Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Rusiya İrana 'Su-35' qırıcıları verməyi planlaşdırır


Suxoy Su-35 qırıcı təyyarələri
Suxoy Su-35 qırıcı təyyarələri

İran bu ilin martında Rusiyadan Su-35 qırıcıları almağa ümid edir.

Bunu İran Milli Məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Şəhriyar Heydəri deyib.

Təsnim xəbər agentliyi habelə Heydəriyə istinadla bildirir ki, Tehran Rusiyadan hava hücumundan müdafiə (HHM) sistemləri, raketlər və helikopterlər almağa hazırlaşır.

Bu da qeyd olunur ki, sözü gedən hərbi texnika və silahların İrana ən yaxın vaxtlarda gətiriləcəyi gözlənilir.

Xəbər verilir ki, qırıcıların bir hissəsi İsfahandakı taktiki aviasiya bazasında yerləşdiriləcək.

Rusiyanın Misirə sata bilmədiyi təyyarələr?

Rusiyadan qırıcı təyyarələrin alınması planları barədə hələ 2022-ci ilin sentyabrında İran hərbi hava qüvvələrinin komandanı, briqada generalı Həmid Vahedi söz açmışdı.

O vaxt media xəbərlərində deyilirdi ki, Rusiya İrana qırıcılar eskadriliyası verməyi planlaşdırır. Bir eskadronda adətən 12-dən 24-dək eynitipli təyyarə olur.

Söhbət böyük bir ehtimalla bundan əvvəl Misir üçün nəzərdə tutulmuş 24 ədəd Su-35 qırıcılarından gedirdi.

Xəbərlərdə deyilir ki, İran bunun müqabilində Rusiyaya Şahed-136 kamikadze dronlarının daha bir partiyasını göndərməlidir.

İran və Rusiya arasında hərbi əməkdaşlıq xüsusilə də Ukraynada müharibə başlanandan sonra fəallaşıb.

Ukrayna və Qərb kəşfiyyatları bildirirlər ki, Tehran Rusiyanı intiharçı dronlarla təchiz edir. Rusiya bu dronlardan Ukraynaya zərbələr endirilməsində istifadə edir.

Məlumata görə, İran istehsalı olan dronlarla Ukraynaya hücumlar 2022-ci ilin payızında başlayıb.

Dronlar və sanksiyalar

Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf edib. O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edib.

Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb

ABŞ, Avropa İttifaqı və Britaniya İranın dron istehsalı və təchizatı ilə bağlı şirkət və fərdlərə sanksiyalar qoyub.

Rusiyanın çoxfunksiyalı və idarə olunan vektor təkanlı Su-35 qırıcılarından 2014-cü ildən istifadə edilir.

Bu təyyarələrin faydalı döyüş yükü 8 tondur. Su-35 özünün 12 asqısında müxtəlif çaplı, idarə olunan və olunmayan göy-göy və ya göy-yer tipli raketlər və aviasiya mərmiləri daşıyır.

XS
SM
MD
LG