Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:59

Rasim Balayev: 'Sağ olsun, Zeynəb Xanlarova bilir ki, əsl sənətlə məşğul olanlar kimlərdir'


Rasim Balayev
Rasim Balayev

«Zeynəb Xanlarova böyük sənətkardır. O bilir ki, əsl sənətlə məşğul olanlar kimlərdir, hamısını tanıyır. Zeynəb xanım da həmişə sözünü deyən adamdır. Sağ olsun, məni yada salıb, dəstəkləyib», – 69 yaşlı xalq artisti Rasim Balayev Milli Məclisdə onun müalicəsi ilə bağlı hökumətə müraciət edən Zeynəb Xanlarovanın çıxışı haqda danışarkən AzadlıqRadiosuna belə deyir.

Noyabrın 17-də xalq artisti, deputat Zeynəb Xanlarova parlamentin iclasında aktyorun dərman almağa pul tapa bilməməsini «mədəniyyətin faciəsi» adlandırıb. O, Səhiyyə Nazirliyinə «Bu nə böyük məsələdir ki, həll edə bilmirsiniz?», - deyə sual edib.

AzadlıqRadiosu Rasim Balayevlə müsahibəni təqdim edir.

– Rasim bəy, Zeynəb Xanlarova sizinlə bağlı parlamentdə çıxış edib. Bildirib ki, bu aktyora dərman almağa kömək etməsək, tarix bizi bağışlamaz.

– Çox sağ olsun, Zeynəb Xanlarova böyük sənətkardır. O bilir ki, əsl sənətlə məşğul olanlar kimlərdir, hamısını tanıyır. Zeynəb xanım da həmişə sözünü deyən adamdır. Sağ olsun, məni yada salıb, dəstəkləyib.

– Sosial şəbəkələrdə müzakirələrə səbəb olan müsahibənizdən sonra bunun parlamentə çıxarılması Sizin üçün gözlənilən idimi?

– Təsəvvür etmirdim. Amma Zeynəb xanım həmişə sənət adamlarını müdafiə edib. Təşəkkür edirəm ona.

– Rasim bəy, durumunuz necədir? Səhhətinizlə, dolanışıqla bağlı problemlər nə qədər ciddidir?

– Ciddi deyəndə hər xəstəlikdən bir az var. Yüngülvarı belimdə, əsəb sistemimdə problem var. Kino yox, çəkiliş yox. İndi klinikaya gedirəm. Fizioterapiya götürürəm, cürbəcür müalicələr alıram. Gedirəm də, Allaha təvəkkül.

– Bəs o biri, 60 manata olan ikinci dərmanı ala bildinizmi?

– (Gülür) Onu mən elə-belə, yeri gəlmişkən demişdim. Amma atıram. Bir ucdan atıram dərmanı. Qurtaranda gedib alacam.

– Həmin müsahibədən sonra rəsmilərdən Sizi «Bu qədər təqaüd alırsan, niyə şikayətlənirsən» deyə tənqid edən, qınayan oldumu?

– Dedilər. Amma mənim təqaüdüm vaxtında yaxşı idi. İndi bir az hər şey bahalaşıb. Vaxtilə manat 78 dollar idi. İndi bir az... Mən tək dərman almıram, axı. Prosedurlar var, müalicə var. Sağ olsun «Avrasiya» klinikasının rəhbəri, pul götürmürlər, güzəştə gedirlər. Amma fəqərələrimə görə manual terapiya alıram. Artıq orda pul verirəm. O da yığışanda müəyyən problem yaranır. Özü də o sözü mən o mənada demədim. Əsas onu dedim ki, bu gün klinikalarda olmalı günüm deyil, çəkiliş meydançalarında olmalıyam. Mən çəkiliş meydanına gedəndə inanın ki, sağalıram. Hər şey yadımdan çıxır, ağrım da, acım da, depressiyam da. Həm də oradan pul alıram, o da gəlirdir. Amma o da olmayanda evdə qapanırsan özünə. Belədir də... Şükür allaha, acından ölmürük. Əsas məsələ qalıb, başlığa çıxarıblar ki, Rasim Balayevin dərman almağa pulu çatmır.

– Amma dərmana pul tapmamağınız haqda dedikləriniz sizi sevənlərə pis təsir etdi.

– Sağ olsunlar mənimlə maraqlananlar. Hələ ki yaşayırıq. Görək sonrası nə olur.

– Rasim bəy, dövlət sənətçiyə yardım etməlidirmi?

– Edir də. Mənə təqaüd verirlər. Rəhmətlik Heydər Əliyevin birinci dəfə təqaüd verdiyi 10-15 nəfərdən biri mən idim... Amma idmançıdır, futbolçudur, 35-40 yaşdan sonra pensiyaya çıxır, məşqçi olur və s. Biz aktyorlara isə iş olmalıdır. Əvvəl cavan rolu oynayırdım, indi qoca rolları oynaya bilərəm də. O da yoxdur. Yaxşı əsər yoxdur. Bu sənətdən uzaq adamlar film çəkir. Ona da mən çəkilmirəm. Baxmayaraq ki, ehtiyac var, getmirəm.

– Yeri gəlmişkən, dövlət sifarişi ilə hər il filmlər çəkilir. Sizcə, yaxşı filmlərin çəkilməməsinin səbəbi nədir?

– Vallah, onun səbəbini bilmirəm. Otursaq, saatlarla izah etmək lazımdır. Fakt budur ki, bu gün tamaşaçıların qəlbini oxşayan film yoxdur. Tamaşaçılarla görüşəndə mənə deyirlər ki, köhnə filmlərin yerini heç nə vermir. Mənasız, boş-boş seriallar çəkilir, təsadüfi adamlar oynayır, müğənnilər aktyorluq edir. Deməli, aktyorluq bu qədər aşağı sənətiymiş ki hamı bacarır? Axı, bu, belə deyil.

XS
SM
MD
LG