Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:47

Saxta zədə və danışılmış pəhrizlər futbolu Ramazana alışdırdı


"Feyenoord"-"Ayaks" oyununda Ramazan orucunu tutan futbolçular üçün içki və yemək fasiləsi
"Feyenoord"-"Ayaks" oyununda Ramazan orucunu tutan futbolçular üçün içki və yemək fasiləsi

"The New York Times" yazır ki, vaxt vardı Premyer Liqa kimi çempionatlarda peşəkar müsəlman futbolçular basqıyla üzləşir, Ramazanda düz bir ay oruc tutmaqdan çəkindirilirdi. İndi durum dəyişib: Onlar özəl qida rejimindən və oyun zamanı dincəliş aralarından yararlanırlar.

1997-ci ilin qışında yarımmüdafiəçi kimi Portuqaliyanın "Porto" futbol klubuna qoşulan mərakeşli Yussef Şippo özünü sübut etmək üçün əlindən gələni edir, uğuruna xələl gətirə biləcək hər şeydən yayınmağa çalışırdı. Bu üzdən Ramazan ayında oruc tutduğunu kluba bildirmirdi.

Komandanın səhər və günorta məşqləri onsuz da çox ağır keçirdi. Günəşin doğuşundan batışınadək heç nə yeyib-içmədən məşq etmək daha çətin idi. Ancaq günlərlə baş gicəllənməsi və başağrısından əziyyət çəkən Şippo, nəhayət, oruc tutduğunu kluba deyir və klub dərhal onun enerjisini və sağlamlığını qorumaq üçün plan işləyib hazırlayır.

Di gəl, müsəlman oyunçular on illərcə komandalarından belə anlayışı görməyiblər. Bu oyunçular bəzən iftar açmaqdan ötrü yaradıcı üsullara əl atmalı olurdular. Məsələn, oyun zamanı komanda yoldaşlarından biri gün batandan sonra özünü zədələnmiş kimi göstərir, beləcə, oyun dayanır, iftar açmalı olan oyunçu orucunu bitirmək üçün qısa zaman qazanırdı. Heyət üzvü şərtləşilən vaxtda gəlib müsəlman oyunçuya bir-iki xurma və su ötürürdü. Yaxud məşqçilər zədələnmiş oyunçuya baş çəkməyə gələrkən yardım dəstinin içində banan gətirirdi.

"Dəyişikliklərin daha praktik səbəbləri də var"

Bir zamanlar müsəlman oyunçuları oruc tutduğu üçün acılayan və bu yoldan çəkindirməyə çalışılan futbolda son dönəmlər ciddi dəyişikliklər gözə çarpır. Dəyərli müsəlman ulduzların say artımıyla dünyanın ən zəngin liqa və komandaları Ramazan orucuna qucaq açmağa başlayıb.

Vesle Fofana "Sauthempton"-"Lester Siti" arasında İngiltərə Premyer Liqası matçı zamanı Ramazan orucunu açır.
Vesle Fofana "Sauthempton"-"Lester Siti" arasında İngiltərə Premyer Liqası matçı zamanı Ramazan orucunu açır.

Avropada bir çox müsəlman oyunçuya Ramazan ayında özəl qidalanma planı verilir. Onlar oruc tutan üçün hazırlanmış məşq rejimindən və hətta matç zamanı iftar aça bilmələrindən ötrü liqanın təsdiqlədiyi oyun aralarından yararlanırlar.

Bu dəyişikliklərdən bəziləri zəngin liqalarda yaranıb qəbul olunmuş yeni rəngarəngliyi əks etdirir. Buna misal kimi, əhatə dairəsi və azarkeş bazası çoxdan yerli sərhədləri aşan İngiltərə Premyer Liqasını göstərmək olar. Bu dəyişikliklərin daha praktik səbəbləri də var. İndi müsəlman oyunçular dünyanın seçkin komandaları üçün yüz milyonlarla dollarlıq investisiya deməkdir. Bu oyunçular öz tələblərini səsləndirməkdən çəkinmirlər.

