Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:37

Qrantların 'bir pəncərə' sistemi nə deməkdir? [ekspert rəyi]


Hüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli

Prezident “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərman imzalayıb.

Hüquqşünas Ələsgər Məmmədli sənədi AzadlıqRadiosu-na şərh edib:

– Bu, yeni məsələdir. Qrantların vahid – “bir pəncərə” sistemində qeydə alınması əvvəllər yox idi. Amma yenə də burda “bir pəncərə” yox, “üç pəncərə” sistemi yaradılıb.

Buna da bax:​ Azərbaycanda elmə 35 milyon manat qrant xərclənib - nəticəsi varmı?

– Söhbət nədən gedir?

– Ayrı-ayrılıqda qrantlar üç nazirlikdə qeydiyyatdan keçirilməlidir. İqtisadiyyat Nazirliyi kommersiya qurumlarının, Ədliyyə Nazirliyi QHT-lərin və ictimai birliklərin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təmayüllü qurumların “bir pəncərə” sistemində qeydə alınmasını təşkil etməlidir. Buna görə də üç fərqli anlayış qalır. Halbuki bu vahid bir sistem halına gəlsəydi və daha asan sistem yaradılsaydı, daha yaxşı olardı. Ədliyyə Nazirliyi xüsusilə vətəndaş cəmiyyəti institutlarına qarşı həmişə problemlərlə yadda qalıb. İndi də qrantların qeydiyyata alınması səlahiyyətinin bu quruma verilməsi nəyinsə dəyişmək ehtimalını azaldır. Bundan başqa, ayrıca qanunvericiliyin özünə dəyişiklik etmədən fərmanla onun tətbiqini dəyişmək mümkün deyil. Çünki qanunvericiliyin özündə çox sayda məhdudlaşdırıcı normalar var. Bunlar qüvvədə olduğu müddətdə mən düşünmürəm ki, ciddi şəkildə nəsə dəyişsin.

Buna da bax:​ Qrantlara aid yeni prezident fərmanı çıxdı

– Yəni qanunvericiliyin dəyişdirilməsi şərtdir artıq.

– Bu fərmanda Nazirlər Kabinetinə göstəriş verilir ki, 2 ay ərzində qanunvericiliyə uyğunlaşdırılsın. Eyni zamanda, bu məsələləri yanvarın 1-dək həll etsin ki, vahid pəncərə sistemi tətbiq olunsun. Bilirsiniz ki, əvvəllər qrantların əsaslandırılması məsələsi vardı, bunu donorlar Maliyyə Nazirliyi ilə razılaşdırmalıydılar. Yenə də bu məsələ qüvvəsində qalır və mahiyyət dəyişmir. Bu da nə deməkdir, əgər Maliyyə Nazirliyi yenə özü qranta rəy verəcəksə, artıq bu özü problem yaradır. Çünki qrant vermək istəyən tərəfin tam sərbəst şəkildə hara qrant verməsini müəyyən etməsindənsə, qrantı nazirliyin müəyyənləşdirdiyi çərçivədə verməsi nəzərdə tutulur. Xarici donorlar isə burda daha çox öz prioritetləriylə iş görmək istəyirlər. Bax, bu aspektdən baxsaq, xarici donorları ölkəyə cəlb etmək istəyirsənsə, həm xarici donorun ölkədə qeydiyyat məsələsi ləğv edilməlidir, həm də qrantların əsaslandırılması şərti olmamalıdır. Amma indiki halda, bu şərt qalır. Sadəcə, onun təqdimetmə metodunda asanlaşdırmanın olacağı ehtimalı yaranır.

– Yəni xarici donorları ölkədən qaçaq salan problemlər olduğu kimi qalır? Problem sadələşdirilmir.

– Bəli. Qanunvericilikdə xarici donorların qeydiyyatı qalır. Yenə də dəyişmir. Eyni zamanda, QHT-lərə xarici mənbədən gələn xidməti müqavilələrin də qeydiyyat şərti dəyişməz qalır. Ona görə də bu məhdudlaşdırıcı normalar varkən praktikanın dəyişəcəyini güman etmək daha çətindir.

Buna da bax:​ AZƏRTAC qrant da ala biləcək

– Ələsgər bəy, iki cümlə ilə fərmanı necə xarakterizə etmək olar? Əgər qanun dəyişmirsə, onu verməkdə məqsəd nədir?

– Məram kimi müsbətdir. Problem var və həll olunmağa doğru ilkin təşəbbüsdür. Amma uzun vədədə nəyinsə dəyişəcəyinə əmin olmaq mümkün deyil. Çünki qanunvericilik dəyişmədən nəticə əldə etmək olmayacaq.

XS
SM
MD
LG