Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

Rəşad Məcid: ‘...tənqidi məqamları da kübarcasına deyirik’


Rəşad Məcid
Rəşad Məcid

“Çalışmaq lazımdır ki, həqiqəti məhdud şəraitdə də deyəsən”

“Ötəri baxdım, Eynulla Fətullayevin, Qafqazinfo.az, modern.az saytlarının rəhbərlərinin adlarını gördüm. Ölkədə elektron mediada tanınan bunlardır, onlar da alıblar. Tənqidçi media hardadır, kimdir?..”

Mətbuat Şurası İdarə Heyətinin üzvlərindən biri, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid 22 iyul – Milli Mətbuat Günündə prezidentin jurnalistləri təltif etməsindən danışarkən belə deyib.

Rəşad bəy, bu gün çoxu sosial mediada Milli Mətbuat Günü ilə bağlı “haqqı çatan, vicdanlı jurnalistləri” təbrik etdiyini deyir. Bu, təltiflərə, mənzillərin verilməsinə də aid edilir bəzən. Sizcə, belə bir bölgünün aparılması normaldırmı?

Ola bilsin, prezidentin təqdim etdiyi fəxri adları əvvəlki illərdə layiq olmayan adamlar da alıb. Belə ədalətsizlik olanda da çox adam, əslində layiq olmayanlar belə düşünür ki, o alıbsa mən niyə almayım. Hər bir insanda eqoizm var. Bu gün də təltif olunanların siyahısı çıxdı. Xeyli təltif edilən var, onların içində fəal jurnalistikayla məşğul olanlar da var, mətbuat rəhbərləri də var, az tanınanlar da. Əlbəttə, bu zaman hansısa xidmətlər nəzərə alınır. Mənə belə gəlir, bu bayram günündə, belə məqamda inciklikləri danışmaq düzgün deyil. Əvvəlki illərdə də, indi də mətbuata diqqət, qayğı çoxdur. Onların fikri düz deyil.

Qan təzyiqi niyə qalxır?

Siz özünüzü hansı sırada hiss edirsiniz? Redaktor kimi, mətbuat işçisi kimi haqqınız varmı sizcə təbrik olunmağa?

Mən özüm 30 ilə yaxındır ki, maarifçi, Azərbaycan mədəniyyətinə, tarixinə xidmət edən, Azərbaycan ziyalılarının çap olunmağa çalışdığı, çap olunduğu bir qəzetin rəhbəriyəm. Azərbaycanın ən tanınmış adamları “525-ci qəzet”-i “məktəb” adlandırırlar. Azərbaycan cəmiyyəti bunu deyirsə və kimsə də mənim təbrik olunmağa haqqım olmadığını deyirsə onu öz vicdanına buraxıram.

Sizcə, Rəşad Məcidin rəhbərlik etdiyi qəzet, sayt ölkədə olan bütün problemləri əhatə edə, onun ən dərin problemlərinə güzgü tuta bilirmi?

Azərbaycanda olan bütün problemləri heç sizin çalışdığınız orqan da əhatə etmir. Mənim qaldırdığım problemləri, Azərbaycanın mədəniyyəti, tarixi, mənəviyyatı ilə bağlı məsələləri bir sıra ziyalılar qaldırırlar. O da bir sıra mətbuat orqanlarında yoxdur. Onlar da (tənqidçi medianı nəzərdə tutur – A.R.) başqa şey axtarırlar, ancaq neqativ axtarırlar. Vaxtilə Masallıda bir müəllim deyirdi ki, mən “Azadlıq”ı da, “Yeni Müsavat”ı da, “525-ci qəzet”i də oxuyuram, demək olar eyni şeyi yazırlar, amma “Azadlıq”la “Yeni Müsavat”ı oxuyanda təzyiqim qalxır, “525-ci qəzet”də sakit oxuyuram. Ona görə ki, biz hadisələrə, problemlərə nifrətlə, qəzəblə yanaşmırıq, sevgiylə yanaşırıq, onun düzələn yolunu tapmağa çalışırıq, tənqidi məqamları da kübarcasına deyirik. Bizi oxuyanlara qəzəb və nifrət aşılamırıq.

Korrupsiyadan necə sevgi ilə danışmaq olar?

Məsələn, korrupsiyadan necə sevgiylə danışmaq olar?

