Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:54

Rusiyada varlı blogerlər vergidən yayınmada ittiham olunurlar


Yelena Blinovskaya
Yelena Blinovskaya

Rusiyalı bloger Yelena Blinovskaya aprelin 26-da Moskvada, VTB Arenada biznes forumda minlərlə sahibkar qarşısında çıxış edib, onları maddi cəhətdən uğur qazanmaq istəyirlərsə, pulun deyil, arzularının arxasınca getməyə cəsarətləndirib.

41-yaşlı dörd uşaq anası Rusiyanın ən məşhur motivasiya natiqlərindən biridir. Təlimlərdən, televiziya proqramlarından və qonaq kimi qatıldığı tədbirdlərdən ildə milyonlarla dollar qazanır. Ancaq blogerin sosial media səhfələrində sərgilədiyi var-dövləti və şöhrəti yalnız milyonlarla izləyicinin deyil, Rusiya vergi orqanlarının da diqqətini cəlb edib.

VTB Arenadakı təqdimatından bir gün sonra bloger Belarus sərhədini keçməyə çalışarkən, 900 milyon rubldan (11,3 milyon dollar) çox vergidən yayınmaqda şübhəli bilinərək, polis tərəfindən saxlanılıb. O, martdan bəri vergidən yayınmaqda ittiham edilən azı üçüncü məşhur rusiyalı blogerdir. Onlarla bloger barədə araşdırma aparıldığı bildirilir.

Blogerlərin artan sərvətinə illər boyu göz yuman Rusiya hakimiyyəti, görünür, indiki məqamda dövlət büdcəsini doldurmaq üçün onları hədəfə ala bilər.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin analitiki Mariya Sneqovaya AzadlıqRadiosuna bildirib: "Rusiya rəsmiləri büdcə kəsirləri ilə üzləşirlər, buna görə də vətəndaşlardan pul qoparmaq üçün bütün yollara əl atırlar. İlk növbədə də varlılardan".

Bu il Rusiyanın büdcə kəsiri, enerji qiymətlərinin aşağı düşməsi, korporativ gəlirlərin kəskin azalması və müharibə xərclərinin artmasıyla yüksək həddə çatıb. Hökumət fərqi aradan qaldırmaq üçün vergiləri artırmağı düşünür, lakin bu, onsuz da çətin vəziyyətdə olan iqtisadiyyatı daha da zəiflədə bilər.

Tanınmış blogerləri sıxışdırmaqla təkcə büdcəyə nağd pul gəlməyəcək. Prezident Vladimir Putin hökuməti həm də varlı və məşhur rusiyalılara mesaj vermiş oluir ki, onlar da ölkənin Ukraynada apardığı müharibəyə öz töhfələrini versinlər. Kreml bu müharivbəni Qərblə ölüm-dirim savaşı kimi təqdim edir.

Hökumət bloqerlərdən başqa, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başlatdığı səbəbsiz işğaldan sonra ölkədən qaçan vətəndaşların da izinə düşə bilər. Parlament xaricdə işləyən rusiyalıların gəlir vergisi dərəcəsini iki dəfədən çox, 13 faizdən 30 faizə qaldıran qanun layihəsi üzərində işləyir. Tammiqyaslı işğaldan sonra yüzminlərlə insan Rusiyanı tərk edib.


Azalan milyard dollarlıq şirkətlərin azalması...

COVID-19 vaxtı evlərə qapanma insanların sosial mediada daha çox vaxt keçirməsinə səbəb oldu. Bu da dünyanın bir çox bloqerlər üçün maddi nemət mənbəyinə çevrildi. Bloqerlər uğurlarını göstərməkdən ötrü sosial mediada tez-tez öz sərvətlərini nümayiş etdirməklə daha çox izləyici cəlb edirlər. Ancaq Rusiyanın hazırkı iqtisadi gərginlik dövründə bu, ziddiyyətli görünə bilər.

Mütəxəssislər deyir ki, bloqçuluq tarixən hər yerdə maliyyə cəhətdən qeyri-şəffaf olub və Rusiya da istisna deyil.

Blinovskaya kimi digər rusiyalı blogerlər də gəlirlərini bir neçə şirkət arasında bölüşdürməkdə günahlandırılır. Bu halda onların hər biri daha az vergi ödəyirr.

Rusiyada illik gəliri 188 milyon rubldan (2,4 milyon dollar) az sahibkarlar bölgədən asılı olaraq 1 faizdən 6 faizədək vergi ödəyirlər. Daha çox qazananlar daha yüksək vergi verirlər.

Rusiya illərdir ki, məlum sxemə göz yummuşdu, lakin indi Ukraynadakı müharibə və Qərbin sanksiyaları iqtisadiyyata zərbə vurub. Rusiya iqtisadiyyatı keçən il 2,1 faiz azalıb və bu il sadəcə müəyyən qədər artım əldə edə bilər.

