Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:46

Memar Rüfət Acalov: «İçərişəhər elə yerdir ki... gərək pul qazanmayasan!»


Rüfət Acalov
Rüfət Acalov

-

Qız Qalası: «Mənə əl vurmayın! Dayanmışam da! Nə işiniz var mənimlə?»
Gözlə

No media source currently available

0:00 0:29:58 0:00
Direct-ə keçid

«Kitabı yazmaqda əsas məqsədim qədim Bakının şəhərsalma strukturunu göstərməkdir».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış «Bakı. Memarlıq abidələri əsasında şəhərin qısa tarixi oçerki» kitabının müəllifi, Azərbaycanın tanınmış memarı, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rüfət Acalov söylədi.

BAKI DÖVLƏT ARXİVİNDƏ OLANLAR

Rus dilində qələmə alınan əsərin müəllifi işə, ilk növbədə, Bakı Dövlət Arxivindən başladığını deyir: «Bakı Dövlət Arxivində qədim şəhər barədə külli miqdarda informasiya var. Mən bu faktları görəndə, düşündüm ki, belə bir kitab yazmalıyam. Qoy xalq bunu oxusun və yaşadığı şəhərin tarixini bilsin. Buna ehtiyac var. Niyə orta əsrlərdən başladım? Ona görə ki, İçərişəhərin şəhərsalma strukturu çox dəyişdirilib. İstədim bu dəyişiklikləri-şəhərin baş planlarını mərhələ-mərhələ göstərəm. Əvvəl şəhər hansı formada idi, 1839-cu ildə hansı formada idi, 1889-cu ildə necəydi? Hansı küçələr bir-biriylə qovuşurdu? Yəni kitabı yazmaqda əsas məqsədim qədim Bakının şəhərsalma strukturunu göstərməkdir».

ƏMƏKHAQQINI QIZIL PULLA VERİRDİLƏR

Bayır şəhərə kütləvi köçün nələr gətirdiyini kitabın müəllifi belə açıqladı: «Əhali bayır şəhərə köç edəndən sonra şəhərə hər yandan axın başladı. Rothschild-lər, Nobel-lər və başqaları da gəldi. O üzdən, şəhərdə ticarət limanları yarandı. Bu, xalqın xeyrinə oldu - iş yerləri açıldı. Başladılar pul qazanmağa, əməkhaqqını da qızıl pulla verirdilər. Bakı başladı inkişaf etməyə».

Qoşa Qala qapısı öncə üz-üzə idi, sonra yan-yana oldu...
Qoşa Qala qapısı öncə üz-üzə idi, sonra yan-yana oldu...

«QOŞA QALA QAPISI ÖNCƏ ÜZ-ÜZƏ İDİ, SONRA YAN-YANA OLDU...»

Rüfət Acalov kitabda İçərişəhərin qala divarlarından ayrıca bəhs etdiyini deyir: «Qədim divarın darvazasının şəklini də kitabda vermişəm. Birinci divarla ikincinin arasında 9-10 metr ara vardı. Divarların arası zibillik idi və körpüylə bağlanırdı. Bakını tutan çar hökuməti divarı sökmək qərarına gəldi. Kitabda divarların sökülmə prosesi pillə-pillə göstərilib. Əvvəlcə darvazalar üzbəüz idilər, sonra oldular yan-yana. Yəni oldu Qoşa Qala Qapısı... Onsuz da qoşa qala qapısıydı. İndi yan-yana oldular».

QOŞA QALA QAPISINI KİM KÖÇÜRDÜ?

Rüfət bəy bu şəxsin də tarixin yaddaşında qaldığını söyləyir: «Bakı qubernatorunun xüsusi əmri oldu. Milyonçu Hacıbaba Haşımova tapşırdılar ki, 800 qızıl pula bu darvazanı götürüb qoysun o birinin yanına. Sökülən divarın daşlarını da birinci divarın bərpasında istifadə etdilər. Şəhərin iki darvazası vardı: Qoşa Qala və Salyan qapıları. Bayır şəhər genişlənməyə başlayanda, çar hökuməti başqa darvazalar açdırdı – «Bazarnı»ya (indiki Azərbaycan prospektinə. –red.) çıxan və ardından «İçərişəhər» metrosunun arxasındakı darvazaları deyirəm».