Korrupsiyadan sevgiylə yazmaq niyə olmur ki? Azərbaycan məmurunun maaşı Avropadakı məmurun maaşından 10 dəfə azdır. Elə yazmaq olar ki, bizim məmur niyə 400 dollar alır? Niyə? Tutaq ki... İstedadlı adam yazıda hər cür yol tapa bilər. Ola bilsin, hansısa problemlərə toxunmuruq, amma “525-ci qəzet”in toxunduğu mövzular Azərbaycan xalqı, mədəniyyəti, tarixi üçün vacib mövzulardır. Götürün vərəqləyin bugünkü qəzetin sayını. Biz XX əsrin əvvəlində Azərbaycandakı diplomatik nümayəndələr, jurnalistikada problemlərdən yazmışıq, Hafiz Əhmədovun, o Tovuzda oturan oğlanın müsahibəsi gedib, dünyadakı məşhur adamlardan müsahibə alır. “Kəpəzin göz yaşları”nı vermişik. Bax budur da bizim temalarımız. Gəncədə 21 il qabaq ev tikilib, 5-ci mərtəbəsi yoxdur. Biz onu, bax, belə sakit şəkildə vermişik: “5 mərtəbəli binanın 4,6-cı mərtəbəsi”. Bina tikiblər, sonuncu mərtəbə yoxdur, insanlar nə “kupça” ala bilir, nə qaz çəkdirə. Başqa media orqanı bu haqda nifrtlə, qəzəblə yazardı, biz sakit veririk.

Mətbuat Şurasının İdarə Heyətinin üzvüsünüz, bugünkü mətbuatın səviyyəsi sizi qane edirmi? Bu gün çap mediası demək olar ki, yoxdur, bu sizi narahat edirmi?

Elə sual verirsiniz ki, elə bil başqa yerdə yaşayırsınız. Azərbaycan mediasının vəziyyəti haqqında hökumətdən və hökumətyönlü adamlardan daha çox danışan yoxdur. Yazılı medianın düşdüyü vəziyyətin səbəbi reklam və oxucu qıtlığıdır. Buna görə dövlətin dəstəyinə ehtiyac duyuldu və müraciət olundu. Sonra da KİV-ə dəstək konsepsiyası qəbul edildi. Demək olar, yazılı mətbuatın yaşamasının səbəbi Azərbaycan dövləti oldu. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı, onun hesabına yaşadı. Biz dəfələrlə dedik ki, Azərbaycanda reklam bazarı məhduddur, alıcı kütləsi yoxdur, qəzetlər özləri müstəqil iqtisadi fəaliyyət göstərə, biznes strukturuna çevrilə bilmirlər. Sonra da yeni media çıxdı. Bundan sonra yazılı mətbuatın vəziyyəti kəskinləşdi. Hələlik, dövlət onu qoruyub saxlayır, yəqin bir müddət sonra sıradan çıxacaq. İndi media adına iddia edən də o qədər çoxdur, sosial şəbəkələr çıxandan sonra hər kəs özünü jurnalist saya bilər, söz azadlığı, ifadə azadlığı baxımından bütün fikirləri bildirirlər, xaotik vəziyyət yaranıb. Bunları media saymaq olarmı? Hazırda sosial şəbəkələrin olduğu durumda söz azadlığının boğulmasından danışmaq özü də bir az düzgün deyil.

Reklam niyə yoxdur?

Bəs Fonddan yardım alan qəzetlərin hamısını normal media qurumu saymaq olarmı? Tənqidçilər onların sırf hakimiyyətyönlü olduğunu, hadisələrə, problemlərə birtərəfli baxış sərgilədiklərini, obyektiv, qərəzsiz olmadıqlarını deyirlər.