Əvvəl önəmsiz sayılan məsələ...

Vergi məsələləri üzrə ixtisaslaşmış hüquqşünas Aleksey Fedyarov “Current Time”a bildirib ki, Rusiya hakimiyyəti əvvəllər 1 milyard rubldan aşağı vergidən yayınma işlərinə “önəmsiz bir şey" kimi baxırdı. Onun sözlərinə görə, indi 200-300 milyon rublun (2,5-3,8 milyon dollar) yayındırılması ilə bağlı işlər əhəmiyyətli hesab olunur.

Fedyarov deyib: "Müharibədən əvvəl [vergiləri] toplamaq üçün kimsə var idi. İndi biznes sahəsi daralıb və milyard dollarlıq şirkətlərin sayı getdikcə azalır".

Qərbin sanksiyaları avtomobil istehsalı və səyahət daxil olmaqla Rusiya iqtisadiyyatının bir çox sektorunu məhv edib.

Martda ölkənin iki ən böyük İnstagram ulduzuna qarşı vergidən yayınma ittihamı rusiyalı blogerlərə qarşı təzyiqlər haqda söhbətlərə yol açdı. İnstagram-da sağlam həyat tərzi ilə bağlı paylaşımlar edən və 10 milyondan çox izləyicisi olan Valeriya Çekalina həyat yoldaşı Artyom Çekalinlə birlikdə, 300 milyon rubl vergidən yayınmaqda ittiham olunub. Hakimiyyət onların əmlakını dondurub, Çekalinanın internetdən istifadəsinə müvəqqəti qadağa qoyub.

Navalnını dəstəkləmişdi

İnsanlara sosial mediada bizneslərini tanıtmağın və ya məhsulları satmağın yolunu öyrədən Aleksandra Mitroşina bir neçə gün sonra 120 milyon rubl (1,5 milyon dollar) vergidən yayınmaqda ittiham edilib.

Mitroşina həm də digər blogerlərlə müqayisədə daha çox aktivist olub. O, 2021-ci ilin yanvarında öz İnstagram səhifəsində, həbsdə olan müxalifətçi Aleksey Navalnıya dəstəyini ifadə edib. Rusiya hakimiyyətinin onu öldürməyə cəhd etdiyini və bu cəhdin uğursuz olduğunu, əvəzində isə onu həbs etmək üçün bəhanə axtardıqlarını yazıb.

Mitroşina Ukraynanın genişmiqyaslı işğalından sonra Dubaya qaçıb və müharibəyə qarşı fikirlərini bildirib. Buna görə Rusiyada həbs cəzası kəsirlər. O, siyasi mövqeyinə görə geri dönəcəyi halda həbs olunacağından qorxduğunu bildirib.

Blinovskaya, Çekalina və Mitroşina müharibədən dolayı keçən il Rusiyada qadağan olunmuş İnstagram-dan aktiv istifadə edir. Milyonlarla rusiyalı da VPN -dən yararlanaraq bu qadağanı pozur.

Moskvada yaşayan vəkil Aleksey Karabayev martda Çekalinanın həbsindən sonra rəsmi hökumət qəzeti, “Rossiiskaya qazeta”ya müsahibə verib. O deyib ki, bu məsələ blogerləri "pullarını gizlətdikləri yerdən çıxarmağa” və vergilərini ödəməyə təşviq etmək məqsədi daşıyır. Vəkilə görə hökumət bu ilin sonunda blogerlərin fəaliyyətini daha yaxşı tənzimləməyi, vergiyə cəlb etməyi hədəfləyən yeni qanun qəbul edəcək.

30 bloger

"Mash" Telegram kanalı aprelin 29-da xəbər verib ki, sosial şəbəkələrdə 1 milyondan çox izləyicisi olan ən azı 30 blogerin vergidən yayınma ehtimalı üzrə Rusiyada araşdırma başlanıb. Rusiya KİV-ləri mayın 2-də, bloger Oksana Samoylovaya məxsus iki şirkətin bank hesablarının vergi orqanları tərəfindən bloklandığını bildirib.

Bu tədbirlər büdcəyə müəyyən qədər bəhrəsini verməyə başlayıb. Blinovskayanın günahını etiraf etdiyi və vergi borcunu ödəməyə başladığı bildirilir. Mitroşina Rusiya mətbuatına açıqlamasında vergi borcunu ödədiyini deyib.

Amma bloger vergiləri Rusiyanın kəsirini çətin azaltsın. 2023-cü ilin ilk üç ayında Rusiyanın büdcə kəsiri 2,4 trilyon rubl (29,22 milyard dollar) təşkil edib.

XS
SM
MD
LG