Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Qaribaşvili müxalifəti gürcüləri müharibəyə göndərməkdə ittiham edir


Gürcüstanın baş naziri İrakli Qaribaşvili
Gürcüstanın baş naziri İrakli Qaribaşvili

Gürcüstanın baş naziri İrakli Qaribaşvili əmin olduğunu bildirib ki, müxalifət nümayəndələri ölkə vətəndaşlarını toplayaraq Ukraynaya müharibədə döyüşməyə göndərirlər.

O bu barədə bəyanatı hökumət müşavirəsi zamanı verib.

Qaribaşvili iddia edib ki, onun opponentləri “Gürcüstan vətəndaşlarının həlak olmasından siyasi divident əldə etməyə çalışırlar”.

Onun sözlərinə görə müxalifət könüllüləri Ukrayna silahlı qüvvələrinin sıralarında döyüşmək üçün ora göndərir:

"Adam müharibədə həlak olur, amma bəzi riyakarlar, mən deyərdim ki, saxta siyasətçilər, satqın siyasətçilər bundan siyasi divident əldə etmək istəyirlər. Mən hamıya xatırlatmaq istərdim ki, bu adamlar, müharibə və satqınlar partiyasıdır. Onlar Ukraynada müharibə başlayandan hansısa təxribatlar törətməyə cəhdlər göstərirlər. Təəssüf ki, “müharibə partiyasının” nümayəndələri bizim vətəndaşlarımızı Ukraynaya aparırlar”.

Baş nazir həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına baş sağlığı verib və bildirib ki, Ukraynada gedən hərbi əməliyyatlarda indiyədək 33 Gürcüstan vətəndaşı həlak olub.

O əlavə edib ki, bu, “Gürcüstan üçün faciədir”.

Qaribaşvili qeyd edib ki, “hakimiyyətin ağıllı siyasəti” sayəsində çoxsaylı cəhdlərə baxmayaraq Gürcüstanda “ikinci cəbhə” açılmayıb:

"Əgər indi hakimiyyətdə müxalifət olsaydı Gürcüstanı poliqona çevirərdi”.

“Uşaqlar mühasirəyə düşüblər”

Ötən həftəsonu Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında gedən döyüşlərdə 6 gürcü könüllünün həlak olduğu xəbər verilib.

Hərbi qulluqçu Romeo Parulavanın dediyinə görə onun həmvətənləri mühasirəyə düşüblər.

CurrentTime telekanalının xəbərinə görə bundan sonra “Gürcü milli legionu”nun yaradıcısı və komandiri Mamuka Mamulaşvili Ukraynanın “Esperesso” telekanalının efirində deyib ki, həlak olmuş gürcü könüllülər Ukrayna uğrunda “Karpatskaya seç” könüllü batalyonunun tərkibində döyüşürdülər:

"Uşaqlar mühasirəyə düşüblər. Onlar işağlçılara əsir düşməkdən imtina ediblər. Ruslar onları ağır artilleriya atəşinə tutublar. Ukraynada müharibə başlanandan bugünə qədər Gürcüstandan olan 33 könüllü həlak olub. Gürcüstan Ukraynaya dəstək olmaq üçün çox canlardan keçib”.

XS
SM
MD
LG