Məsələn, iki mövsüm öncə "Liverpul"un hücumçusu Sadio Mane komandanın kapitanından məşqçi Yürqen Kloppla Ramazan ayında məşqlərin səhər saatlarına çəkilməsi haqda danışmasını xahiş etmişdi. Bu onun özü və ulduz hücumçu Məhəmməd Salah kimi müsəlman oyunçuların səhər yeməyinə daha yaxın saatlarda məşq edə bilməsi üçün idi. Klopp bu xahişə müsbət cavab vermişdi.

İngiltərə və Niderland liqaları oyun zamanı Ramazan fasiləsinə icazə verən qaydalar tətbiq edirlər. Almaniyada hakimlərin eyni səbəbdən oyunu dayandırmaq haqqı var.

Ancaq heç də hər ölkə bu dəyişikliklərə qucaq açmır.

Fransa Futbol Federasiyası bu yaxınlarda komanda və futbol rəsmilərinə oyunçuların oruclarını kəsməsi üçün oyunu dayandırmamaq barədə göstəriş verdiyinə, eləcə də oyunçuların oruc tutmasını yasaqladığına görə tənqidə məruz qalıb.

Fransa rəsmiləri federasiyanın dünyəvilik qaydalarının tələbinə əməl etdiklərini bəhanə gətirərək bu qərarı dəstəkləyirlər. Nəticədə, azı, bir ulduz oyunçu buna etirazını bildirərək milli komandanı tərk edib.

Müsəlmanlar müqəddəs Ramazan ayının sonunu qeyd edən Eyd əl-Fitr bayramının ilk günü İngiltərənin Birkenhed şəhərindəki "Tranmere Rovers'in Prenton Park" stadionunun meydançasında namaz qılırlar.
Müsəlmanlar müqəddəs Ramazan ayının sonunu qeyd edən Eyd əl-Fitr bayramının ilk günü İngiltərənin Birkenhed şəhərindəki "Tranmere Rovers'in Prenton Park" stadionunun meydançasında namaz qılırlar.

"Başqa heç kim bunu anlamadı"

Digərləri inklüzivlik və maarifləndirmə üçün çalışırlar. İngiltərədə Premyer Liqa hələ 2021-ci ildə müsəlman oyunçuları olan klublara hakimlərlə danışıb gün batandan sonra qısa fasilə verilməsini təşkil etmək icazəsi verib. Oyunçuların həmkarlar ittifaqı olan Peşəkar Futbolçular Assosiasiyası isə oruc tutularkən tətbiq oluna biləcək tövsiyələrdən ibarət 30 səhifəlik sənəd dərc edib.

"Müsəlmanlardan ortama uyğunlaşmalarını istəməkdənsə, məsələyə tərsinə yanaşmaq daha yaxşıdır", - ittifaqın baş icraçı direktoru Maheta Molanqo deyir.

Premyer Liqada orucun bitirilməsi üçün oyuna öncədən təşkil olunmuş fasilə verilməsi praktikası ilk dəfə üç il əvvəl "Kristal Palas" və "Lester" komandalarının oyununda başlanıb. "Kristal Palas"ın keçmiş həkimi Zəfər İqbal deyir ki, oyundan öncə hər iki komandanın tibb heyəti fasiləyə ehtiyac olduğu barədə hakimlə danışıb. Təyin olunmuş vaxtda "Palas"ın qapıçısı topu vuraraq meydandan çıxarıb.

"Top oyundan çıxanda oyun dayandı və iki oyunçu su və xurma götürmək üçün meydançanın kənarına getdi. Stadionda başqa heç kim bunu anlamadı, çünki bu ani baş verdi", - İqbalın sözləridir.

O an bu proses hamının gözündən qaçmışdı. Ertəsi gün sözügedən müsəlman oyunçular qapıçıya, liqa və komandalara təşəkkürünü bildirəndə bu məsələ insanların diqqətini çəkmişdi.

XS
SM
MD
LG