«QOŞA QALA QAPISININ SOL GİRİŞİNDƏ HAMAM TAPILIB!»

Rüfət Acalov Qoşa Qala Qapısının sol girişində hamam tapıldığını da xatırlatdı: «Maraqlıdır ki, təzəlikdə Qoşa Qala Qapısının sol girişində qədim hamam yeri tapılıb. Heç kəsə göstərmirlər. Niyəsini bilmirəm, söyləməkdə acizəm. Sanitar hamamıymış. Karvanlar gələndə, orda çimib-təmizlənib şəhərə girərlərmiş ki, xəstəlik yaymasınlar. Bax, tapılıb, amma tullanıb qalıb orda... Yəqin axırda onu da üzə çıxaracaqlar, amma ki...».

Şirvanşahlar sarayı bombardmandan sonra – XVIII-XIX əsrlər. Mənbə: I.Berezin
Şirvanşahlar sarayı bombardmandan sonra – XVIII-XIX əsrlər. Mənbə: I.Berezin

«QALINLIĞI 6 METRDİR, NƏYİNİ BƏRPA EDƏCƏKSƏN?»

Rüfət Acalov çar işğalından sonra Qız Qalasının mayaka çevrildiyini bildirir: «Bakının fərqli siyasi dövrlərində Qız Qalası müxtəlif rol oynayıb. Mən dəqiq deyə bilmərəm ki, bu necə olub? Çar dövründə mayak olub. Sonralar qubernatora müraciətdən sonra ayrıca mayak yeri ayrıldı. Qız Qalasının içi də boru kimi idi. Hər şey sonradan əlavə olunub - ötən əsrin 50-ci illərində muzeyə çevirəndə. Qalanın divarının qalınlığı 5 metr 86 və 5-90 sm-dir. Yuxarı qalxdıqca 4 metr olur. O cür qalın divarların nəyini bərpa edəcəksən? Yaxşı, muzeyə çevirib hamıya göstərirsiniz. Yaxşı elədiniz, amma gərək ilkin görünüşünü də göstərəydiniz. Onu da göstərmirsiniz...».

«MƏNƏ ƏL VURMAYIN! DAYANMIŞAM DA! NƏ İŞİNİZ VAR MƏNİMLƏ?»

Aparıcının «Son bərpanı bəyənirsiniz» sualını memar belə cavabladı: «Bərpa olmadı, axı. Konservasiya oldu. Nəyini bərpa edəcəksən? 6 metr divarını (gülür)?!. Sadəcə, təmizlədilər, vəssalam! Bərpa elə şeydir ki, sən gərək Qız Qalasının tarixini biləsən. Onu da heç kəs bilməz! Qız Qalası özü bilər onun tarixi nədən ibarətdir. Onu nə Rüfət bilər, nə Əli, nə də Vəli! Qız Qalası özü bilir. O səbəbdən, yazıq deyir ki, mənə əl vurmayın! Dayanmışam da! Nə işiniz var mənimlə (gülür)?!. Düz deyir də! Əl vurma mənə, -deyir».

QIZ QALASI NECƏ QISALDI? 42 METR BOYU NİYƏ 28 METR OLDU?

Memar bir məsələyə də aydınlıq gətirdi: «Knyaz Leonid Ukhtomsky də, kartoqraf Weidenbaum da, Legkobytov da, Berezin də Qız Qalasının hündürlüyü barədə eyni rəqəmləri yazırlar. Onların yazdığına görə, Qız Qalasının hündürlüyü 20 sajen (42 metr) idi. İndi 28 metrdir. 1723-cü ildə general Matyushkin-in hərbi gəmilərindən açılan top atəşlərindən sonra qalanın yuxarı hissəsi və Şirvanşahlar sarayıdağıdıldı. Berezin Şirvanşahlar sarayının da dağılmış vəziyyətdəki şəkliniçəkib».

Şirvanşahlar sarayının cənub-şərq tərəfdən görünüşü. XVIII-XIX əsrlər.
Şirvanşahlar sarayının cənub-şərq tərəfdən görünüşü. XVIII-XIX əsrlər.

ŞİRVANŞAHLAR SARAYININ DAMI...

