqner şirkətinin ləğv olunması planları səbəb olub:

"İntriqalar, düşünülməmiş qərarlar nəticəsində Vaqner hərbi birləşməsi 2023-cü ilin iyulunadək ləğv olunmalı idi”.

Vaqnerin təsisçisi iddia edib ki, muzdluların yalnız “bir-iki faizi” Müdafiə Nazirliyinin tərəfinə keçib.

Onun sözlərinə görə qalanları bundan imtina ediblər, çünki bu, “döyüş qabiliyyətinin tamamilə itirilməsinə gətirib çıxarar, təcrübəli döyüşçülər, təcrübəli komandirlər parçalanar və ət maşınına gedərdilər”.

Kiyevə hücumu Vaqner etsəydi...

Priqojin bunu da iddia edib ki, döyüşçülərin Müdafiə Nazirliyinin tabeçiliyinə keçirilməsi planlarına baxmayaraq özəl hərbi şirkətin rəhbərliyi inventarlaşdırma aparıb.

O bildirib ki, bundan sonra, iyunun 30-da Rostov-Don şəhərində bütün texnikanın xüsusi hərbi əməliyyat qərargahına verilməsi planlaşdırılırdı, amma helikopterlər zərbə endirib və özəl şirkətin 30 muzdlusu həlak olub:

"Biz bir sutkada 780 kilometr yol qət etdik, Moskvaya 200 kilometrdən bir qədər çox yol qalırdı. Bir əsgər də həlak olmadı. Biz təəssüf edirik ki, aviasiya vasitələrinə zərbə vurmalı olduq. Bu yürüşün məqsədi Vaqner şirkətinin məhv edilməsinə yol verilməməsi və xüsusi hərbi əməliyyat zamanı öz qeyri-peşəkar hərəkətləri ilə çox sayda səhv etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi idi. Bunu cəmiyyət tələb edirdi”.

Priqojin onun ordusunun dayanmasını və Moskvaya yürüşdən çəkilməsini “rus qanı axıtmamaq” istəyi ilə izah edib:

"Ədalət yürüşü bundan əvvəl dediyimiz bir çox məsələləri göstərdi. Ölkə ərazisinin təhlükəsizliyində çox ciddi problemlər var. Biz yolumuz boyunca bütün hərbi hissələri və aerodromları bloklayırdıq. Bizim 24 saatda keçdiyimiz məsafə 2022-ci il fevralın 24-də xüsusi hərbi əməliyyatın başlanığı yerdən Kiyevə qədər, oradan isə Ujqoroda olan məsafə qədər idi.”

Priqojin iddia edib ki, “xüsusi hərbi əməliyyatı” onun qüvvələri həyata keçirsəydi, bu əməliyyat bir neçə sutka çəkərdi.

Belarusda vaqnerçilər üçün düşərgələr

Bu arada bəzi xəbərlərə görə Belarusda Vaqner muzdluları üçün çadır düşərgələr hazırlanır.

Vyorstka saytının yazdığına görə bu düşərgələrdən birində, Mogilyov vilayətinin Osipoviçi şəhəri yaxınlığında 8 min döyüşçü yerləşə bilər. Bu şəhər Ukrayna sərhədindən 200 kilometr aralıdadır.

Bir neçə belə düşərgənin qurulacağı bildirilir.

Bu arada Rusiyanın özündə Vaqner qrupuna döyüşçü səfərbər edən məntəqələrin yenidən açıldığı xəbər verilir. TASS agentliyi bildirir ki, Novosibirsk və Tümendə yeni qəbul məntəqələri açılıb.

Bu da qeyd olunur ki, Vaqner şirkətinin iyunun 24-də yığışdırılmış reklam lövhələrini bərpa ediblər. Sankt Peterburqda Vaqner mərkəzi yenidən işə başlayıb.

XS
SM
MD
LG