KİV-ə Dəstək Fondu ilə bağlı da tənqidlər olub. Biz də narazı qalmışdıq ki, ənənəsi olan “525-ci qəzet”, “Şərq”, “Ədalət” kimi qəzetləri ikinci kateqoriyaya, “Mövqe” və s. kimi heç kimin tanımadığı qəzetləri birinci kateqoriyaya salmışdı. Hər halda yeni rəhbərlikdən sonra vəziyyət dəyişib. Bu şərait daxilində, əlbəttə, fərqli informasiyaları çatdırmağa çalışırıq. Şübhəsiz ki, belə prinsiplərə qalanda Azərbaycan mətbuatı öz-özünü maliyyələşdirə bilsəydi, onda dövlətin dəstəyinə də ehtiyac olmazdı. Amma indi mətbuatı yaşadan dövlətdir, onun yaratdığı Fonddur, bunu açıq-aşkar deyirik. İndi media adına yazılı mətbuat simvolik olaraq mövcuddur, hələlik yaşayır. Amma hərə bir kanal açır, ağlına gələni danışır, mediaya məhdudiyyət qoyulmur. Düzdür, belə təkliflər səslənir, kanalların bağlanması fikrini deyənlər var. Mən elə bilirəm, bu, zamanın çarxını geriyə çevirməkdir. Proseslər elə gedir, informasiya texnologiyaları elə sürətlə inkişaf edir ki, hökumətlərdən bu prosesə çevik cavab vermək tələb olunur, yəni hansısa qabaqlayıcı tədbirlər görsünlər. Bu, qlobal problemə çevrilib.

Siz dövlətin, onun yaratdığı Fondun sayəsində qəzetlərin bir müddət simvolik olaraq yaşayacağını, məhvə məhkum olduğunu deyirsiniz. Belə fikirlər var ki, məhz siyasi hakimiyyətin apardığı siyasət nəticəsində qəzetlərin küçədə, metroda satışı dayandırıldı, reklam bazarı yoxdur, müstəqil qəzetlər yardım almır, küncə sıxışdırıldı və s. Sizcə, yardımlar onu ayaqda saxlamayacaqsa, sıradan çıxacaqsa onun nə faydası var?

Məqsəd məhvə olmağa qoymamaqdır. Medianın dirilməsi ilə bağlı... 20 ildir biz bunu demişik. Birincisi, bütün dünyada yazılı mətbuatın, qəzetlərin gəliri 70 faiz reklamdan olub. Bizdə “525-ci qəzet” ən çox reklam verən qəzet olub, onda da 15-20 faiz olub. Həddindən artıq çoxalan qəzetlər, sonra da yeni medianın yaranması qəzetlərin satışına da təsir edib. Eyni zamanda metroda satışın yığışdırılmasına görə, yayım məsələlərində də narazılıq var. Düşünmürəm ki, bundan sonra yenidən qəzetləri özünü maliyyələşdirən biznes strukturuna çevirmək olar. Artıq qəzet dövrü keçib. Yeni media hansı şəkildə formalaşacaq... Yenə də onun gəlir mənbəyi reklamdandır. Reklam kasad oldusa medianın özünü maliyyələşdirmək, öz fikrini müəyyənləşdirmək imkanları məhdud olacaq.

Pulsuz mənzildən imtina edən də olub

Sizcə, yeni medianın da çap mediası kimi məhvə məhkum olmaması üçün nələr dəyişdirilməlidir?

İndi xaotik durum yaranıb. Xırda sayt açan da media adına iddia edir. Bütün dünyada indi müzakirə gedir ki, nəyi media adlandıracağıq. Bunu zaman özü arıtlayacaq. Medianın yaşaması üçün nüfuzlu olması lazımdır, yayımı da çox olmalıdır ki, reklam verilsin, bu sayədə yaşasın.

Nüfuzlu olmaq üçün neyləmək lazımdır?

Çalışmaq lazımdır ki, riyakarlıq etməyəsən, həqiqəti məhdud imkan şəraitində də deyəsən.

Prezident jurnalistləri təltif edib. Siyahıda tənqidçi mediadan heç kimin adı yoxdur.

Ötəri baxdım, Eynulla Fətullayevin, Qafqazinfo.az, modern.az saytlarının rəhbərlərinin adlarını gördüm. Ölkədə elektron mediada tanınan bunlardır, onlar da alıblar. Tənqidçi media hardadır, kimdir?.. Neçə dəfə olub ki, belə jurnalistləri Mətbuat Şurası təqdim etmək istəsə də, özləri razılaşmayıblar. Ad da deyə bilərəm. Əflatun Amaşov 5 il qabaq Hikmət Sabiroğlunun adını təltiflə, ya evlə bağlı siyahıya salmaq üçün çox çalışdı, o etiraz etdi.

Siz bilirsinizi o niyə etiraz edir?

Bilmirəm...

XS
SM
MD
LG