Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:33

'İndi rus dilində təhsilə dəb kimi yanaşanlar da var'


"Dövlətçilik üçün təhlükə" - keçmiş nazirin rusdilli təhsil alanların Azərbaycanca bilməməsini qiymətləndirməsi
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

"Dövlətçilik üçün təhlükə" - keçmiş nazirin rusdilli təhsil alanların Azərbaycanca bilməməsini qiymətləndirməsi

Azərbaycan məktəblərində rus dilində siniflər arta bilər.

Jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov bildirib ki, məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatı var. "Bu gün ölkənin təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca, rus bölməsi üzrə sinif sayı artırıla bilər", - o əlavə edib.

Hələ 2022-ci ildə prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin ilə görüşü zamanı demişdi ki, Azərbaycanda rus dilində tədris keçən 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır: "Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi. Əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar".

Amma bəzi ölkə vətəndaşları düşünür ki, dövlət büdcəsi hesabına maliyyələşən məktəblərdə tədris yalnız rəsmi Azərbaycan dilində olmalıdır.

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

"Onlarda belə bir stereotip formalaşıb ki..."

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Turan"a bildirib ki, belə bir addımın atılması təbiidir: "Təəssüf ki, bu məsələ bəzən çox şişirdilir, bir problem kimi təqdim olunur. Amma mən burada heç bir problem görmürəm. Əgər rus dilinə tələbat artarsa, siniflərin sayı artırıla bilər. Bu, normaldır".

Deputatın sözlərinə görə, məsələnin mahiyyəti ondan ibarətdir ki, həqiqətən də bu gün vətəndaşlar rus dilində təhsil almaq üçün müraciət edirlər: "Onlarda belə bir stereotip formalaşıb ki, rus dilində təhsilin keyfiyyəti daha yüksəkdir. Ona görə də çalışırlar ki, övladları rus dilində təhsil alsınlar. O mənada bu gün tələbat var".

C.Məmmədov qeyd edir ki, ölkədə rus dilinin mövcud olmasının siyasi tərəfi də var: "Ona görə də bu gün bu mövzuda müzakirələr aparılarkən vətəndaşlarımız diqqətli olmalıdır. Əgər kimsə düşünür ki, biz Rusiya ilə düşmən olmalıyıq, rus dilinə müharibə elan etməliyik, bu fikirlər kökündən yanlışdır. Rusiya bizim qonşumuzdur və onunla münasibətlərin qorunması öz təhlükəsizliyimizin qorunması baxımından xüsusi önəm daşıyır".

Kamran Əsədov
Kamran Əsədov

"Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltmək lazımdır"

Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, tendensiyanın Azərbaycan dili bölməsinin xeyrinə olması üçün ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir. "Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu, belə deyil", - o, AzadlıqRadiosuna bildirib.

Ekspert hesab edir ki, indi əvvəlki intellektli müəllim nəsli azalıb: "Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar".

K.Əsədovun sözlərinə görə, əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını layiqli mühitdə oxutmağa çalışır: "Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Rusdilli bölmədə həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir".

Eyni zamanda, ekspert deyir ki, rus dilində siniflərin sayının artmasını faciəyə çevirməyə də ehtiyac yoxdur: "Hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər də onun ucun yaxşıdır. O ki qaldı rus dilinə, dünyanın quru ərazisinin 1/6 hissəsinin insanları bu dildə danışırlar".

XS
SM
MD
LG