Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 01:43

Qadınlara qarşı zorakılıq: Sərhədləri aşan bir cinayət


"Taliban" döyüşçüləri Bədəxşan əyalətinin şimalındakı küçələrdən birində burka geyinmiş əfqan qadının keşiyində.
"Taliban" döyüşçüləri Bədəxşan əyalətinin şimalındakı küçələrdən birində burka geyinmiş əfqan qadının keşiyində.

Qadın və qızlara zorakılıq dünyada geniş yayılsa da, elə də çox bilgi verilmir.

AzadlıqRadiosunun əməkdaşı Una Ciliçin yazdığına görə, hər yerdə qeydə alınan fiziki, cinsi və psixoloji zorakılıq qadın hüquqlarına qlobal hücumun bir hissəsidir və bu , özünü ən qabarıq şəkildə Əfqanıstanda büruzə verir. Orada "Taliban" hərəkatı qadınları ölkənin ictimai həyatından uzaqlaşdırıb və əsas hüquqlarını ciddi şəkildə məhdudlaşdırıb.

Ekstremist qruplaşmanın yönəltdiyi Əfqanıstan dünyada yeniyetmə qızların məktəbə getməsini yasaqladığı tək ölkədir.

"Mən həkim olub ölkəmə xidmət etmək istərdim", - AzadlıqRadiosunun "Azadi" xidmətinə müsahibəsində Mərziyə adında yeniyetmə bir qız belə deyib və sözünü tamamlayıb: "Doqquz ili boş yerə oxudum. İndi evdə qalmışam".

Ölkədə hakimiyyəti 2021-ci ildə zəbt edən "Taliban"ı heç bir ölkə tanımasa da, ticarət, güvənlik və mühacirət sahələrində daha çox dövlət, o sıradan Qərb dövlətləri onunla əməkdaşlıq edir.

"Əgər dünya taliblərin qadın və qızlara qarşı etdikərinə yalnız seyrçi qalırsa, əvəzində digər məsələlərdə fikirlərini onlarla əməkdaşlıq üzərində cəmləşdirirsə, bu, qadın və qızların hüquqlarının dünya liderləri üçün az önəm daşıdığını göstərir", - "Human Rights Watch" (HRW) təşkilatının qadın hüquqları üzrə direktorunun köməkçisi Hezer Barrın sözləridir.

"Taliban" hakimiyyəti dövründə məcburi, erkən və uşaq nikahlarının sayı kəskin artıb. BMT-nin bilgisinə görə, son üç ildə uşaq nikahlarının sayı 25 faiz çoxalıb.

Hüquq-müdafiə qruplarının bilgisinə görə, gəlinlərin sayca artması dağıdıcı iqtisadi və humanitar böhrandan, qadınların təhsil və peşəyə yiyələnmək imkanlarının olmamasından qaynaqlanır.

"Mən 14 yaşında ərə getmişəm, ilk uşağımı da 15 yaşımda dünyaya gətirmişəm", - "Azadi" xidmətinə müsahibəsində Şəziə adında "uşaq" gəlinlərdən biri deyib və sözünə belə davam edib: "Mənə onunla çox çətin idi. Düşünürdüm ki, sağ qala bilməyəcəyəm. Mənə çox çətin idi".

İranda məktəbli qızların etirazı.
İranda məktəbli qızların etirazı.

Seçim azadlığı

Qonşu İranda qadınlara bir çox ixtisas üzrə təhsil almağa, idman yarışlarına qatılmağa icazə verilmir. Pasport alan qadın ərinin icazəsi olmadan ölkəni tərk edə bilməz. İslam geyim qaydalarına əməl etməyən qadın cərimələrlə, 10 ilədək həbs cəzası ilə üzləşə bilər. Ölkənin dini-siyasi elitasının bu mövqeyi ilə razılaşmayan bir çox qadın məcburi hicab və ya digər baş örtüyü taxmaqdan boyun qaçırır.

