Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Bayden: Putinin Ukraynaya müdaxiləsi iflasa uğrayıb


Prezident Co Bayden BMT Baş Assambleyasının tribunasında
Prezident Co Bayden BMT Baş Assambleyasının tribunasında

ABŞ prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasında etdiyi çıxışda deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsi “özünün əsas məqsədində iflasa uğrayıb”.

O deyib ki, “Putin Ukraynanı məhv etmək istəyirdi, amma Ukrayna hələ də öz yerində azaddır”:

"İndi dünya - ya Ukraynaya dəstəyi davam etdirmək, ya da təcavüz qarşısından geri çəkilmək arasında seçim etməlidir”.

Baydeni dinləyənlərin arasında olan Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl Baş Assambleyanı Rusiyanın onun ölkəsi üzərinə hücumunu müzakirə etməyə çağırmışdı:

"Biz sadəcə olaraq terroru dayandırmalıyıq. Təhlükəsizliyi əldə etməliyik. Gələcəyimizi qorumalıyıq. Biz Rusiyanın bütün qlobal qaydaları pozan bu cinayətkar və səbəbsiz təcavüzünə son qoymalıyıq”.

İsrailə və HƏMAS-a çağırış

Bayden BMT Baş Assambleyasında ABŞ prezidenti kimi son çıxışında habelə Qəzzadakı müharibədən söz açıb, İsraili və Birləşmiş Ştatlarda və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınmış HƏMAS-ı Vaşinqtonun regiondakı partnyorları ilə birlikdə aylardır üzərində işlədiyi atəşkəs təklifini yekunlaşdırmağa çağırıb.

Baydenin sözlərinə görə “dünya yaxasını 7 oktyabr dəhşətindən kənara çəkməməlidir”. Ötən il oktyabrın 7-də HƏMAS-ın cənubi İsrail üzərinə basqını nəticəsində 1200 nəfər öldürülmüş və 250-dən çox insan girov götürülmüşdü.

Bununla belə Bayden israr edib ki, “ABŞ, Qətər və Misirin birgə razılaşma təklifi “girovları evlərinə qaytaracaq, İsrailin təhlükəsizliyini təmin edəcək, Qəzzanı HƏMAS-ın çəngindən qurtaracaq və Qəzzanın iztirablarına və müharibəyə son qoyacaq”.

“Dünyanın bundan da ümidsiz vaxtları olub”

ABŞ prezidenti habelə Livanda başlana biləcək tammiqyaslı müharibə barədə xəbərdarlıq edib. Bundan bir gün əvvəl İsrailin ABŞ və başqa ölkələrdə terrorçu təşkilat kimi tanınan Hizbullahın Livandakı mövqelərini hədəfləyən hava bombardmanı nəticəsində yüzlərlə ölən olub:

"Tammiqyaslı müharibə heç kəsin marağında deyil. Vəziyyətin eskalasiya edilməsinə baxmayaraq diplomatik həll hələ də mümkündür”.

Bayden bunu da xatırladıb ki, BMT İranın nüvə silahı əldə etməsinin qarşısını almalıdır.

Şərhçilər deyirlər ki, ikinci prezidentlik müddəti üçün yarışdan vitse-prezident Kamala Harrisə yol açılması üçün çıxan 81 yaşlı Bayden öz çıxışında nikbinlik ifadə edib.

O deyib ki, senator, vitse-prezident və prezident olduğu vaxtlarda dünyanın bundan da ümidsiz çağlarını görüb:

"Bizi ayırmağa çalışan qüvvələr həmişə olacaq. Bizim sınağımız isə bundan ibarətdir ki, bizi birlikdə saxlamağa çalışan qüvvələr bizi ayırmağa çalışan qüvvələrdən güclü olsun”.

XS
SM
MD
LG