Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:50

'Milli Məclis İlham Əliyevin təklif etdiyi istənilən sənədi 5 dəqiqəyə ratifikasiya edərdi'


10 noyabr bəyanatının imzalanması. 2020
10 noyabr bəyanatının imzalanması. 2020

Dekabrın 7-də Azərbaycanın bir sıra dövlət qurumunun əməkdaşları, dediklərinə görə, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq məqsədilə Xocalıya gedərkən jurnalistlər yolda qalıblar.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov Azərbaycandan olan jurnalistlərin onların yerləşdiyi əraziyə keçməsinə icazə verməyib. O, jurnalistlərə açıqlamasında deyib ki, mediada yayılan xəbərlərdən məlumatlıdır, "sülhməramlı kontingent gözdən salınır".

2020-ci ildən Azərbaycanın Qarabağ ərazisində yerləşən Rusiya sülhməramlıları həmin il imzalanmış üçtərəfli (Rusiya, Azərbaycan və Ermənistan) bəyanat əsasında fəaliyyət göstərir. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda sülhməramlılarla bağlı bir neçə bənd olsa da, orada onların səlahiyyətlərindən bəhs edilmir.

A.Abbas
A.Abbas

"Altda başqa bir söhbət gedir"

Deputat, jurnalist Aqil Abbas "Turan"a deyib ki, Qarabağda yerləşən kontingentə "sülhməramlı" deyə bilmir: "Onlar öz üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Belə çıxır ki, onlar Putini eşitmirlər. Ola bilməz ki, hansısa general Putini eşitməsin, bu, mümkün deyil. Altda başqa bir söhbət gedir".

Deputatın sözlərinə görə, sülhməramlıların vəzifələrindən biri odur ki, qaçqınların öz torpaqlarına qayıtmasını təmin etsinlər: "Erməni də qayıtsın, azərbaycanlı da. Amma babalarımın doğulduğu torpaqlara bu gün mən gedə bilmirəm, Umudluda (Ağdam) babalarımın qəbirləri üstünə gedə bilmirəm. Məsələn, Kəlbəcər azad olunub, amma Ağdabana bu gün heç kəs gedə bilmir. Demək ki, sülhməramlılar vəzifə borclarını yerinə yetirmirlər".

"…Ya da çıxın gedin"

O hesab edir ki, jurnalistləri Xocalıya buraxmadıqlarına görə Azərbaycan Müdafiə Nazirliyi konkret məsələ qaldırmalıdır: "Deməlidir ki, ya 10 noyabr bəyannaməsinə uyğun öz vəzifə borcunuzu yerinə yetirin, ya da çıxın gedin".

Deputatin bu sözlərinə, hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

A.Abbas həmçinin qeyd edib ki, iki ildir "Zəngəzur dəhlizi" (Bəyanata görə, Ermənistanından keçməli olan nəqliyyat yolu) açılmır: "Amma Laçın dəhlizi açıqdır, biz ona nəzarət edə bilmirik, hər gün oradan silah, adam daşıyırlar. Ermənistanda adam qalmayıb, hamısını Xankəndiyə daşıyıblar. Digər tərəfdən, Ermənistan öz silahlılarını Qarabağdan çıxarmalı idi, çıxarmayıb. Sülhməramlılar isə özlərinə aid heç bir iş görmürlər, yalnız ermənilərə ev tikirlər".

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Ermənistandan deyilənlər…

Bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Ermənistan Silah Qüvvələrinin bir hissəsi müharibə vaxtı "Dağlıq Qarabağın müdafiə ordusu"na köməyə getmişdi: "Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq".

Ermənistan rəsmiləri indi isə Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik erməni "müdafiə ordusu"nun özlərinin silahlı qüvvələrinə dəxili olmadığını vurğulayırlar.

"Təzədən 1988-ci ilə qayıdırıq"

Deputat A.Abbas isə daha sonra deyib ki, sülhməramlıların konkret səlahiyyətlərinin qeyd edilməməsi artıq problemlər yaradıb: "İki ildir yaradılıb, üç il də vaxtları var. Bu müddətdə onlar orda nə edəcəklər, bir Allah bilir. Təzədən 1988-ci ilə qayıdırıq".

Ə.Oruclu
Ə.Oruclu

"Onların bu mandatı yoxdur"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna deyib ki, hüquqi baxımından "Rusiya sülhməramlıları" deyilən hərbi kontingent Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilib: "Buna yol verməyən ölkənin əsas qanunu olan Konstitusiyada deyilir ki, Azərbaycan Respublikası ərazilərində xarici dövlətlərin hərbi bazası ola bilməz".

Politoloq qeyd edib ki, həmin hərbi kontingentin fəaliyyətinin nə ilə və necə tənzimlənməsi çox ciddi bir sualdır: "Əgər söhbət beynəlxalq sülhməramlı qüvvələrin fəaliyyətinə dair hüquqi sənədlərdən gedirsə, onların bu mandatı yoxdur. O mandatı olmayan silahlı birləşmələrə həmin hüquqi normativlər tətbiq edilə bilməz".

Ekspertin fikrincə, Azərbaycan Rusiyaya bütün spektr üzrə çatdırmalıdır ki, həmin sülhməramlıları ölkə ərazisində istəmir: "Bunu dinc üsullarla etmək lazımdır. Bu kompleks tədbirlər məsələnin böyüməsinə və Rusiya qoşunlarının Azərbaycan ərazisində qanunsuz yerləşdirilməsini beynəlxalq səviyyədə müzakirəyə gətirib çıxarmalıdır".

"Bəyanatın isə ratifikasiyası məcburi deyil"

Siyasi şərhçi Rauf Mirqədirov da bildirib ki, 10 noyabr sənədinin heç bir hüquqi qüvvəsi yoxdur: "Əslində saziş xarakterli sənədin "bəyanat" adlandırılması, onun parlamentdə ratifikasiyasının qaçılmazlığından imtina etmək imkanını əldə etmək məqsədi daşıyırdı".

R.Mirqədirov
R.Mirqədirov

Onun ehtimalina görə, bu, Ermənistan Baş naziri Nikol Paşinyanın xahişi ilə ola bilərdi: "Həmin hərbi-siyasi şəraitdə belə bir sənədi parlamentin ratifikasiyasına çıxarmaq Paşinyanın maraqlarına cavab vermirdi. Birincisi, müxalifət ratifikasiya prosesini poza bilərdi. İkincisi, ratifikasiya ilə bağlı vaxt itkisi sazişin müddəalarının reallaşdırılmasını mümkünsüz edə bilərdi. Bu isə Rusiyanın da Azərbaycanda öz hərbi təmsilçiliyinin bərpası ilə bağlı planlarını poza bilərdi".

R.Mirqədirovun düşüncəsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin isə ratifikasiya ilə bağlı elə bir problemi yox idi: "Bizim Milli Məclis İlham Əliyevin təklif etdiyi istənilən sənədi bəh-bəhlə 5 dəqiqəyə, bəlkə də, daha tez ratifikasiya edərdi. Bəyanatın isə ratifikasiyası məcburi deyil".

O qeyd edib ki, bir amili nəzərə almaq lazımdır: "Hüquqi qüvvəsi olmayan bu sənədin faktiki qüvvəsi çox böyükdür. Və nəticə etibarı ilə bizim üçün ciddi problemlər yaradır və gələcəkdə də yarada bilər. Müxtəlif ssenarilər mümkündür. Rusiya üçün bəhanə tapmaq çətin deyil".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG