Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Qazaxıstanda rusları təhqir edən qadın və qazaxları təhqir edən kişi saxlanıb


Almatı polisi rusların Qazaxıstanı tərk etməsini tələb edən və Hitleri “yaraşıqlı” adlandıran yerli sakini saxlayıb.

AzadlıqRadiosunun Qazax xidməti rəsmi mediaya istinadla yazır ki, gənc qadının milli zəmində ədəbsiz ifadə və təhqirlərdən istifadə etməsi araşdırılır.

Polis bildirib ki, bu iş üzrə başqa fiqurantların hərəkətləri də araşdırılacaq.

Qazaxıstanın rəsmi dövlət agentliyi – KazTaq məlumat verir ki, qızın ruslar barədə təhqirlərə yol verməsinə ilk dəfə jurnalist Mixail Kozaçkov diqqət yetirib.

Jurnalist qızın rusları təhqir edən TikTok videolarını dərc edib. Bu videolarda qız rusları “alaq otu” adlandırır və deyir ki, onlarsız yaşamaq daha rahat olardı.

Tiktok videolarından birində Hitleri “yaraşıqlı” adlandıran qız, II Dünya Müharibəsində SSRİ üçün vuruşan qazaxların “kölə” olduqlarını deyir.

Maral Jalelova adlı qızın hərkətlərindən polisə elə Kozaçkovun özü şikayət edib.

Ukrayna müharibəsi başlanandan bəri

Bu arada Akmola vilayətinin polisi sərxoş vəziyyətdə və milli zəmində qazaxları təhqir edən bir nəfəri saxlayıb.

Bundan əvvəl sosial media şəbəkələrində yayılan videoda bir nəfər qazaxları söyüşlə təhqir edir və onları “mambet” adlandırırdı.

Bu da qeyd olunmalıdır ki, özünü Semyon Aqofonov kimi təqdim edən şəxs ədəbsiz ifadələri “Ukraynaya eşq olsun” şüarını səsləndirən qazaxlara cavab olaraq işlətdiyini deyir.

Son aylarda Qazaxıstanda milli zəmində nifrətin qızışdırılması ittihamı ilə çox sayda cinayət işləri açılıb.

Şərhçilər belə halların Rusiyanın Ukraynaya müdaxiləsindən sonra daha geniş yayıldığını deyirlər.

XS
SM
MD
LG