Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:41

20 nüfuzlu qadın rejissor


"Kinonun tanrısı" Anyes Varda
"Kinonun tanrısı" Anyes Varda

Qadınların kinonun ən müxtəlif sahələrinin inkişafında rolu böyükdür. Texnologiyanın inkişafı da bu sahələrdən biridir.

Qadın rejissorların da sayı az deyil. Buna baxmayaraq, onların adı heç də həmişə ən tanınmış rejissorların siyahısına düşmür. Slashfilm saytı kinematoqrafiyanı dəyişmiş 20 qadın rejissorun siyahısını dərc edib.

Kinonun "qızıl dövrü"

Alis Qi-Blaşe kino tarixində ilk qadın rejissordur. O, həm də filmin dili ilə bədii hekayəni nəql edən ilk insanlardan biri və bəlkə də birincisidir. Qi-Blaşe "La Fée aux choux" adlı ilk filmini 1896-cı ildə çəkib. O öz karyerasına ixtiraçı Leon Qomonun katibəsi kimi başlayıb. Yeni filmlər çəkdikdən sonra isə Qomonun şirkətində film istehsalı şöbəsinin rəhbəri olub. Sayt "The New York Times"a istinadən Qi-Blaşenin minədək film çəkdiyini yazır. O, həm də kinostudiya yaratmış və işlətmiş ilk qadındır. Öz operatoru Erber Blaşeyə aşiq olaraq ona ərə gedib.

Siyahıda kinonun "Qızıl dövrü" adlandırılan bu dövrün digər qadın rejissorlarının da adları çəkilir: Amerika tarixində studiya işlədən və Hollivudun ilk böyük rejissorlarından olan Lois Ueber, gözəl yazıçı və rejissor Frensis Merion və 1930-cu illərdə Hollivudda kino çəkən yeganə qadın olan Doroti Arzner.

"Kinonun tanrısı"

Anyes Vardanın "Le Bonheur", "Cléo from 5 to 7" və "Vagabond" filmləri kino tarixində xüsusi iz qoyub. Varda həm forma, həm də janrla eksperiment aparan rejissorlardandır. Onun yaradıcılığı həm də sosial mesajlar ötürür. Varda keçmiş fotoqraf olduğundan özünəməxsus vizual tərzin əsasını qoya bilib. O, eyni zamanda, hekayə nəqlində hərəkətsiz görüntülərdən tez-tez istifadə edir. Anyes Varda Kann film festivalında "Qızıl Palma" mükafatına layiq görülmüş ilk qadındır. Varda bugünədək fəxri "Oskar"a layiq görülmüş yeganə qadın rejissordur. 2019-cu ildə, ölümündən bir neçə ay sonra Martin Skorseze onu "Kinonun tanrısı" adlandırmışdı.

Vardanın yaradıcılığını sevənlər həm bədii, həm də sənədli filmlər çəkmiş Kler Deni və Vardanın müasiri, nuar janrında film çəkən ilk qadın rejissor Ayda Lupinonun filmləri ilə də tanış ola bilərlər.

Yazıçı, jurnalist və... rejissor

Nora Efron bir çox dairələrdə yazıçı və jurnalist kimi tanınır. Ancaq onun rejissor kimi yaradıcılığı diqqətəlayiqdir. Efronun səsi on illərlə həm yazıçılara, həm də rejissorlara təsir edib.

Efron rejissorluğa başlamazdan öncə "Newsweek" jurnalında işləyib və jurnalı cinsi ayrıseçkiliyə görə məhkəməyə verən qadınlardan biri olub. Daha sonra "The New York Post" qəzetinin müxbiri və "Esquire" jurnalının rubrika yazarı olub. O, müxtəlif qəzet və jurnallarda məzəli və şəxsi esseləri ilə ad çıxarıb. Sonradan ssenarist və, nəhayət, kinorejissor kimi fəaliyyətə başlayıb. Efron "This Is My Life", "Sleepless In Seattle", "You've Got Mail" və "Julia&Julia" filmlərinin müəllifidir.

Kino karyerasına aktrisa kimi başlayan Penni Marşall ilk növbədə ABŞ-da kassa gəliri 100 milyon dollar olmuş "Big" filmini çəkən rejissor kimi tanınır. O bu qədər böyük kassa gəliri toplamağa nail olmuş ilk qadın rejissordur. Onun "A League Of Their Own" filmi isə Konqres Kitabxanasının Milli Kino Reyestrinə daxil edilib. Bu filmin də kassa gəliri 100 milyon dolları keçib. Hər iki filmdə baş rolun ifaçısı Tom Henksdir.

Meyers, Kempion

Efrondan sonra romantik komediya çəkən rejissorlar arasında ən tanınan ad Nensi Meyersdir. O, Hollivud standartları ilə artıq "yaşlı" sayılan aktrisalara rol verməsi və maraqlı prodakşn dizaynları ilə seçilir. Meyersin karyerası çox uzun olub. Orta büdcəli komediya hər şeyini Meyersə borcludur.

Yeni zelandiyalı Ceyn Kempionun qadın qəhrəmanları mürəkkəb və qeyri-adidir. "Bright Star", "The Piano", "In The Cut" filmləri və "Top Of The Lake" adlı detektiv miniserialı ilə tanınır.

Kempion "The Piano" filminin ssenarisinə görə "Oskar" mükafatına layiq görülüb. Eyni ildə "ən yaxşı qadın rejissor" nominasiyasında namizədliyi göstərilən ikinci qadın olub.

Kempionun yaradıcılığını bəyənən kinosevərlər hekayə nəqlinə onun kimi fərqli yanaşan, zəngin və mürəkkəb qəhrəmanlar yaradan Andrea Arnold və britaniyalı rejissor Coanna Hoqqun işləri ilə də tanış ola bilərlər.

XS
SM
MD
LG