Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:37

Qızılın bahalaşmasının Azərbaycana təsirləri 'qara qızıl'dan asılıdır-iqtisadçılar


Texniki işçi Dubayda yerləşən "Emirates Gold" şirkətinə çatdırmaq üçün 1 kq qızıl külçəni qablaşdırır.
Texniki işçi Dubayda yerləşən "Emirates Gold" şirkətinə çatdırmaq üçün 1 kq qızıl külçəni qablaşdırır.

Dünyada qızılın qiyməti kəskin qalxır və bəzi müstəqil iqtisadçılar bunu heç də yaxşı əlamət saymırlar. Aprelin 12-də qızılın qiyməti tarixdə ilk dəfə 1 unsiya (31.1 qram) üçün 2 min 400 ABŞ dollarını ötüb. Son altı ayda onun qiyməti 25 faiz artıb.

"Böhranın öncədən xəbərdarlığı..."

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, qızılın qiymətinin artması böhranın öncədən xəbərdarlığıdır: "Qızıl güvənli olduğundan yatırımçılar ciddi böhran təhlükəsi yaxınlaşanda vəsaitlərini daha çox qızılda qorumağa çalışırlar. Birjalar yaranandan tarixən belədir".

İqtisadçı hesab edir ki, Azərbaycanda bəsit iqtisadi model qurulduğundan dünyadakı iqtisadi proseslərə çox həssasdır: "İxracatın 90 faizini enerji məhsulları təşkil etdiyindən böhranlar yaşananda onların qiymətinin düşməsi təsirsiz ötüşmür. Dünyada iqtisadi daralmalar olacaqsa, neftə olan tələbat da azalacaq".

Natiq Cəfərli
Natiq Cəfərli

"Azərbaycan iqtisadiyyatı buna hazır deyil"

Onun vurğulamasına görə, indi OPEC+ ölkələri hasilatı azaltmaq yolu ilə neftin qiymətini süni şəkildə yuxarı həddə saxlayırlar: "Amma hasilatı daim azaltmaq da mümkün deyil. Günün birində hasilatın artırılmasına keçəcəklər. Azərbaycan iqtisadiyyatı isə buna hazır deyil və çox qısa zamanda da gərəkli işləri görmək mümkünsüzdür. Səbəb də odur ki, 2000-ci illərdə çox böyük zaman itirdik".

Bununla belə, N.Cəfərli düşünür ki, hökumət əlində olan bəzi rıçaqlardan istifadə edə bilər: "Heç olmasa, iqtisadi aktivliyi artıracaq vergi-gömrük güzəştləri ola bilər ki, iqtisadi mühiti yaxşılaşdırar... Cərimələrlə, vergilərlə iqtisadiyyatı boğmaqdansa, daha çox sərbəstlik verilməlidir".

İqtisadçının bu fikirlərinə, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

"Kəskin böhran siqnalları yoxdur"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, habelə Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramovun sözlərinə görə, qızıla tələbin artmasının fərqli səbəbləri var: "İnvestorlar yığım vasitəsi olaraq daha çox qızıla yönəlirlər. Rusiya-Ukrayna savaşından sonra daha az riskli vasitələrə sərmayə qoyuluşunun artması müşahidə olunur".

Vüqar Bayramov
Vüqar Bayramov

Ancaq V.Bayramov dünya iqtisadiyyatında ciddi tənəzzül riski görmür: "Düzdür, qlobal problemlər var, regional münaqişələr, Yaxın Şərqdə baş verənlər, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatında siyasi təsirlərə malikdir. Lakin qlobal iqtisadiyyatda artım meylləri qorunub saxlanılır, inflyasiya səviyyəsi də tənzimlənən həddədir. Ona görə, hələlik, nə Beynəlxalq Valyuta Fondunun, nə də Dünya Bankının proqnozlarında kəskin böhran siqnalları və mesajları var. Amma, sözsüz, nəzərə alsaq ki, indiki iqtisadi artım qlobal olaraq dayanıqlı sayılmır, o zaman risklərin yaranması istisna deyil".

"Neftin qiyməti yüksəkdir"

O düşünür ki, Azərbaycan üçün praktik olaraq xarici faktor kimi neftin dünya bazar qiymətinin təsirləri var: "Hazırda neftin dünya bazarında qiyməti yüksəkdir. "Brent" markalı neftin 1 bareli 90 dolara satılır. Bu, 2024-cü ilin büdcəsində nəzərdə tutulan qiymətdən təxminən 50 faiz çoxdur. Bu kontekstdən, hələlik, regional və qlobal iqtisadi dəyişikliklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini müşahidə etmirik. Eyni zamanda, neft bazarına təsirlər yoxdur. Ona görə də, qızılın qiymətinin artması fonunda yeni qlobal risklər və dəyişikliklər baş verərsə, Azərbaycana daxil olan valyutanın həcmi baxımından neft bazarındakı dəyişikliklər önəmlidir".

Deputat vurğulayır ki, hələlik, neftin mövcud qiyməti ölkəyə daxil olan valyutanın həcminin azalmasına deyil, artmasına səbəb olur: "Neftin qiyməti yüksək olduğundan Azərbaycanın 2024-cü ildə proqnozlaşdırılan valyuta gəlirlərinin formalaşmasında hər hansı çətinliyin olacağı gözlənilmir".

XS
SM
MD
LG