Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:41

23 yaşı olmayan qadınların Qırğızıstandan çıxmasına qadağa təklifləri səslənir


Bişkek, avqust, 2021-ci il
Bişkek, avqust, 2021-ci il

Qırğızıstan Orta Asiyada qadın miqrant işçilərin sayının kişilərdən çox olduğu yeganə ölkədir. Onların arasında yaşı 20-yə qədər olan qadınların sayı isə kifayət qədər yüksəkdir.

Amma pul köçürmələrindən asılı bu ölkənin bəzi siyasətçiləri xaricə işləməyə tək gedən subay, gənc qadınlara məhdudiyyətlər qoyulmasını istəyirlər.

Siyasətçilər gənc qadınların tez-tez miqrant işçi kimi istismar olunduğunu, digər çətinliklərlə üzləşdiklərini iddia edirlər.

Keçən ay mühafizəkar deputat Nadirə Nərmətova təklif edib ki, qadınların ən azı 23 yaşı tamam olana qədər xaricə işləməyə getməsinə icazə verilməsin.

Mayın 24-də qadınlar və immiqrasiya mövzusunda debatda çıxış edən Nərmətova evdə oturaraq həyat yoldaşlarını və qızlarını xaricə işləməyə göndərən kişiləri tənqid edib.

Digər mühafizəkar deputat Şailobek Atazov isə mayın 26-da parlamentdəki çıxışında xaricə tək gedən gənc qadınların ilk növbədə hakimiyyət orqanlarını xəbərdar etməli, niyə və hara getmək istədiklərini izah etməli olduğunu deyib.

Atazov ötən il 23 yaşına çatmamış subay qadınların valideynlərinin müşayiəti olmadan xaricə getməsinin yasaqlanmasını təklif edərkən etirazla qarşılanıb.

Bu təklif fəalların etirazına səbəb olub və onlar bunun qadın hüquqlarını pozacağını bildirib. Etirazçılar Atazovun istefasını tələb ediblər.

“Biz 18-yaşlı qızların təhlükəsizliyinə diqqət yetirməliyik deyəndə, mini ətək geyinərək parlamentə etiraza gəldilər, ‘18 yaşımız var, hara gedəcəyimizi bilirik’ dedilər”, – Atazov mayın 26-da deputatlarla söhbətində ötənilki etiraz aksiyalarına toxunub.

‘Çörək pulu qazanan qadınlar’

10 il əvvəl millət vəkili İrqal Kadıraliyeva da 23 yaşına çatmamış qadınların valideynlərinin razılığı olmadan ölkədən çıxmasına icazə verilməməsi kimi qalmaqallı təklif irəli sürmüşdü. O təklif edirdi ki, səyahət məhdudiyyətləri xaricdə işləmək və ya təhsil almaq üçün konkret təkliflər alan qadınlara deyil, yalnız qadın əməkçi miqrantlara tətbiq edilsin.

Kadıraliyeva təklifinin gənc qırğız qadınların cinsi istismar və insan alveri qurbanına çevrilmələrini önləmək məqsədi daşıdığını bildirib.

Qırğızıstanın Xarici İşlər Nazirliyi mayın 30-da Atazov və Nərmətovanın çağırışlarına cavab verərək, qadınların səyahətinə bu cür məhdudiyyətlər qoyulmasının ölkə konstitusiyasını pozacağını bildirib. Nazirlik qırğızıstanlı əməkçi miqrantların təhlükəsizliyini təmin etməyin yollarını araşdırdığını deyib.

Qonşu Tacikistan və Özbəkistanda olduğu kimi, yoxsul Qırğızıstanda da bir çox təsərrüfatlar xaricdə işləyən təxminən 1,5 milyon qırğızıstanlı miqrantın pul köçürmələrindən asılıdır.

Qırğızıstanın Əmək və Miqrasiya naziri Kudayiberqan Bazarbayev ötən il deyirdi ki, 2014-cü ildən bəri qırğız qadın miqrant işçilərin sayı durmadan artır.

Bəzi hesablamalara görə, xaricdə işləyən qırğızıstanlı qadınların təxminən 14 faizi 20 yaşdan aşağıdır.

Türkiyədə təxminən 30 min qırğızıstanlı miqrant işçinin əksəriyyətinin qadın olduğu bildirilir. Onların bir çoxu xidmət sektorunda, eləcə də evlərdə qulluqçu və uşaq baxıcısı kimi işləyirlər.

‘Öz ölkəmizdə fürsətlər yaradın’

Rusiyanın Surqut şəhərində yaşayan qırğızıstanlı miqrant işçi Kanıkeyi, qadınlara “səyahət qadağası” çağırışlarının onların ölkəni tərk edərək iş axtarmasına mane olmayacağını bildirib. “Biz xaricdə iş axtarırıq, çünki ölkəmizdə daha yaxşı alternativlərimiz yoxdur”, – 28-yaşlı qadın deyib.

Kanıkeyi 18 yaşında ölkəsini təkbaşına tərk edərək, Rusiyada məskunlaşan bibisinin yanına gedib. Onun atası işlə bağlı zədə aldıqdan sonra, hansısa işdə tam iş günü çalışa bilməyib.

Kanıkeyinin ilk işi bir neçə çoxmərtəbəli yaşayış binasının pilləkənlərini və dəhlizlərini təmizləmək olub. Qazandığı gəlirlə Qırğızıstandakı ailəsinə ayda 150 dollara yaxın pul göndərə bilirdi. İndi isə supermarketdə işləyir və rəflərə məhsul yerləşdirir.

“Bəzi siyasətçilərin gənc mühacir qadınlar haqqında nə düşündüyünü bilmirəm, amma gördüyüm odur ki, burada işləyən qırğızıstanlı qadınlar yaxşı, çalışqan insanlardır. Onlar sadəcə, ailələrinə kömək etmək istəyirlər”, – ölkəsindən bir mühacirlə ailə quran Kanıkeyi deyib. “Qırğızıstanda imkanlar olarsa, bir çox miqrant bəlkə də öz evlərinə qayıdar”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG