Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:01

Ramiz Mehdiyevin qızı Ədliyyə Nazirliyini məhkəməyə verdi, şikayətinə baxılmadı


Bakı Oksford Məktəbi
Bakı Oksford Məktəbi

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva Ədliyyə Nazirliyini məhkəməyə verib. Səbəb isə Bakı Oksford Məktəbinin (Baku Oxford School) binasının əlindən alınmasıdır.

54 yaşlı K.Əliyeva eyni şikayətdə Ədliyyə Nazirliyi ilə yanaşı, "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri, 3 ilə yaxındır həbsdə olan işadamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanı da cavabdeh kimi məhkəməyə verib.

Məktəbdəki 100 faizlik payın yarısı K.Əliyevada, yarısı isə M.Məmmədovadır. 2022-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi R.Məmmədov haqqında hökm çıxaranda onun özü və yaxınlarının adına olan xeyli əmlakın da müsadirəsinə qərar verilmişdi. Müsadirə olunan əmlaklar arasında Bakı Oksford Məktəbinin binası da vardı.

Məhkəmə iddiaya baxmaqdan imtina edib

K.Əliyeva şikayətində göstərib ki, ona məxsus əmlak icra xidməti tərəfindən satışa çıxarılıb. R.Məmmədovun Bakı Oksford Məktəbinə aidiyyəti olmadığı halda, məhkəmə onunla bağlı cinayət işi üzrə bu əmlakı müsadirə edib. K.Əliyeva baş verənləri mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirir.

Səbail rayon Məhkəməsi K.Əliyevanın Ədliyyə Nazirliyi və M.Məmmədovaya qarşı iddiasına baxmaqdan imtina edib. Bu barədə AzadlıqRadiosuna Səbail rayon Məhkəməsindən bildirilib.

Bundan sonra K.Əliyeva sözügedən hökmü çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərib. Bakı Oksford Məktəbində 50 faizlik paya sahib olduğunu və müsadirə qərarından şikayət vermək hüququnu vurğulayıb. Lakin onun bu müraciəti də nəticəsiz qalıb.

Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Sözügedən hökmlə R.Məmmədov və yaxınlarına məxsus əmlakların müsadirəsi ilə yanaşı, özünə də 14 il həbs cəzası kəsilmişdi. Apellyasiya məhkəməsi onun cəzasını 3 ay azaltsa da, hökmü qalan hissədə dəyişmədi. Təxminən 60 milyon manatlıq əmlakın müsadirəsi bağlı qərar da qüvvədə saxlandı.

Bundan da Ali Məhkəməyə kassasiya şikayəti verilib və şikayətə oktyabrın 8-də baxılacaq.

Rasim Məmmədova ittihamlar

48 yaşlı R.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib "Baku Steel Company"dən 185 milyon manatlıq mənimsəmədə, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi əməllərdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Məhkəmədəki çıxışlarında da heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu, yalan məlumatlar əsasında, qondarma ittihamlarla həbs olunduğunu vurğulayıb. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur.

İşadamı məhkəmədə çıxışında vurğulamışdı ki, 2011-ci ildə "Baku Steel Company" ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələləri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

XS
SM
MD
LG