Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:47

Rusiya Qarabağda qalmaq istəyir, bəs Azərbaycan nə deyir?


Rusiya sülhməramlıları Xocalı hava limanının qarşısındakı keçid məntəqəsində
Rusiya sülhməramlıları Xocalı hava limanının qarşısındakı keçid məntəqəsində

2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli (Azərbaycan-Ermənistan-Rusiya) bəyanata əsasən Qarabağda yerləşən Rusiya sülhməramlıları son günlər müşahidə postlarının bəzilərini yığışdırmağa başlayıb. Üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları Qarabağ və Laçın dəhlizində 2025-ci ilin noyabrına qədər qalmalıdır. Əgər tərəflərdən biri həmin tarixə altı ay qalmış etiraz etməsə, müddət avtomatik daha beş il uzadılacaq.

Lakin Azərbaycan sentyabrın 19-20-də Qarabağda hərbi əməliyyatlar keçirib. Noyabrın 20-də Qarabağda tanınmayan qurumun təmsilçiləri Bakının tərksilah haqqında şərtlərini qəbul edib. "Dağlıq Qarabağ Respublikasının prezidenti" Samvel Şahramanyan yanvarın 1-dən "respublika"nın fəaliyyətini tam dayandırmaq barədə fərman imzalayıb. Erməni əhalisi isə Qarabağı tərk etməyə başlayıb. Oktyabrın 1-də Qarabağda olan BMT missiyasının hesabatında vurğulandığına görə, orada 50-1000 erməni əsilli insanların qalması ilə bağlı məlumatlar alıblar. Hesabatda "Laçın yolu ilə son bir neçə gün ərzində 100 min etnik erməninin keçdiyi nəzarət-buraxılış məntəqəsi" kimi ifadə də yer alır. Hansı ki, Ermənistan rəsmilərinin bildirməsinə görə də, son hadisələrdən sonra Qarabağdan onların ərazisinə 100 min civarında insan köçüb. Hərçənd Azərbaycan rəsmi olaraq bu rəqəmi nə inkar, nə də təsdiq edib.

Belə olan halda Rusiya sülhməramlılarının vaxtından əvvəl yola salınması gündəmə gələ bilərmi?

M.Qaluzin
M.Qaluzin

Rusiya Qarabağda qalmaq istəyir

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, sülhməramlı kontingentin mövcudluğuna ehtiyac var və gələcəkdə də eynilə ehtiyac olacaq. Onun yerli mediaya bildirməsinə görə, bu, "Qarabağın orada qalan sakinlərinin özlərini rahat hiss etməsi üçün" lazımdır.

O əlavə edib ki, Qarabağdan gedənlərdən kimlərinsə müəyyən mərhələdə qayıtmaq qərarına gələ biləcəyi istisna deyil: "Sülhməramlıların mövcudluğu onlar üçün əlavə rahatlıq amili olacaq".

Sülhməramlıların gələcəkdə bölgədə qalması məsələsinin Rusiya ilə Azərbaycan arasında həll olunacağını deyən Qaluzin onların Bakı və Xankəndi arasında əlaqələri də həyata keçirdiyini qeyd edib.

H.Babaoğlu
H.Babaoğlu

"Azərbaycan da, Rusiya da heç yerə tələsmir"

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma deputat, Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, ötən müddətdə baş verən real siyasi proseslərin kontekstində üçtərəfli bəyanatın bir çox maddələri artıq qüvvədən düşüb: "Beləliklə, artıq Rusiya sülhməramlılarının da missiyası ilə bağlı kardinal dəyişikliklər baş verdi. Oktyabrın 6-da "Valday" klubunun forumunda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin də bu məsələyə toxundu. Bundan öncə də rəsmiləri qeyd etmişdilər ki, artıq sülhməramlıların Azərbaycanda olub-olmaması sadəcə Azərbaycan tərəfi ilə müzakirə olunacaq".

Deputatın fikrincə, hazırkı şərtlər içərisində artıq missiyanın yerinə yetirilməsini zəruri edəcək heç bir səbəb qalmayıb: "Bütün hallarda Azərbaycan da, Rusiya da heç yerə tələsmir. Sülhməramlıların əsas missiyası erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək idi ki, bu məsələ hələ də aktualdır... Az da olsa, Qarabağda ermənilər var və onların əyani şəkildə müraciətlərini də görürük. Belə olan halda, ümumi kontekstdə sülhməramlıların Azərbaycanda qalmasına zəruri şərtlər olmasa da, xırda detallara endikdə onların Azərbaycanda qala bilməsi ehtimalı da yaranır".

Ə.Oruclu
Ə.Oruclu

"Azərbaycan artıq Rusiyaya izah etməlidir ki…"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, son hadisələrdən sonra faktiki olaraq "Rusiya sülhməramlıları" adı altında hərbi kontingentin Qarabağda qalmasının heç bir əhəmiyyəti yoxdur: "Artıq orada, demək olar ki, erməni əhali qalmayıb və onların yaxın zamanda geri qayıtması gözlənilmir. Bu faktı "Valday" klubunda çıxışı zamanı Putinin özü də dilə gətirdi. Dedi ki, orada 1 min-1 min 500 erməni qaldı. 1 min-1 min 500 nəfəri 2 min rus hərbçisinin qorumasına ehtiyac yoxdur".

Onun fikrincə, indiki vəziyyətdə Azərbaycan artıq Rusiyaya izah etməlidir ki, Qarabağdan getməlidir: "Mən əminəm ki, Ermənistan da bu təklifi dəstəkləyəcək. "Rusiya sülhməramlıları" deyilən hərbi kontingentin Qarabağın dağlıq hissəsində yerləşməsi üçtərəfli bəyanat əsasında olub. O da 2025-ci ilin noyabrında qüvvədən düşür. Amma artıq bu gün ona ehtiyac yoxdur".

Ermənistan bu məsələdə, hələlik, müzakirələrdə iştirak etmir.

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

XS
SM
MD
LG