Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:49

'Qara cəngavər' Hollivud filmlərini necə dəyişdi


K.Nolan
K.Nolan

Kristofer Nolanın komiks kitabı əsasında çəkdiyi, 10 il əvvəl ekranlara çıxmış «Qara cəngavər» (The Dark Knight) filmi superqəhrəman filmləri janrına öz möhürünü vurub.

«İks-adamlar» (X-Men) və «Hörümçək-adam» (Spider-Man) kimi filmlərin uğur qazanmasından bir neçə il sonra Hollivud komiks kitabları əsasında çəkilən filmlərin auditoriyasının böyüdüyünü anladı.

«Halk» (Hulk) və «Supermen qayıdır» (Superman Returns) kimi filmlər tamaşaçıları məyus edir, böyük hay-küylə ekranlara çıxması ilə qarışıq rəylər arasında itib-batması bir olurdu. «Dəlisov» (Daredevil), «Fantastik dördlük» (Fantastic Four), «Kabus yarışçı» (Ghost Rider), və «Pişik-qadın» (Catwoman) kimi filmlər də bəyənilmirdi. 2008-ci ilin yayının hiti Stiven Spilberqin çoxdan gözlənilən dördüncü İndiana Cons filmi, «Büllur kəllə səltənəti» (Kingdom of the Crystal Skull) olmalı idi.

Biznes strategiyası dəyişdi

Ancaq gözlənildiyinin əksinə, həmin ilin iki ən uğurlu filmi superqəhrəman filmləri, «Dəmir adam» (Iron Man) və «Qara cəngavər» (The Dark Knight) oldu.

Bu filmlərin hərəsi bu janrın gələcəyi ilə bağlı tamamilə fərqli proqnozlara yol açırdı. Kristofer Nolanın «Qara cəngavər» filmi, əslində, pul qazandırmaqdan daha çox iş görə bildi. Bu film komiks kitabları əsasında çəkilən filmlərin avtomatik ciddi janr kimi qəbul edilməsini reallaşdırdı. Üstəlik, yaradıcı studiyanın biznes strategiyasını dəyişdirdi. Tənqidçilər deyirlər ki, «Qara cəngavər» kimi film daha yaradıla bilməz.

«Betmen»in ssenarisi uğurlu sayılmırdı. Nolan da bu ssenaridən istifadə hüququnu əldə edə bilmişdi. «Warner Brothers» studiyası 1997-ci ildə çəkdiyi «Betmen və Robin» (Batman&Robin) filmi maliyyə uğursuzluğuna düçar olandan sonra bu surətin açarlarını özünü «Memento» və «İnsomniya» kimi neonuar işlərlə göstərmiş Nolana təqdim etdi. 2005-ci ildə çəkdiyi «Betmen başlayır» (Batman Begins) filmi yaxşı qarşılanmış, hətta kassa hitinə çevrilə bilmişdi. Ancaq təbii ki, bu filmin qazancı «Qara cəngavər»in gətirdiyi məbləğə çatmazdı. «Qara cəngavər»in bütün dünyada topladığı məbləğ bundan üç dəfə artıq idi. Film o qədər bəyənilmişdi ki, Oskar mükafatına layiq görülməsi cəmiyyətdə böyük əks-səda verdi.

Filmin uğuru

«Betmen və Robin» filminin uğursuzluğu studiyaları gələcək layihələrin çəkilişinə daha tanınmış rejissorları dəvət etməyə vadar etdi. Beləliklə, «Hörümçək-adam» (Spider-Man) filminin rejissoru Sem Reymi, «X-Men»in rejissoru Brayan Sinqer oldu, «Qara cəngavər» isə Nolana həvalə edildi. Bu filmin sayəsində prestijli sayılmayan janr hər bir studiyanın irəli getmək strategiyasının əsas hissəsinə çevirdi.

Filmdə Nolan Betmen (Kristian Beyl) və Cokeri (Hit Lecer) qanqsterlər və polislər dünyasının arxetiplərinə, müsbət və mənfi qəhrəmanların get-gedə qütbləşməkdə olan cəmiyyətin təcəssümünə çevirib.

Filmdə Nolan Cokeri xaosun ünsürü, getdiyi hər yerdə həyatın gedişatını pozmağa çalışan qüvvə kimi təqdim edir. Coker Betmenə heyrandır, çünki Betmen əks ifratı təmsil edir. Coker əxlaqsız, anarxiya yaradan, troll bir məxluqdur. «Bəzi insanlar, sadəcə, dünyanın yanıb dağılmasını izləmək istəyirlər», – Betmenin etibarlı dostu Alfred (Maykl Keyn) deyir. Bu ifadə 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı internet istifadəçiləri arasında çox məşhur idi.

K.Nolan Hollivudda növbəti layihəsinin nə olmasından asılı olmayaraq öz çekini özü yaza bilən azsaylı rejissorlardan biridir. Bu qısa siyahıya Stiven Spilberq, Ceyms Kemeron və Klint İstvud kimi adlar daxildir.

XS
SM
MD
LG