Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:40

“Qarabağ” Azərbaycanın futbol tarixində ilk dəfə...


Arxiv fotosu
Arxiv fotosu

“Qarabağ” Azərbaycanın futbol tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

2022-2023-cü il mövsümündə Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Bundan sonra qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub.

Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.

102-ci dəqiqədə “Qarabağ” ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə “Braqa”nin futbolçusu penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.

Ancaq Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəticədə Ağdam təmsilçisi 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.

Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

Azərbaycan çempionu bu il avrokuboklarda mübarizəyə UEFA Çempionnlar Liqasının təsnifat mərhələsindən başlamışdı. Amma orada məğlub olduğundan UEFA Avropa Liqasına keçmişdi. Orada qruplara yüksələn Ağdam təmsilçisi 4 klub arasında ikici yeri tutaraq pley-off mərhələsinə yüksəlmişdi.

XS
SM
MD
LG