Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:34

Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'


İ.Əliyevin hərbçilərlə görüşü.
İ.Əliyevin hərbçilərlə görüşü.

«Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək».

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev bu gün, martın 31-i aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, aprel döyüşləri zamanı işğaldan azad edilən strateji yüksəkliklər Azərbaycana imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edə bilsin.

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır: «Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki, biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir».

İ.Əliyev deyib ki, o vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi.

«STRATEJİ MÖVQELƏRİMİZİ O VAXT İTİRDİK»

«O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdi və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq», - deyən dövlət başçısı bildirib ki, Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranıb.

Qarabağda Azərbaycan artilleriyası. 1992.
Qarabağda Azərbaycan artilleriyası. 1992.

«Biz strateji mövqelərimizi o vaxt itirdik. O, dövlətə, xalqa qarşı bir xəyanət idi. Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan ordusudur».

Prezident İlham Əliyev 1992-1993-cü il hadisələrindən danışarkən Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalından danışmayıb.

Azərbaycan müxalifəti isə bildirir ki, həmin rayonlar işğal edilərkən Heydər Əliyev hakimiyyətdə olub.

İsa Qəmbər: «Biz hakimiyyətə xalqın iradəsi ilə gəlmişdik»

«Biz 1992-ci ildə hakimiyyətə xalqın iradəsi ilə dinc, kütləvi, demokratik mübarizə nəticəsində gəlmişdik».

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bu fikri AzadlıqRadiosuna dövlət başçısı İlham Əliyevin martın 31-də bir qrup hərbiçi ilə görüşdə AXC və Müsavat cütlüyünün 1992-ci ildə hakimiyyətə hərbi çevrilişlə gəlməsini deməsinə cavab olaraq bildirib.

İsa Qəmbər.
İsa Qəmbər.

1992-ci -1993-cü illərdə bir müddət prezident səlahiyyətlərini icra və parlamentə rəhbərlik etmiş İ.Qəmbər bildirir ki, əslində, Qarabağın işğalı AXC hakimiyyətindən öncə və sonra baş verib: «Qarabağda ən çox ərazi itirilməsi 1993-cü ilin iyunundan sonra Heydər Əliyev dövründə baş verib. Bu tarixi gerçəklikdir və heç bir yalan bu gerçəkliyi dəyişə bilməz».

İ.Qəmbər həmçinin əlavə edib ki, «keçmişi saxtalaşdırmaq cəhdlərinə son qoyub gələcəyə hədəflənmək və torpaqlarımızı işğaldan azad etmək lazımdır».

XATIRLATMA

2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhə xəttində Azərbaycan və Ermənistan silahlı bölmələri arasında ağır döyüşlər gedib. Hər iki tərəfin itkilər verdiyi bildirilir. Bu döyüşlərin gedişində Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini işğaldan azad edib.

Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

XS
SM
MD
LG