Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Rüşvətdə ittiham olunan ‘Tərəqqi’ medallı professor tələbələrdən müxtəlif ‘işlərə’ pullar yığıb


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Famil Nəsibov ötən il rüşvət ittihamıyla həbs olunsa da, sonradan ev dustaqlığına buraxılıb.

Bu işə baxan Gəncə Ağır Cinayətlər Məhkəməsi professoru tələbələrdən dəfələrlə rüşvət almaqda təqsirli saysa da, ona şərti cəza kəsib. Narazı qalan prokurorluq hökmdən apellyasiya protesti verib.

2019-cu ildə dekan olan F.Nəsibov 2020-ci ilin dekabrında prezidentin sərəncamıyla “Tərəqqi” medalına layiq görülüb.

Onun haqqında cinayət işində 20-dən çox tələbədən müxtəlif işlərdən ötrü rüşvət alınmasından söhbət gedir. İttihama görə, tələbələr dərsə gəlməyib, amma semestrin sonunda davamiyyətlə bağlı problemi, eləcə də imtahanlardan keçmək məsələsini dekanın yardımıyla çözüblər. Bundan ötrü alınan məbləğlər standart olmayıb – 200 manatdan 1500 manatadək pul verildiyi iddia edilir.

Professor alternativ cəza xahiş edib

Üstəlik, 64 yaşlı professor 300 manata tələbəni kurs nümayəndəsi təyin etməkdə, “Baytarlığın inkişaf tarixi”, “Anatomiya” və başqa fənlərin hər birindən ötrü 150 manat alıb, tələbələri imtahandan keçirməkdə suçlanır.

F.Nəsibov özünü təqsirli bilərək, məhkəmədə əməlindən çox peşman olduğunu bildirib. Ancaq uzun illər elm sahəsində çalışmasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq, həbs edilməməsini, alternativ cəza verilməsini istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə təqsirli bilib. Bu maddədə 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

F.Nəsibova 4 ili sınaq müddəti olmaqla, 8 il şərti cəza verilib. Hökmdə də göstərilib ki, peşmanlığı, yaşı, elmlər doktoru olması, “Tərəqqi” medalı, onkoloji xəstəliyi və s. diqqətə alınaraq, ona şərti cəza kəsilir.

Prokuror buna etirazını bildirib və rüşvətin ictimai təhlükəli cinayət sayıldığını vurğulayaraq, F.Nəsibova qanunda nəzərdə tutulduğu kimi, azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Sınaq müddəti 1 il artırılıb

Rüşvətdə ittiham edilən elmlər doktorunun işinə bugünlərdə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Onun haqqında hökm dəyişib, amma bu məhkəmə də onu həbs yerinə göndərməyib. F.Nəsibovun haqqında 8 il şərti cəza olduğu kimi saxlansa da, 4 illik sınaq müddəti 5 ilə yüksəldilib.

Rüşvətdə ittiham edilən keçmiş dekan Xaçmaz rayonunun icra başçısı Elnur Rzayevin qohumudur. Onlar dayıoğlu-bibioğludurlar.

İcra başçısının qardaşı Bayandur Rzayev də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisidir.

XS
SM
MD
LG