Rüfət Acalov Şirvanşahlar sarayının bərpa çalışmalarının ötən əsrin əvvəllərindən başlandığını bildirdi: «Şirvanşahlar dağıdılan zamandan bəri bərbad halda qalmışdı. Bərpa layihəsini ilk dəfə 1932-ci ildə I.Sheblykin vermişdi. Amma bolşeviklər nədənsə qəbul etmədilər layihəni. 50-ci illərdə bərpa başladı. O dövrkü Bakı şəhər Soveti milli qüvvələrlə etdi bərpanı. Birtəhər işi bitirdilər, amma yuxarı hissəni düzəldə bilmədilər. Dam hissəsi düz qaldı. Sarayın damını son bərpada düzəltdilər».

«SARAYDA MİLLİ ÜSLUB YOXDUR!»

Aparıcının: «Şirvanşahların son bərpasını bəyənirsiniz» sualını memar belə cavabladı: «Xeyr! O bərpanı italyanlar edib. Milli üslub yoxdur! Bu, bir. İkincisi, sarayda hər şey planla idi. Bərpada hamısı itdi... Oranın bərpa layihəsi memar Niyazi Rzayevə məxsusdur. Onu qəbul etdilər. O vaxt Mikayıl Hüseynovla Salamzadənin layihəsindən nə üçünsə imtina etdilər...».

«DALANLAR, DÖNGƏLƏR MƏHV EDİLDİ»

Memar İçərişəhərin başına gətirilənlərdən də söz açdı: «Orda dalanlar, döngələr vardı, demək olar, hamısını yox ediblər tikintilərdən sonra. Məsələn, Mirzə Şəfi küçəsi birbaşa gəlib çıxırdı Böyük qala küçəsinə. Amma indi gəlir Asəf Zeynallı döngəsinə... Sağ olsun Mehriban xanım, tikintilərin qarşısını aldı. İçərişəhər UNESCO-nun siyahısına salındı. Belə davam etsəydi, köhnə şəhər məhv olacaqdı».

«NAZİMİ TUTA BİLMƏDİM - DAMNAN QAÇDI...»

Rüfət Acalov İçərişəhərdə böyüdüyünü deyir: «Uşaqlıqdan gözümü açıb oranı görmüşəm. İçərişəhərli deyildim. «Sovetski»də yaşayırdıq. Qohum-əqrəba İçərişəhərdə yaşadığından, gəlib tökülüşürdük ora. Ona görə İçərişəhərin cikini-bikini bilirdim. Məsələn, hər məhəllədə quşbazlar vardı. Hanı o quşbazlar? Yoxdur... Deyirdilər ki, Nazimi tuta bilmədim, damnan qaçdı. Hanı o damlar? Hanı o qədim adətlər? Bütün qız-gəlinlər, uşaqlar isti vaxtlarda damın üstündə sərinlərdilər. Hanı onlar? Yoxdur! Hanı o cızbızxanalar? Hanı Böyük Qala küçəsindəki o çəkməçilər? Kitabda hamısının şəklini vermişəm».

Bakı. XVII əsr. Mənbə: Engelbert Kämpfer
Bakı. XVII əsr. Mənbə: Engelbert Kämpfer

«İÇƏRİŞƏHƏR ELƏ BİR YERDİR Kİ...»

Rüfət Acalov İçərişəhər sevgisini belə ifadə etdi: «İçərişəhər elə bir yerdir ki, onu qucaqladın, öpdün, bağrına basdın, pis fikirlə ora gəlmədin, -səni sevəcək! Səndən ayrılmayacaq! Amma ayrı fikirlə-pis niyyətlə ora gəldinsə, iki dəqiqənin içində səni qovub tullayacaq oradan! Bu, həqiqətən belədir. Çünki ora ulu babalarımızdan qalan bir məkandır. Müqəddəs bir yerdir. Gərək oranı göz bəbəyimiz kimi qoruyaq. Orda manqal, restoran kimi yerlər olmayıb, axı... Niyə biz elə şeyləri yayırıq? Onlar lazımsız şeylərdir və yığışdırılmalıdır! İçərişəhər elə yerdir ki, onun üstündə gərək sən pul qazanmayasan - ona pul verməlisən, pul qoymalısan! Çünki sənin qədim tarixindir!».

