Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:50

‘Qardaşımı kimin öldürdüyünü bilirəm’. Qazaxıstan etirazlarından bir il sonra


Aktauda etiraz, 6 yanvar, 2022-ci il
Aktauda etiraz, 6 yanvar, 2022-ci il

Düz bir il öncə, yanvarın 6-sı axşam, həvəskar arxeoloq Yerlan Jagiparov Almatıda təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıb. Bir neçə gün sonra ailəsi şəhər məscidindən onun döyülmüş və güllə yaraları içində olan bədənini götürüb. Cəsədin üstündəki yarlıkda “kimliyi bilinməyən Asiya mənşəli şəxs” yazılmışdı.

Jagiparov 2022-ci ilin yanvarında hökumət əleyhinə etirazlarda hökumət qüvvələrinin öldürdüyü yüzlərlə vətəndaşdan biridir.

“Onlar bu işi açıqlamaq istəmirlər”

Öldürülənlərin çoxu polisin Prezident Kasım-Jomart Tokayevin “xəbərdarlıqsız güllələmək” əmrindən sonra atəş açdığı təsadüfi adamlardır. Qazaxıstan hökuməti daha 6 nəfərin təcridxanada ölənədək işgəncəyə məruz qoyulduğunu etiraf edib.

Hökumət bu qanunsuz qətllərə, işgəncələrə və xəsarətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verəcəyini vəd edib. Bir il keçməsinə baxmayaraq, əksər qurbanların ailələri hələ də ədalət gözləyir.

"İstifadə edilən silahın növü təsdiqlənib və həmin şəxs tapılaraq sorğu-sual edilib. Bundan sonra istintaq dərhal yavaşıyıb. Qardaşımı öldürdüyü dəqiq bilinən adam həbs edilməyib və iş məhkəməyə ötürülməyib. Onlar bu işi açıqlamaq istəmirlər. Ancaq mən qardaşımı kimin öldürdüyünü bilirəm”, – Jagiparovun qardaşı Nurlan AzadlıqRadiosuna deyib.

O, istintaq qapalı olduğundan həmin şəxsin adını və rütbəsini açıqlaya bilmədiyini söyləyir.

238 nəfər öldürülüb

Qazaxıstan rəsmiləri müstəqillik dövrünün ən ağır etirazları zamanı 238 nəfərin, o cümlədən hüquq-mühafizə orqanlarının 19 əməkdaşının öldüyünü bildirir. İnsan haqları qrupları bu sayın daha yüksək olmasında israrlıdırlar.

Bir çox hallarda qətllərin baş verdiyi şərait müəmmalı qalır. Prokurorlar ölkə qanunlarına söykənərək qurbanların ailələrinə məxfiliyi qorumağı və detalları açıqlamamağı tapşırırlar.

Təqiblər zamanı törətdiyi əməllərə görə yalnız bir hərbçi həbs edilib. Mark Zlunyayev adlı bu şəxs Taldıkorqan şəhərində hərbi hissənin yaxınlığında bir çobanın qətlinə görə altı illik həbs cəzasına məhkum edilib.

32 qətl üzrə cinayət işi bağlanıb

Bunun əksinə, etirazçılar arasında məhkum olunanların sayı mindən artıqdır. “Human Rights Watch” (HRW) təşkilatının dekabr hesabatında deyilir ki, onların bir çoxu "kütləvi iğtişaşlarda iştirakda” ittiham edilir.

HRW bu hesabatda yerli insan haqları müdafiəçilərinə istinadən yazıb ki, 139 nəfərin qətli ilə bağlı açılan cinayət işlərinin azı 32-si bağlanıb. Hüquq müdafiəçiləri hökumətin araşdırmalarının birtərəfli olduğunu deyirlər.

Tokayev hökumətin yanacaq qiymətlərinin qalxmasına qarşı etirazlara qanlı reaksiyaya və Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarının ölkəyə yeridilməsinə haqq qazandırır.

Tokayev iğtişaşlara görə xarici qüvvələrin dəstəklədiyi "ekstremistləri" ictimai şəkildə günahlandırıb. Ancaq öz iddiasını sübut edəcək heç bir dəlil göstərməyib.

Azad olunanlar var

Vətəndaş cəmiyyəti və qurbanların ailələrinin təzyiqi ilə məhkəmələr 2022-ci il yanvarın sonlarında qanunsuz saxlandığını və işgəncəyə məruz qoyulduğunu iddia edən onlarla vətəndaşı azad edib. Bir çox hallarda insanlar güllə yaralarından müalicə olunduqları xəstəxanalarda tutulublar.

Barəsindəki cinayət işinə avqustda xitam verilmiş Darxan Dusibayev onunla birlikdə azad edilən iki nəfərin yenidən və daha ağır ittihamlarla həbsinə görə qəzəblidir.

Həmin şəxslərin etirazlar zamanı qanunsuz heç bir şey etmədiklərini deyən Dusibayev onların həbsdən çıxandan sonra işgəncələr əleyhinə etirazlara qoşulduqları üçün cəzalandırıldıqlarını düşünür.

"Hökumət sadəcə, onlardan qorxur”, – o deyir.

XS
SM
MD
LG