Mübahisəli hicab məsələsi 2022-ci ildə bütün İranda baş verən və əvvəllər bənzəri görünməmiş etirazlarda mərkəzi yer tutub. Hicab qanununu pozduğuna görə həbs edilən gənc qadın Məhsa Əmininin həbsdə ölməsi geniş etirazlar doğurub. Etirazlar zamanı qadın və gənc qızlar baş örtüklərini çıxararaq yandırıblar. Nümayişləri qəddarca dağıdan hakimiyyət hicaba nəzarəti ikiqat artırıb.

İranda hər il onlarla qadını "ailənin namusunu qorumaq" adıyla kişi qohumları, o cümlədən ərləri, ataları və qardaşları qətlə yetirir. Nyu-Yorkdakı "Stop Femicide Iran" QHT-sinin bilgisinə görə, ötən il İranda 150-dən çox qadın öldürülüb.

Problemlər qalmaqda

Gender əsaslı zorakılıq halları hətta qadınların xarici görünüşünə, hərəkət azadlığına, çalışmaq və ya təhsil almaq hüququna heç bir məhdudiyyət qoyulmayan ölkələrdə də geniş yayılıb.

BMT-nin hesablamalarına görə, ötən il hər 10 dəqiqədən bir, qadını ya əri, ya da ailə üzvü öldürüb. Az qala, hər üçüncü qadın həyatında, ən azı, bir dəfə zorakılığa məruz qalır.

Kosovoda son 14 ildə, ən azı, 58 qadın qətlə yetirilib. Onların arasında 20 yaşlı Erona da vardı. Onun boşanandan bir il sonra baş verən ölümündə keçmiş əri təqsirli bilinib. Eronanın anası Milihatya qızının illərdir məişət zorakılığından əziyyət çəkdiyini deyir.

"O, evə gəlib mənə deyirdi ki, heç vaxt ərinin yanına qayıtmayacaq, amma nəsə olurdu və qayıdırdı", – ananın AzadlıqRadiosunun Kosovo xidmətinə dediyi sözlərdir.

Bosniyada Instagram-da canlı yayımda arvadını güllələyərək öldürən kişinin təqibi.
Bosniyada Instagram-da canlı yayımda arvadını güllələyərək öldürən kişinin təqibi.

Bosniya və Herseqovinada bir kişi keçmiş xanımının qətlini Instagram-da canlı yayımlayıb və sonra özünə qəsd edib. Şok və qəzəb doğuran bu qətl həmin Balkan ölkəsində qadınlara qarşı zorakılıq problemini qabardıb.

"Bunlar müəmmalı, həlli imkansız problemlər deyil"

Ölkənin şimal-şərqində yaşayan Maidə təxminən bir il öncə boşanandan sonra da ərinin ona qarşı zorakılıq etdiyini deyir. "Gəlib mənim boynumdan tutdu. Uşaqlarım bunu görüb ağlamağa başladılar. Mən onlara "yaxşıyam" dedim, amma o, məni vurdu", – Maidə AzadlıqRadiosunun Balkan xidmətinə belə deyib.

Daha sonra əri onu və uşaqlarını öldürəcəyi ilə hədələyib. "Mən onun nəyə qadir olduğunu bilirəm və polisə gedib ondan şikayət etmək qərarına gəldim", - Maidənin sözləridir.

Məhkəmə ərinə Maidəyə yaxınlaşmasını yasaqlasa da, qadın hələ də özünü güvəndə hiss etmir. "O, günün istənilən vaxtı gəlib istədiyini edə bilər", - Maidə qorxusunu gizlətmir.

Ekspertlər deyirlər ki, gender əsaslı zorakılığın qarşısını almaq olar və problemin çözümü çox vaxt siyasi iradədən asılıdır.

"Bunlar müəmmalı, həlli imkansız problemlər deyil. Sadəcə, qadın və qızların hüquqlarını qorumaq üçün hökumətlərin gerçək öhdəlik götürməsi, bundan ötrü resursu, sistemi və təcrübə sahibi olması yetər", - Barr belə deyib.

XS
SM
MD
LG