Memar Rüfət Acalovun «Bakı. Memarlıq abidələri əsasında şəhərin qısa tarixi oçerki» kitabından parçalar:

XVII əsrdə yanlışlıqla «bazar meydanı» adlanan tikili Zərdüştilik dönəmindən qalıb. Bu tikili 1964-cü ildə sökülən binanın təməlləri altından üzə çıxıb. Açıq tağlardan oluşan tikili cənuba – Qız Qalasına üz tutub. Geniş həyət 3 yandan səkkizüzlü daş sütunlara söykənmiş tağlarla dövrələnib. Əvvəlcə - bu tikilinin çox da önəmli olmayan bölümü üzə çıxarılarkən, alimlər rus mühəndislərin 1807-ci ildə tərtib etdiyi plana dayanaraq, onu 17-ci yüzildənqalma bazar sanmışdılar. Ancaq qazıntılar göstərdi ki, tikilinin bütün həyəti qəbirlərlə doludur. Sınıb-tökülən sümüklərdən ibarət qəbirlər qalereyada da tapılıb. Bu qəbirlərdə yüksəkrütbəli dini simaların basdırılması istisna deyil. İki, üç və daha çox skeletlərin basdırıldığı qəbirlərə də rast gəlmək olur... Arxeoloji qazıntı sonucları üzə çıxarılan tikilinin qədimdə mərasim –ayin yeri olduğunu göstərir... Belə düşünmək olar ki, ərazidəki abidələrin hamısı – sümüklərdən ibarət mərasim yeri, atəşgah, məbəd və Qız Qalasının özü qarşılıqlı bağlıdır və ərazi başdan-başa tapınaqdır.

***

Yalnız iri feodal və ağaların və bəlkə də tək-tək nisbətən varlı tacirlərin evində hamam vardı. Şəhərin qalan sakinləri, adətən, ümumi hamamdan yararlanırdılar. Yeri gəlmişkən, 17-18-ci əsrlərdə Abşeron, Şəki və Lahıcda, Azərbaycanın digər şəhər və yaşayış məskənlərində nisbətən zəngin sakinlərin arınma otaqlarına – suxanalara tez-tez rast gəlmək olurdu. Yaxşı-yaxşı və rahatca çimmək, bərbər, kisəçi və can ovxalayanın - masajçının xidmətindən yararlanmaq da mümkün idi. Hamam həm də dincəlmək, bir növ ictimai toplantı yeri və klub sayılırdı. Orada şəhərdə olub-bitənlərdən xəbər tutardılar. Bu baxımdan hər hansı ictimai əyləncədən məhrum qadınlardan ötrü hamam ayrıca önəm daşıyardı... Rus şairi Pushkin-in Tiflis hamamları haqqında söylədiklərini eynilə İçərişəhər hamamlarına da aid etmək olar. Pushkin yazırdı: «Həsən öncə məni isti daş döşəməyə uzatdı, sonra ovxalamağa başladı, oynaqlarımı, yumruqlarıyla kürəyimi döyəclədi. Bircə tikə də ağrı hiss etmədim, tam tərsinə, çox yüngülləşdim. Ardından yun kisəylə bədənimi sürtdü və bol-bol isti suyla yudu...».

***

Bakılılar ta qədimdən ən müxtəlif peşələrə yiyələnmişdilər. Ətrafında, çox güman, yaşayış məskənləri olan neft quyularında, duzxanalarda – duzdağlarda çalışmaqla yanaşı, şəhərin özündə və həndəvərlərindəki xalçaçılıq və toxuculuq emalatxanalarında çalışırdılar. Bakıdan dörd bir yana ustalıqla toxunmuş, parlaq və rəngarəng xovlu Abşeron xalçaları və xovsuz palazlar, eləcə də dünyaca məşhur Bakı qumaşı aparılırdı. Dəmirçilər də ayrıca qrup kimi, diqqət çəkirdilər. Onlar silah, mis qab-qacaq, at nalı hazırlayırdılar. Zərgərlərin misilsiz əl işləri – döymə və oyma bəzəkləri göz oxşayırdı... Bakıda dənizçilər, gəmiqayıranlar, qayıqçılar və əlbəttə, dərzilər, çəkməçilər, papaqçılar və başqaları da vardı.

XS
SM
MD
LG